Xəbər lenti
Bütün xəbərlər

“Şuşaya niyə raket atmadıq” sualına BİR CAVAB

  • 25 may 2020, 09:00

Dövlətdəki “raket atmaq” səlahiyyətini çayçıda oturub “qan-qan” deyən fəhləyə də, kondisionerli maşınında yayxanıb “müharibə yeganə yoldur” deyənə də həvalə etsən, tezliklə başa düşəcək ki...

Ötən həftənin ən ciddi hadisəsi Bakıdan 404 kilometr uzaqlıqda-Şuşada baş verdi. Mövzuya çox emosional yanaşmalar da oldu ki, bu da təbiidir.
Mayın 21-də Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə Dağlıq Qarabağın yeni seçilən “prezidenti” Araik Aratunyunanın “andiçmə mərasimi”nin keçirilməsi yenidən Şuşa yarasının üstünə duz basdı. Emosiyalar yenə coşdu, yenə müharibə çağırışları daha ucadan səslənməyə başladı, “Şuşaya barı bir raket atmaq” qəzəbi ilə boğulanlar oldu.
Həftəyə bu “raket atmaq” məsələsi damğa vurdu həm də. Bunun “niyə”sini əlbəttə ki, dövlətdən soruşmaq sadəlövlük olar, amma Şuşa elə bir həssas nöqtədir ki...hamının emosiyasını da, canının yanğısını da başa düşmək olar. İkincisi, əvvəl “ordumuz bunu edə bilməz” kimi pessimist düşüncələrin indi “raketli hücum tələbi” ilə əvəz olunması diqqət yetiriləcək məqamdır...

Ermənilərin siyasi tamaşanı bu dəfə məhz Şuşada oynamalarının səbəbləri sırasında onların narahatlığı da var. Xüsusilə erməni cəmiyyətinin özündə bu münaqişə ilə bağlı çoxsaylı suallar var. Biz indilikdə itirən tərəfik, amma ermənilər də qalib deyil axı. Bu itirmək hiss daima məğlubiyyətlə barışmayacağımıza çağırışdır, ermənilərin isə nə qalib görkəmi, nə rahatlığı var. Bilirəm, bu, canımızı yandıran o “andiçmədən” sonra yersiz təskinlik kimi də görünə bilər. Amma guya qələbə qazanmış, “respublika qurmuş” sadə qarabağlı erməninin bu teatrda yeri nədir? Bu “andiçmə” ona işğal olunmuş torpaqda yaşamaq, yad ellərdə uşaq böyütmək üçün təminatdırmı? Siyasətçilərin bu məsələdə “uduşu” aydındır: özünü “andiçməyə” çatdıran Paşinyanın öz çıxarı, yeni “prezidentin” öz hədəfləri var. Amma o kökü olmayan “respublika”da nə Paşinyan yaşayasıdır, nə bir az ağlı olan erməni. Ermənistan məhz bu psixoloji gərginliyi aşmaq, heç bir ölkənin tanımadığı seçkidəki “qələbəni” Şuşada gözə soxmaq istədi. Xankəndidə keçirilən “andiçmələr” artıq erməni cəmiyyətinə qələbə eyforiyası effekti vermir.
Ermənilərin nə məqsədlə etməsinə baxmayaraq, Şuşa “andiçməsi” bizə də mesajdır. Bu mesajı ilk olaraq cəmiyyət aldı və reaksiya verdi.
 

Heç şübhəsiz, hakimiyyət də 21 may teatrından mesajını bir daha aldı, təhlil etdi, diplomatik üslübunu da, dünyadakı reaksiyanı da, ordusunun gücünü də bir daha götür-qoy etdi...

