Keçmiş hərbçi İlham Əliyevdən kömək istəyir
Gəncə şəhəri poçt qəsəbəsi, bina51 mənzil 50-də yaşayan vətəndaş
Atakişiyev Rafiq Yusif oğlu tərəfindən Ali baş komandan cənab İlham Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin
rəisi cənab Mədət Quliyevə, Müdafiə naziri cənab Zakir Həsənova şikayət ərizəsi
ünvanlanıb. Vətəndaşın müraciətindən məlum olur ki, şikayətçi məlum Dağlıq
Qarabağ münaqişəsində erməni qəsbkarlarına qarşı vuruşan hərbçilərdən olub.
Demokratik.Az-a müraciətini nəzərə alaraq vətəndaş Atakişiyev Rafiq Yusif oğlunun
ərizəsini şərhsiz diqqətinizə çatdırırıq:
"Möhtərəm cənab president! Hörmətli rəhbərlər!
"Nəzərinizə çatdırıram ki, 1988-ci ildən etibarən Dağlıq Qarabağda baş qaldıran erməni separatizminə qarşı döyüşən, ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirən soydaşlarımızdan biri kimi sizlərə müraciət etmək məcburiyyətində qaldım. Sizə bu müraciəti etməklə inanıram ki, həyatımda qürurla andığım, şərəf duyduğum, Dağlıq Qarabağdakı hərbi xidmətim dövründə itib-batmış, Müdafiə Nazirliyinin Arxivində nədənsə rast gəlinməyən real faktlar və hadisələr öz rəsmi təsdiqini tapacaqdır.
Məlum Qarabağ
münaqişəsi başlayanda mən də digər vətənsevər könüllülər kimi özünümüdafiə
batalyonlarında ermənilərə qarşı mübarizəyə qoşulmuşam.1989-1995-ci illərdə DQ
uğrunda gedən döyüşlərdə fəal iştirak etmişəm. Tağım komandiri vəzifəsinə,
gizir rütbəsinə qədər yüksəlmişəm. Hadisələrin ilk vaxtlarında Azərbaycanın ilk
şəhidləri olmuş mərhum Bəxtiyarla, Abbasqulu ilə, Rüzigar Qasımovla birlikdə
Xanlar rayonunun (indiki Göygöl) "Çaykənd” əməliyyatlarında iştirak etmişəm. Həmin
illərdə pərakəndə olan özünümüdafiə silahlı bölmələrinin tərkibində Şuşada,
Ağdamda, Ağdərədə gedən qızğın döyüşlərin də bilavasitə iştirakçısı olmuşam.
Müxtəlif vaxtlarda 002 saylı-123 saylı HH-də könüllülər batalyonunda, 709 saylı
HH-də, general Nəciməddin Sadıqovun o zaman komandiri olduğu 703 saylı HH-də,
polkovnik Səlimovun komandiri olduğu 701 saylı HH-də və nəhayət də Beyləqanda
181 saylı HH-də xidmət keçmişəm. 1992-ci ilin martın 12-də Şuşanın Qaşaltı əməliyyatlarında
və Şuşanın Kosalar kəndində ermənilərə qarşı vuruşmuşam. Beyləqan ərazisi üzrə
Dranbon- Çıldıran döyüşlərinə şahidlik etmişəm. Ağdamın Şişqaya yüksəkliyində,
Ağdərənin Sırxavəndi uğrunda gedən qanlı döyüşləri də yaxşı xatırlayıram. Qeyd
etdiyim bu faktlar barədə əlimdə yetərli dəlillərim də var. Onlarla döyüşçü
yoldaşlarım, komandirlərim dediklərimi sübut edə, şahidlik edə bilərlər. Təəssüf
ki, Müdafiə Nazirliyinin arxivində mənim döyüş yolum barədə zəruri qeydiyyatlar
aparılmamışdır. Bu səbəbdən dəfələrlə müraciətimə baxmayaraq, MN arxivi mənə mənfi
arayışlar təqdim etmişdir. Dəhşətlisi odur ki, arxiv arayışına əsasən, hərbi
biletimdə təsdiqini tapan 181 saylı HH-nin 28 fevral 1995- ci il tarixli təxrisedilmə
əmri barədə də məlumat yoxdur. Mənə həmin illərdə hərbi bilet verən (1992-ci
ildə), məni könüllü hərbi xidmətə yola salan Gəncə ş, Kəpəz HK-da isə şəxsi işim
yoxa çıxıb.”Tapılmır”. Mən gizir olduğum halda, komissarlıq məni əsgər rütbəsində
"görür”. Hazırki Hərbi Kommisar işinin öhdəsindən gəlmir, müraciətlərimə laqeyd
yanaşır.
Möhtərəm cənab Ali Baş Komandan!
Ümidsizliyə və mənəvi
sarsıntıya düçar olmuşam. Axı necə ola bilər ki, mənim barəmdə MN arxivində və
Kəpəz Hərbi Komissarlığında vacib məlumatlar yoxdur? Mənim artıq 61 yaşım var.
Bu yaşımda Dağlıq Qrabağda iştirakımı, döyüş anlarımı olmamış kimi necə düşünə
bilərəm? Xoşbəxtlikdən 19.03.1998-ci ildə Gəncə Kəpəz HK tərəfindən veteran vəsiqəsi
almışam. Lakin indiyədək qanunla müharibə veteranlarına nəzərdə tutulan
imtiyazlardan istifadə etməmişəm. Hazırda aldığım əlillik pensiyası isə hesab
edirəm ki, mənim vətən torpağı uğrunda xidmətlərimə kölgə salır. Çünki, mən hərbi
pensiya almalı idim, amma kimlərinsə günahı ucbatından halal haqqımdan məhrum
olmuşam.
Yuxarıda qeyd olunanları nəzərə alaraq ;
1.Göstərilən faktların dərindən araşdırılması və rəsmi təsdiqi üçün müvafiq hərbi komissiyaya (icra orqanına) göstəriş verməyinizi,
2. 1989-1995-ci illərdəki hərbi xidmətim əsasında DSMF tərəfindən mənə hərbi pensiyanın təyin olunmasına, aldığım pensiya məbləğinin daha dəqiq həsablanmasına göstəriş verməyinizi
-Ali Baş Komandan olaraq sizlərdən xahiş edirəm.
Əvvəlcədən təşəkkürümü bildirirəm!
Hörmətlə; Atakişiyev Rafiq Yusif oğlu (15.12.2016)
Demokratik.Az
