«Azərsığorta» şirkəti 800 qətnaməni icra etmir

  • 18 mart 2016, 08:40

Konstitusiya Məhkəməsi problemin həllini Milli Məclisə həvalə edib, parlamentdən isə xəbər yoxdur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən hərbi əməliyyatlar zamanı hərbi xidmət vəzifəsini yerinə yetirərkən 16 mart 1994-cü ildə həlak olan Babayev Mahmud İbrahim oğlunun həyat yoldaşı, onun vərəsəsi Adıgözəlova Sevda Yusif qızının iddiası əsasında Binəqədi Rayon Məhkəməsində cavabdeh Dövlət Sığorta Kommersiya Şirkətinə ("Azərsığorta"ya) qarşı "icbari sığorta ödənişinin verilməsi" tələbinə dair iddiası üzrə mülki işə baxılıb.

Şikayətçi məhkəmədən öncə "Azərsığorta"ya müraciət edib, lakin sığortaçı sığorta hadisəsi günündən üç il keçdiyi"ni əsas gətirərək ödənişi verməkdən imtina edib. Odur ki, vərəsə sığorta ödənişini almaq üçün məhkəməyə müraciət etməli olub.

Məhkəmə 30 iyun 2014-cü il tarixdə çıxardığı qətnamə ilə iddiaçının tələbini təmin edib. Amma problem həll olunmayıb. 

Bu mövzuda olan məhkəmə qətnamələrini araşdırarkən məlum oldu ki, bəzi qətnamələr icra olunub. Mübahisələr oxşar və iddiaların əsaslandırılması üçün istinad olunan müddəalar eyni olsa da, "Azərsığorta" S.Adıgözəlovanın lehinə çıxarılan qətnaməni icra etmir. 

İcra olunan məhkəmə qətnamələrinə diqqət edək: Binəqədi rayon Məhkəməsində iddiaçı Məmmədova Aybəniz Büynami qızı "Azərsığorta"ya, maraqlı şəxs Müdafiə Nazirliyinə qarşı "Hərbi xidmət zamanı həlak olmuş hərbi qulluqçu Məmmədov Anar Fazil oğlunun "Hərbi qulluqçuların statusu haqqında" qanunun 27-ci maddəsinin tələblərinə əsasən hərbi xidmətə çağırıldığı gündən dövlət tərəfindən məcburi qaydada sığorta olunması faktının təsdiq olunması və qanunda nəzərdə tutulmuş sığorta məbləğinin ödənilməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə baxılıb.
İddiada bildirilir ki, 1993-cü ildə hərbi xidmətə çağırılan, 1994-cü ildə Müdafiə Nazirliyinin tabeliyində olan "N" saylı hərbi hissədə hərbi xidmət zamanı itkin düşmüş və Oğuz rayon Məhkəməsi tərəfindən 20 mart 2010-cu il tarixdə ölmüş elan edilmiş hərbçi Anar Məmmədovun anası Aybəniz Məmmədovaya qanuna müvafiq sürətdə sığorta pulunun ödənilməsi vəzifəsinin Dövlət Sığorta Kommersiya Şirkətinin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş edib.  Məhkəmə 23 dekabr 2011-ci il tarixdə sığorta məbləğinin ödənilməsi tələbinin lehinə qətnamə çıxardıb. "Azərsığorta" qətnaməni icra edərək sığorta olunan A.Məmmədovun sığorta ödənişini vərəsəsinin hesabına ödəyib. 

Binəqədi rayon Məhkəməsində iddiaçı Abdullayev Cavanşir Hüseyn oğlu "Azərsığorta"ya qarşı "sığorta məbləğinin ödənilməsi" tələbinə dair iddia üzrə mülki işə baxılıb. 

İddiaçı bildirir ki, 08.05.1983-cü ildə doğulmuş oğlu Abdullayev Həsən Cavanşir oğlu 2001-ci ildə hərbi xidmətə çağırılıb, 2002-ci ildə Şahbuz rayonunun Batabat döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən keçirdiyi avtoqəza nəticəsində həlak olub. Bunu nəzərə alıb 11 000 manat sığorta məbləğinin ödənilməsi vəzifəsinin cavabdeh üzərinə qoyulması barədə qətnamə çıxarmağını xahiş edib.

Məhkəmə 17 dekabr 2014-cü il tarixdə çıxardığı qətnamə ilə iddiaçının tələbini təmin edib və "Azərsığorta" qətnaməni icra edib.

Hərbi qulluqçuların sığortasını nizamlayan qanun

Azərbaycanın təhlükəsizlik və müdafiə sektorunda sosial məsələlər "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanunla tənzimlənir. Bu qanun hərbi qulluqçuların sosial müdafiəsini gücləndirmək məqsədilə onların həyatının və səhhətinin dövlət icbari şəxsi sığortası qaydalarını və şərtlərini müəyyən edir.

Bu qanuna görə, dünyasını dəyişən hərbi qulluqçuların ailə üzvlərinə (vərəsəlik hüququna malik şəxslərə) 11 min manat (100 faiz) sığorta ödənişi edilir. Nazirlər Kabinetinin qərarı ilə sığorta məbləğinin və haqqının miqdarı artırıla bilər. Hərbi qulluqçuların sığortaçısı Dövlət Sığorta Kommersiya Şirkətidir ("Azərsığorta"). 

Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası məqsədi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır.

Sığorta ödənişlərinin alınması üçün sığorta olunan, yaxud onun vərəsələri dövlət sığorta orqanına müəyyən olunmuş formada ərizəsini, şəxsiyyətini təsdiq edən sənədi, sığorta olunanın ölümü haqqında şəhadətnaməsinin surəti, vərəsəlik hüququnu təsdiq edən sənəd tələb olunur.
Sığorta olunan və ya onun vərəsələrinin sığorta ödənişinin alınması üçün sığorta hadisəsi günündən üç il keçənədək sığorta orqanlarına müraciət etmək hüququ var. Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası ilə əlaqədar mübahisələrə məhkəmə qaydasında baxılır.