Yeni deputatlardan biri “cəmiyyət müharibəyə hazır deyil” söyləyib və geniş izahat da verib. “Cəmiyyəti müharibəyə hazırlamaq hakimiyyətin məsuliyyətidir” deyə, fikir də bildirib. Razılaşmaq da olar, amma müharibəyə cəmiyyətləri klassik mənada hazırlamaq, küçələrə “Za Rodina” yapışdırmaq dövrü də, elə dünya da artıq keçmişdir. Cəmiyyətin böyük əksəriyyəti Qarabağ məsələsində barışmaz mövqedədir və hər hansı bir qüvvə onu təslimçiliklə, torpaq itkisi ilə razılaşmağa məcbur edə bilməz. Bu, 10 il əvvəl də belə idi, indi də. Qarabağsız Azərbaycanda çox şey dəyişib, dəyişə bilər. Amma cəmiyyətin Qarabağsız Azərbaycan haqda rəyi dəyişməyib: “Qarabağsız Azərbaycan yoxdur!” Prezident İlham Əliyevin “Azərbaycan Qarabağdır. Nida!” deməsi cəmiyyətin əhval-ruhiyyəsinin bir cümlə ilə ifadəsi deyilmi?
Heç şübhəsiz, hakimiyyət də 21 may teatrından mesajını bir daha aldı, təhlil etdi, diplomatik üslubunu da, dünyadakı reaksiyaları da, ordusunun gücünü də bir daha götür-qoy etdi.
Azərbaycan cəmiyyətinin əhval-ruhiyyəsində Qarabağ məsələsində açığı, indiki reallığa söykənməyən çağırışlar da var. Sirr deyil ki, təkcə bizim Şuşaya yox, düşmənin məskunlaşdığı Ermənistana da raket atmağa silahımız var. Amma dövlət bizim düşündüyümüz kimi emosiyalarla idarə olunmur, olunmaz. Dövlətdəki o “raket atmaq” səlahiyyətini çayçıda oturub “qan-qan” deyən fəhləyə də, kondisionerli maşınında yayxanıb “müharibə yeganə yoldur” deyənə də həvalə etsən, başa düşəcək ki: 1)dövlət vətəndaşın dövləti olsa da, hər yerdə onun kimi düşünmür, 2)onun kimi dost-düşmən seçmir, 3)onun kimi oturub-durmur, 4) onun kimi hədə dilini diöplomatik üslubuna gətirmir, 5) onun kimi “raketlə vurub-dağıdaram” demir...
Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenskinin hakimiyyətə gəlməsinin bir illiyi tamam oldu. Bununla bağlı geniş mətbuat konfransında Zelenskinin vədləri ona xatırlandı. Digərlərin kənara qoyuram, bizə dəxli yoxdur. Amma əsas suallar həm də itirilmiş torpaqlar barədə oldu. 1 il az müddətdir, amma Zelenski vəd veribmiş ki, ən azı Donbasda sülhə nail olacaq və sairə... "Ortada heç nə yoxdur" deyirlər, tənqid edirlər, sorğulayırlar, Rusiya televiziyaları daha sərt, hətta bəzən aşığılayıcı üslub seçir. Zelenski 1 il əvvəl yəqin elə bilirdi ki, bəli, gəlib Donbasa raket atmaqla münaqişəni həll edə, iki qondarma “respublikanı” Kiyevin nəzarətinə qaytara biləcək. Zelenski hakimiyyətə təkcə xalqın deyil, həm də Qərbin ciddi dəstəyi ilə gəlib. “Qərb bizim kürəyimizin arxasında dayanmır, ona görə Qarabağı qaytarmaq çətindir” düşünənlərimiz də az deyil. Amma Qərbin dəstəyi belə Kiyevə bir qarış torpağını geri qaytarmağa yetmir. Əksinə, belə görünür ki, son bir ildə Qərb hətta Krım məsələsində də prinsipiallığı artıq ikinci plana keçirməkdədir. Bəli, onu da yada salaq ki, Qərb Kiyev separatçıları cəzalandıranda da-qondarma qurumun başçılarının altına bomba qoyanda özünü görməzə vurur...

İndi gəldik, zurnanın son dəliyinə-ermənilərin arxasında duranlara. Bunu bilməyən yoxdur- Ukraynada da, Gürcüstanda da, Azərbaycanda da işğal olunmuş torpaqlarda separatçı rejimlərin bağlandığı bir mərkəz var: Kreml. Biz Kremllə, orada oturanlarla da dövlət olaraq yaxşı münasibətdəyik. Vətəndaş olaraq da, ruslar bizim içərimizdə, biz orada ruslarla iç-içəyik.
Şuşadan yazanların hamısının ağrısını onlar qədər anlayıram, amma dövlətin səbrini də, davranışını da başa düşməliyik. Hay-küyçülükdən bir şey əldə etmək olmaz. Bunun acısını çox gördük. Etiraf edək ki, bu torpaq məsələsi Məmmədyarovun yumşaq üzü və ya Qarabağın Azərbaycan İcmasının ard-arda düzdüyü bəyanatlara bağlı məsələ deyil axı..Bu artıq iki dövlət(Ermənistan-Azərbaycan), aradakı dövlət(Rusiya) məsələsi də deyil deyəsən... Bu, dövlətlər məsələsidir.
Şuşa ermənilərin orada gəzib gözdən salmağına baxmayın, göründüyü kimi adi şəhər deyil. “Bir raket” atılacaq, asan geri alınacaq şəhər heç deyil...
Nazim SABİROĞLU
Oxşar xəbərlər