“İlham Əliyev bu hədəfinə də çatacaq!..” - Bəzi paytaxtlara Qarabağ ismarışı

  • 28 may 2022, 10:21

Ermənistandakı radikal-revanşistlərin “tarixin təkəri” ilə mənasız mübarizəsi davam edir. Onlar sadəlövhcəsinə ümid edirlər ki, əgər hakimiyyətə gəlsələr, 2020-ci il sentyabrın 27-nə olan status-kvo avtomatik bərpa olacaq, 10 noyabr (2020) kapitulyasiya aktı, eləcə də Nikol Paşinyanın imza atdığı bütün digər sənədlər, hansılar ki, onların nəzərincə, erməni milli maraqlarına ziddir, dərhal qüvvədən salınacaq.

Ancaq hələ də “göylərdə süzənlər” unudurlar ki, artıq bayırda bambaşqa və dəyişməz gerçəklik hökm sürür. Qarabağ da çoxdan öz əsl sahibinə, həm də həmişəlik qayıdıb. Bununla belə, radikallar son olaraq Brüsseldə əldə edilən üçtərəfli razılaşmanı da utanıb-eləmədən qeyri-legitim elan ediblər. Daha xəbərləri yoxdur ki, özünə az-çox hörmət edən dövlətlərə hakimiyyətin vərəsəliyi deyilən bir prinsip, ənənə xasdır. Bu prinsipi iqnor edən ölkəni dünyada heç kim ciddiyə almır, “izqoy” hesab edilər.
Əlbəttə ki, revanşist müxalifətin arzusu gözündə qalacaq. Əvvəla, ona görə ki, Ermənistan onsuz da dünyada saya sayılan dövlət deyil, baş tutmamış dövlətdir. Forpostdur. Forpostun isə özünün yox, yiyəsinin sözü həlledici sayılır. İkincisi isə mayasını köhnə xunta rejiminin tərəfdarları təşkil edən indiki erməni müxalifəti cəmiyyətdə geniş dəstəyə malik deyil. Hər halda onların “hansı yuvanın quşu” olduğunu hamıdan yaxşı elə ermənilər bilir.
Nəticə ortada: bunca hay-küyə, vay-şivənə rəğmən, opponentlər, “müharibə partiyası” əksər əhalini öz xəstə və irqçi tezislərinə inandıra, meydana 5-6 mindən artıq tərəfdar toplaya bilmir. Nədən ki, Rusiyaya bağlı bu qüvvələrin havası çoxdan çalınıb. Onların hakimiyyətə gəlişi yalnız bir yolla mümkün görünür - terror. Görək, buna iradələri çatacaqmı?
*****
Dəfələrlə yazdığımız kimi, sözsüz ki, Nikol Paşinyan da “süddən çıxmış ağ qaşıq” deyil. Necə deyərlər, “ilanın ağına da lənət, qarasına da” - bizim üçün böyük fərq eləməz. Amma bu “ağ ilan” - Paşinyan və  komandası hər necə olmasa, qeyri-real dünyada yaşayan müxalifətdən fərqli olaraq, bəzi reallıqları anlayır, pozitiv nəsə eləmək istəyir öz xalqı üçün. Hərçənd özünün daimi sülhə heç bir dəxli olmayan “çoxgedişli” oyunlarından da qalmır. Bir sıra məqamlarda hətta radikal qüvvələrlə mövqe ortaqlığı nümayiş etdirir.  
Kasprşik Paşinyanla Qarabağı müzakirə etdi
Məsələn, ATƏT sədrinin şəxsi nümayəndəsi Anji Kasprşik qısa fasilədən sonra, srağagün təzədən İrəvanda peyda olub, orada baş nazir Nikol Paşinyan və XİN başçısı Ararat Mirzəyanla “Dağlıq Qarabağ münaqişəsini”, “sərhədlər məsələsi”ni müzakirə edib. Halbuki bölgəmizdə ATƏT-lik artıq heç nə qalmayıb, onun Minsk Qrupunun “qatarı” da Kasprşiklə birgə gedib. İndi vasitəçilik edən ATƏT yox, Avropa İttifaqıdır. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişeldir. O zaman bu nə sabotajdır belə?