Adıçəkilən iddiaçıların hər birinin hüquqi müdafiəsində iştirak edən hüquqşünas Dadaş Quliyev bildirdi ki, iddiaçılar Aybəniz Məmmədovanın oğlu və Sevda Adıgözəlova həyat yoldaşı hərbi qulluqçuların sığortalanması və onun ödənilməsi qaydasını tənzimləyən "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanun qəbul olunmamışdan əvvəl (20 may 1997-ci ildən əvvəl) həlak olublar (şəxsin həlak olması, sığorta hadisəsinin baş verməsi deməkdir): "Amma Abdullayev Cavanşirin oğlu isə 2002-ci ildə həlak olub. 2013-cü ilin iyul ayından Konstitusiya Məhkəməsinin "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanununun bəzi müddəalarının şərh olunmasına dair 28 yanvar 2014-cü il tarixli qərarından sonra sığorta ödənişi ilə bağlı qətnamələri icra etməli olan orqan "Azərsığorta" şirkəti 800-dən artıq məhkəmə qətnaməsini icra etmir. Səbəb kimi onu gətirir ki, Konstitusiya Məhkəməsinin qərarında qeyd olunub ki, Konstitusiyanın 12, 16 və 25-ci maddələrinin tələblərinə uyğun olaraq "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" 20 may 1997-ci il tarixli Qanun qüvvəyə minənədək həlak olmuş, itkin düşmüş, xəsarət almış, lakin hal-hazıra qədər sığorta məbləğini almamış hərbi qulluqçulara qanunvericilikdə nəzərdə tutulmuş sığorta məbləği ödənilməlidir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 16-cı bəndinə əsasən bu məbləğin ödənilməsi qaydasının və şərtlərinin qısa müddətdə müəyyən edilməsi Milli Məclisə tövsiyə edilsin. Bundan sonra məlum qətnamələr icra olunacaq. Nəzərə alsaq ki, məhkəmə qərarı dövlətin adından çıxarılır və həmin qərarları icra etmək dövlətin vəzifəsidir. Məhkəmə qərarlarının icra olunmaması ilə şəhid ailələrinin ali qanunumuz olan Konstitusiya ilə təsbit olunan hüququ tapdalanır. Haşiyə üçün onu qeyd edim ki, Aybəniz Məmmədovanın qətnaməsi Konstitusiya Məhkəməsinin məlum qərarından əvvəl çıxdığı üçün icra olunub. Abdullayev Cavanşir Hüseyn oğlunun iddia tələbi 1997-ci ildən sonra baş verdiyi üçün qəbul olunan məhkəmə qətnaməsi müvafiq orqan tərəfindən icra olunub".

D.Quliyevin sözlərinə görə, "Azərsığorta" vərəsələrə bildirib ki, onlar vaxtında müraciət etsəydilər, ödənişləri ödəniləcəkdir: "Belə olan halda vərəsələr sığorta ödənişi almaq üçün məhkəməyə müraciət etməli olublar. Bir məsələni vurğulayım ki, 1997-ci ilə qədər məlum sığorta ödənişi əvvəlki Azərbaycan manatı ilə 5 min 5 yüz manat olub. Hakimiyyət qurumlarının rəsmiləri hazırda bu məbləğin çox olduğunu deyərək şirkətin həmin ödənişi həyata keçirtmək imkanının olmadığını bildirirlər. Vaxtında müraciət etməyən vətəndaşlar isə qeyd edirlər ki, onların belə bir hüquqa malik olmalarından xəbərləri olmayıb. Məlumatları olsaydı ki, belə bir ödənişi almaq hüquqları var, müraciət edib ödənişlərini alacaqdılar".

Hərbçilərin vərəsəlik hüququ bu qanunlarla tənzimlənir

Hüquqşünas bildirir ki, hərbi qulluqçular digər vətəndaş kimi vəfat etdikdən və ya həlak olduqdan sonra onlardan miras qalan əmlak və həlak olduqlarına görə verilən sığorta ödənişi Mülki Məcəllənin vərəsəliklə bağlı maddələri ilə tənzimlənir: "Sığorta ödənişi şəxsin ölümü ilə bağlı olduğu üçün, yəni şəxsin ölüm faktı müəyyən olunmalıdır ki, bu ödəniş ödənilsin. Bu ödəniş hərbi qulluqçunun vərəsələrinə qanun üzrə vərəsəlik qaydasında həyata keçirilir. Sığorta ödənişində mövcud olan problem vərəsəlik hüququ ilə bağlı deyil ki, bu münasibətləri tənzimləyən normativ aktlara hər hansı bir əlavə və dəyişiklik edilsin.

Qeyd edim ki, bu tip iddialarda əsasən 1991-ci ildə qəbul olunan "Hərbi qulluqçuların statusu haqqında" qanuna, "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında" qanuna və Mülki Məcəlləyə istinad edilir.

"Xəzər" Hərbi Tədqiqatlar İnstitutundan verilən məlumata görə, Cənubi Qafqaz ölkələri içərisində Azərbaycan hərbçilərə ödənilən sığorta məbləğinə görə geri qalır: "Hazırda  bununla əlaqədar xüsusi araşdırma həyata keçiririk".

Sonda onu bildirək ki, məhkəmə qətnaməsini icra etməyən "Azərsığorta" S.Adıgözəlovanın şikayəti əsasında göndərdiyimiz sorğumuzu cavabsız qoyub.
 
Ramid
Oxşar xəbərlər