Demokratik TV
İlham Əliyev: “Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir,...”
"Fermerlər və sahibkarlar üçün güzəştli kreditlər xüsusi əhəmiyyət daşıyır. Onlar həm güzəştli vəsait əldə edirlər, həm dövlətlə ünsiyyətdə olurlar. Bilirlər ki, dövlət bəzi hallarda tənbeh etsə də onları həmişə dəstəkləyəcək. Bəzən sahibkarlar ödənişləri vaxtında edə bilmirlər. Əgər hər hansı kommersiya bankı ilə onların əlaqələri olarsa, - əlbəttə bu da lazımdır, - orada çox sərt cəza tədbirləri ola bilər. Dövlət isə əlbəttə ki, burada sahibkarlar üçün ən yaxşı tərəfdaşdır”.
Bunu prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində yekun nitqində deyib.
Dövlət başçısı verilmiş kreditlərin böyük əksəriyyətinin qaytarıldığını bildirib: "Misal üçün, bu il yenə güzəştli kreditlər verilib. Onların böyük əksəriyyəti əvvəlcə verilmiş və qaytarılmış kreditlər hesabına verilib. Yəni, bir milyard dəyərində kredit şəklində verilmiş bu vəsait artıq dövriyyədədir və özlüyündə bir canlanma gətirir. Bu müsbət təcrübəni nəzərə alaraq biz pambıqçılığın inkişafına da güzəştli kreditlər verməliyik. Əvvəllər bu, olmayıb. Yəni, bu ildən İqtisadiyyat Nazirliyi bunu nəzərə alsın və sonra mənə ayrıca məruzə edəcək ki, ayrılmış kreditlərin neçə faizi pambıqçılığın inkişafına gedəcək.
Bir daha qeyd etmək istəyirəm ki, biz torpaqlardan çox səmərəli şəkildə istifadə etməliyik. Bizim çox böyük torpaq sahələrimiz yoxdur. Biz ancaq yeni texnologiyalar, meliorativ tədbirlər nəticəsində yeni, böyük torpaq sahələrini dövriyyəyə cəlb edə bilərik”.
Prezident İlham Əliyev torpaqlardan səmərəli şəkildə istifadənin əsas məqsəd olduğunu qeyd edib: "İndi mövcud torpaq fondunun nə qədər olduğu bəllidir. Qeyd etdiyim kimi, istifadəsiz torpaqlar dövriyyəyə qaytarılmalıdır. Torpağı icarəyə götürən mütləq torpaqda işləməlidir, onu əmanət kimi saxlamamalıdır. Eyni zamanda, rayonlaşma getməlidir, hansı rayonda hansı məhsullar daha çox gəlir gətirir, daha çox sərfəlidir. Biz buna da baxmalıyıq, müvafiq göstərişlər verilib. Hesab edirəm ki, biz subsidiyalarla bağlı da artıq rayonlaşma sisteminə keçməliyik.
Regionlar üzrə subsidiyalaşma təmin edilməlidir və bu, özlüyündə kənd təsərrüfatının stimullaşdırılmasına gətirib çıxaracaq. Xoşbəxtlikdən elə gözəl ölkədə yaşayırıq ki, bizim doqquz təbii iqlimimiz var. Biz hər şeyi yetişdirə bilərik, çaydan tutmuş pambığa qədər, üzümdən tutmuş meyvə-tərəvəzə qədər. Qeyd etdiyim kimi, şimal-qərb zonasında böyük fındıq bağları salınacaq. Yəni, ancaq səmərəli yanaşma olmalıdır və fermerlərə çox ciddi kömək göstərilməlidir”, - deyə prezident bildirib.
APA