Milli Şuranın hakimiyyətə “pas”ı alındı

  • 06 okt 2017, 08:45

Elçin Mirzəbəyli: "Hökumət belə aksiyalardan istifadə etməyi bacarır”

Milli Şuranın keçirdiyi 23 sentyabr mitinqi və təyin etdiyi 7 oktyabr mitinqi ətrafında gedən müzakirələr səngimək bilmir. Mitinqin ən çox ölkə iqtidarına, yoxsa müxalifətinə sərf etdiyi barədə mövqelər birmənalı deyil.

Prezident İlham Əliyevin oktyabrın 4-də Avropa İttifaqının Brüsseldə akkreditə olunmuş səfirlərinin daxil olduğu Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin nümayəndə heyəti ilə görüşündə müxalifətin mitinqi barədə dediyi fikirlər geniş rezonans doğurdu. Müxalifət barədə nadir hallarda danışan ölkə başçısının son dediklərindən sonra aksiyanın hökumətə lazım olması barədə gedən müzakirələr daha da artdı.

Dövlət başçısı dedi ki, müxalifət müntəzəm surətdə mitinqlərini keçirir: "Həmin mitinqlərdə min nəfərə yaxın insanın iştirakı isə digər bir məsələdir. Bunlar əsasən partiyaların üzvləri və onların qohumlarıdır. Yəni bu mitinqlər normal, adi vətəndaşları cəlb etmir və burada bizim günahımız yoxdur”.

Çoxları aksiyanı hakimiyyət üçün daha sərfəli hesab edir. Arqument kimi də son zamanlar Qərbdən gələn təzyiqlər göstərilir. Qeyd olunur ki, əslində hökumət bu aksiyalara icazə verməklə, şəhərin mərkəzində yer ayırmaqla, maneçilik törətməməklə ən çox təzyiqlərə məruz qaldığı demokratiya, insan haqları ilə bağlı məsələlərdə Qərbə göstərmək istəyir ki, bunların hər biri Azərbaycanda var, yəni sizlərin bu yöndəki təzyiqləri doğru deyil.

Politoloq Elçin Mirzəbəyli Milli Şuranın mitinqlərinin əsl səbəblərini açıqladı: "Sərbəst toplaşmaq azadlığı fundamental hüquqlardan biridir və Azərbaycanda müvafiq qanunvericilik vətəndaşların bu istiqamətdə öz hüquqlarından istifadə etmək üçün heç bir maneə yoxdur. Millət vəkili Qüdrət Həsənquliyevin Milli Şuranın aksiyasının ”iqtidara son dərəcə lazım olduğu" barədə fikirlərində konkret zaman kəsiyi və konkret aksiya nəzərdə tutulurdu. Həmin dövrdə Azərbaycana qarşı kampaniya aparan qüvvələr ölkədə fundamental hüquqların həyata keçirilməsində ciddi problemlərin olduğunu iddia edirdilər. Bu kampaniyanın ən qabarıq vaxtında Milli Şura mitinq təyin etdi, bu mitinqdə iqtidara qarşı ən ağlasığmaz ittihamlar səsləndirdi, ağıllarına və ağızlarına nə gəldi deyən bu insanlara isə gözün üstə qaşın var deyən olmadı. Aksiya isə həm də radikal qrupların ictimai dəstəyə malik olmadığını nümayiş etdirdi. Bu fiaskodan sonra yenidən aksiya keçirməyə cəhd göstərmənin isə bir neçə səbəbi ola bilər: 1. Milli Şura növbəti uğursuzluqdan sonra yenidən aksiya keçirməklə "iqtidara lazım olduğu məqamda aksiya keçirmədiyini” sübuta yetirmək istəyir. 2. Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin normal məcraya düşdüyünü narahatlıqla qarşılayan qüvvələr, o cümlədən ermənipərəst dairələr belə bir aksiyanın keçirilməsi sifarişini veriblər və çox güman ki, aksiya çərçivəsində müəyyən təxribatlar törətməklə ölkəmizə qarşı kampaniyanı davam etdirmək üçün arqument əldə etmək istəyirlər. Bu amil Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində proseslərin intensivləşə biləcəyi ehtimalı ilə də bağlı ola bilər. Yəni Ermənistana qarşı sanksiyaların tətbiqinin zəruriliyi faktı ilə qarşı-qarşıya qalan qüvvələr prosesi ləngitmək üçün Milli Şuranın "xidmətindən” yararlana bilərlər. 3. Milli Şura ölkəmizə qarşı qarayaxma kampaniyasının davam etdiyi bir zamanda yenidən aksiya keçirməyə cəhd göstərməklə hansısa korporativ maraqlar əsasında öz xidmətini davam etdirir. Onu da qeyd edim ki, Milli Şurada təmsil olunan şəxslərin siyasi təcrübəsi nəzərə alınarsa, bu 3 missiyanın eyni zamanda da həyata keçirilməsi mümkündür".

Politoloq istənilən hakimiyyətin bu cür hadisələrdən istifadə etdiyini qeyd etdi: "Daha öncə də qeyd etdiyim kimi, artıq xeyli müddətdir ki, Azərbaycanda kütləvi aksiyaların keçirilməsi üçün məkanlar müəyyənləşdirilib və ölkənin siyasi spektrinin ən müxtəlif tərəflərində təmsil olunan qüvvələr bu məkanlarda aksiya keçiriblər. Axı Milli Şura ilk dəfə deyil ki, ”Məhsul stadionu"nda aksiya keçirir. Digər tərəfdən, istənilən siyasi hakimiyyət hər hansı hadisədən həm də öz təbliğatı üçün əlavə arqumentlər qazanmağa çalışır. Bu, dünyanın hər yerində belədir. Əgər Milli Şura və ya hər hansı bir qurum bunun üçün əsas verirsə, bu, onların problemidir. Prezident öz çıxışında bir neçə istiqamətə diqqət çəkdi. Qeyd etdi ki, Azərbaycanda əhalinin 70 faizindən çoxu internet istifadəçisidir, ölkədə mətbuat azadlığının məhdudlaşdırılmasından söhbət belə gedə bilməz. Dövlət başçısı bu kontekstdən Azərbaycanda vətəndaşların sərbəst toplaşmaq hüququnun qorunması ilə bağlı da nümunə gətirdi. Yəni faktları dilə gətirdi və Azərbaycana qarşı aparılan kampaniyaların tamamilə əsassız olduğunu bir daha sübuta yetirdi. Əgər iqtidar ona qarşı irəli sürülən iddiaların qarşısında kifayət qədər arqumentli görünürsə, bu onun uğurudur. Deməli, hökumət kimlərinsə onun əleyhinə istifadə etmək istədiyi aksiyalardan belə arqumentlərini möhkəmləndirmək üçün istifadə etməyi bacarır. Bu proses necə istiqamətləndirlir, Milli Şura adlanan prinsipsiz, ideyasız, milli hədəfləri olmayan siyasi qrup hansı maraqlar çərçivəsində yönləndirilir və s., düşünürəm ki, bu, məsələnin texnologiya tərəfidir".

Cavanşir ABBASLI

Oxşar xəbərlər