İpotekada nələr dəyişəcək?

  • 24 iyun 2016, 09:45
Məlum olduğu kimi, Dövlət İpoteka Fondu prezidentin fərmanı ilə Mərkəzi Bankın nəzdindən ayrılaraq yeni səhmdar cəmiyyətə çevrildi.  "Azərbaycan İpoteka Fondu" ASC-nin yeni qaydalarına görə, güzəştli ipoteka kreditinin verilməsi məqsədi ilə "Elektron hökumət" portalında "Elektron ipoteka" sistemi yaradıldı. ASC-nin Nizamnaməsinə əsasən, cəmiyyətin nizamnamə kapitalı 307 milyon 238 min manat təşkil edir. 

Nizamnaməyə görə, cəmiyyətin fəaliyyətindən əldə olunan gəlirin ən azı 50 faizi ipoteka kreditləşməsinə yönəldilir, qalan hissəsindən isə aşağıdakı istiqamətlərdə istifadə edilə bilər:

- Müəssisələrin səhmlərinin (paylarının) və dövlət qiymətli kağızlarının əldə olunması üçün;
- Banklarda depozitlərin yerləşdirilməsi üçün.
- Cəmiyyətin vəsaiti dövlət hakimiyyəti orqanlarına, dövlət və özəl müəssisələrə, idarə və təşkilatlara borc verilə, eləcə də hər hansı üçüncü şəxsin öhdəlikləri üzrə yüklənə bilməz.

"Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydaları təsdiq edilib. Qaydalarda ipoteka kreditinin maksimal məbləği, ilkin ödəniş və kredit faizləri ilə bağlı məsələlər öz həllini tapdı.

İpoteka Fondunun müstəqil bir qurum kimi yaradılması dövlətin ipoteka siyasətində hansı dəyişikliklər yaradacaq?

Daşınmaz əmlak üzrə ekspert Rəşad Əliyevin sözlərinə görə, İpoteka Fondunun Mərkəzi Bankdan ayrılaraq ASC olması ilk baxışdan müsbət addımdır. Çünki Fond sərbəst olacaq və sərbəst qərarlar verəcək. Ancaq bu sərbəstliyin ona hansı üstünlük verəcəyini demək tezdir. Çünki ASC yenə də Mərkəzi Bankın vəsaitlərindən asılı vəziyyətdə ola bilər: "Fondun vəsaitləri 2 mənbədən formalaşır: dövlət büdcəsi və kommersiya əsasları ilə cəlb edilən vəsaitlərdən. Məsələn,  istiqraz buraxırdılar. Büdcədən ayrılanı başa düşdük. Ancaq kənardan cəlb edilməli olan vəsaitləri toplamaq çətin olacaq. Daxili bazarda maliyyə resursları üzrə faiz dərəcələri yüksəkdir. 

Dövlət büdcəsindən vəsaitlərin faizsiz verilməsi sözsüz ki, güzəştli ipoteka kreditləri üzrə daha aşağı faizlərin tətbiq edilməsinə şərait yaradacaq. Burdan belə başa düşmək olar ki, adi ipoteka kreditləri üçün vəsaiti fond özü kommersiya əsasları ilə cəlb edəcək. Hesab edirəm ki, bu istiqamətdə Fond çətinliklərlə üzləşəcək. Çünki bazarda mövcud olan maliyyə alətləri üzrə faizlər yüksəkdir və onların cəlb edilərək kreditə verilməsi baha başa gələcək. İstisna deyil ki, ucuz maliyyə vəsaitlərinin cəlb edilməsi üçün Mərkəzi Bankın yardımından istifadə edilsin".

R.Əliyev qeyd etdi ki, ipoteka kreditləri üzrə maksimal məbləğlər İpoteka Fondunun Müşahidə Şurası tərəfindən ölkədaxili sosial-iqtisadi vəziyyətin təhlili əsasında müəyyən ediləcək: "Bir sözlə desək, Fond dövrü olaraq iqtisadi şəraitdən asılı olaraq bu göstəriciləri yeniləyəcək. Eyni zamanda Şura kredit üzrə faizləri müəyyənləşdirəcək. Ancaq burda məhdudiyyət var. Belə ki, adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 8 faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır.

Kreditlərin maksimal müddəti saxlanılıb və müvafiq olaraq adi kreditlər üzrə 25 il, güzəştli kreditlər üzrə 30 il müəyyənləşdirilib. Kredit üzrə minimal müddət 3 il müddətinə verilə bilər".
İlkin ödənişə gəlincə, R.Əliyev əlavə etdi ki, adi ipoteka kreditləri üzrə kredit məbləği mənzilin dəyərinin 75-85 faizini təşkil etməlidir: "Deməli, ilkin ödəniş 15 faizdən 25 faizədək olmalıdır. Alıcının müraciəti əsasında ilkin ödəniş daha da artırıla bilər. Güzəştli ipoteka kreditləri üzrə isə ilkin ödəniş 15 faiz təşkil edəcək.

Bundan sonra ipoteka krediti üzrə ödəniləcək aylıq məbləğ kredit alanın aylıq məcmu gəlirinin 70 faizindən çox olmamalıdır. Yaş həddinə gəldikdə isə kreditin son ödəniş tarixinə borcalanın yaşı qanunla müəyyən olunmuş pensiya yaşı həddinə çatmamalıdır".

"Azərbaycan İpoteka Fondu" ASC-nin vəsaiti hesabına ipoteka kreditlərinin verilməsi qaydalarında göstərilir ki, kredit üzrə faizlər Müşahidə Şurası tərəfindən müəyyən edilir. Ancaq burda məhdudiyyət var. Belə ki, adi ipoteka kreditləri üzrə illik faiz dərəcəsi 8  faizdən, güzəştli ipoteka krediti üzrə isə 4 faizdən çox olmamalıdır".

Vüsalə RÜSTƏMOVA
Oxşar xəbərlər