MSK seçki hazırlıqlarına başladı; seçici siyahılarını dəqiqləşdirir

  • 07 fev 2019, 09:22

Seçki Məcəlləsinin tələbinə əsasən 2019-cu il yanvar ayının əvvəllərindən etibarən ölkə üzrə seçicilər siyahısının dəqiqləşdirilməsinə start verilib. Bu barədə "Yeni Müsavat”a Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib. Məlumatda deyilir ki, siyahıların yüksək səviyyədə dəqiqləşdirilməsi üçün bu geniş miqyaslı işə respublikadakı bütün aşağı seçki komissiyalarının otuz mindən artıq üzvü cəlb olunub və dəqiqləşdirmə prosesində həm DİN və Ədliyyə Nazirliyinin müvafiq orqanları, həm də yerli icra strukturları və bələdiyyə qurumları ilə sıx əməkdaşlıq edilir.

Qanunvericiliyə uyğun olaraq, vahid seçicilər siyahısının tərtib edilməsi ilkin olaraq məntəqə seçki komissiyaları tərəfindən aparılıb. Məntəqə seçki komissiyalarının üzvləri yerli icra orqanları və bələdiyyə qurumları tərəfindən təqdim edilən məlumatlar əsasında öz məntəqələrinin seçicilər siyahısını dəqiqləşdirərək, məntəqələr üzrə tərtib olunan seçici siyahılarını fevralın 5-dək müvafiq dairə seçki komissiyalarına təqdim ediblər.

Bundan sonra dairə seçki komissiyaları seçici siyahılarını yoxlayaraq əlaqədar qurumlardan daxil olan məlumat və statistik göstəricilərlə bir daha təhlil etməli və öz hüdudları daxilində müvafiq seçki dairələri üzrə ilkin seçici siyahılarını dəqiqləşdirərək aprelin 5-dək MSK-ya təqdim etməlidirlər.

MSK da öz növbəsində vahid seçicilər siyahısının ölkə üzrə tərtib edilməsini həyata keçirəcək. Xəbərdə bildirilir ki, bu prosesə ən geci may ayının sonuna qədər yekun vurulması və ölkə üzrə yenidən tərtib olunan vahid seçicilər siyahısının MSK-nın rəsmi internet səhifəsində yerləşdirilərək ictimailəşdirilməsi nəzərdə tutulur.

MSK-dan onu da bildiriblər ki, hər hansı bir səbəbdən adlarını seçici siyahılarında tapmayan vətəndaşlar qurumun 115 nömrəli qaynar xəttinə zəng vura və ya komissiyanın internet səhifəsində olan onlayn ərizə formasını doldurmaqla müraciət edə bilərlər.

Qeyd edək ki, 2019-cu il dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Seçici siyahılarının bələdiyyə seçkilərinə hazırlıq üçün aparıldığı məlumdur.

Eyni zamanda son zamanlar yayılan və hələlik rəsmi təsdiqlənməyən məlumatlarda bu il növbədənkənar parlament seçkilərinin də keçiriləcəyi bildirilir.

Oxşar xəbərlər