Yaxud eyni gündə ABŞ səfiri Lin Treysi ilə görüşündə Paşinyan müxalifət kimi “bəlkə də qaytardılar” məntiqi ilə yenə “Dağlıq Qarabağ konflikti”ndən danışıb, rəsmi Vaşinqtonu “bu məsələdə daha konkret mövqe ortaya qoymağa” çağırıb. Öz növbəsində erməni revanşist-radikalların çörəyi üzərinə yağ sürtməyi sevən Treysi bəyan edib ki, “Birləşmiş Ştatlar Ermənistanda demokratik islahatların həyata keçirilməsində, Dağlıq Qarabağ probleminin həllində və regional sabitliyin yaradılmasında İrəvana yardımı davam etdirəcək”.
*****
Prezident: "Qarabağ və Şərqi Zəngəzur Azərbaycandır!" - Bixeber.az
Aydındır ki, nə bu, nə də digər tərəfin belə açıqlamaları, eləcə də Kasprşikin qəfil İrəvanda görünməsi heç də bölgədə sülhə, sülh anlaşmasının tezləşməsinə xidmət eləmir. Çünki  Azərbaycan üçün “Dağlıq Qarabağ problemi” deyilən bir anlayış yoxdur, Qarabağ iqtisadi zonası var və bu qəbildən iddialar və bəyanatlar suveren bir dövlətin daxili işinə qarışmaq, ona təzyiq göstərmək cəhdidir. Gedən qatarın dalınca daş atmaq kimi mənasız məşğuliyyətdir.
Azərbaycanla güc dilində, təzyiq ritorikası ilə danışmaq zamanı isə keçib. Bununla yalnız əks-effektə, bumeranq təsirə nail olmaq olar. Daha bir səbəbə: Azərbaycan heç də tək deyil. Yanında qardaş Türkiyə kimi möhtəşəm müttəfiqi var. Şuşa Bəyannaməsi var. Bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın Bakıya başlayan növbəti səfəri ilə, şübhəsiz, hər cür qəlibdən olan bədxahlarıməz, qeyri-dost və məkrli çevrələr bir daha iki qardaşın aydın xəbərdarlıq mesajlarını alacaqlar.  
Odur ki, anti-Türk xislətli xarici güclər yeni geosiyasi gerçəyi özləri anlamaqla yanaşı, bunu maşa kimi istifadə elədikləri Ermənistana da anlatsalar, yaxşı olar. Həm də tez. Çünki zaman erməni xalqına, izolyasiyada qalan Ermənistana işləmir. Onsuz da Azərbaycan Qarabağla bağlı yerdə qalan işlərini də uğurla yekunlaşdıracaq. Buna mane olanlar isə yalnız özləri itirəcəklər...     
*****
Prezident İlham Əliyev: Bu gün qarşımızda ərazilərin minalardan  təmizlənməsi və yenidənqurma ilə bağlı böyük çağırış dayanır
“İlham Əliyev qarşıya məqsəd qoyub və ona nail olacaq, o, sakitcə qoyduğu məqsədlərinə doğru irəliləyir”.
Bu sözləri Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov deyib.
“Artıq heç kimdə bir şübhə yoxdur ki, bütün Qarabağ son nəticədə Azərbaycanın tam legitim suverenliyinə qayıdacaq. Bunun üçün Azərbaycanın nəhəng diplomatik resursları və güclü ordusu var”, - deyə o, qeyd edib.
Politoloqun qənaətincə, Brüssel danışıqlarında da Azərbaycan məhz güclü mövqedən çıxış edib. “Biz bunu əvvəllər də görmüşük. Yəni İrəvan orada rəsmi Bakının xoşuna gəlməyən heç bir təxribatçı bəyanatlara yer vermədi”, - deyə o əlavə edib.
Başqa cür mümkün də deyil. Çünki bölgədə şərtləri Bakı diktə edir...
Siyasət şöbəsi,
“Yeni Müsavat”
Oxşar xəbərlər