Bakıda oturan məmur Yardımlıda kəndin yolunu hasarladı - ŞİKAYƏT+FOTO

  • 18 fev 2022, 13:52
Yardımlı rayonunun Əsədabad kənd sakinləri icra başçısı Ayaz Əsgərovu daha bir şikayətlə sınağa çəkiblər. 
"Demokratik.Az"-ın məlumatına görə, kənd sakinləri Fərhadov İmaməli Abbasəli oğlu, Sultanov Ramiz və qardaşı Rəşid Mirzəxan oğlanları qarşılaşdıqları problemin həllinə can atsalar da, mümkün olmur.

Belə ki, sakinlərin saytımıza bildirdiyinə görə, onların qonşuluğunda yaşamış mərhum Məmmədov Vasif Rahman oğlu dünyasını dəyişdikdən sonra ev balalarına qalıb. Bir müddət sonra isə varislər hamılıqla Bakıya köçdükdən sonra ata evlərini, həyətanı torpaq sahələrini Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliyinin əməkdaşı olan Babayev Bəhruz Nəzər oğluna satıblar. Yeni qonşu isə məmur gücündən də istifadə edərək qonşuların uzun illər istifadə etdikləri el yolunu bağlayaraq şikayətçilərin nifrət və qəzəbini qazanıblar. Nazirlik əməkdaşı qonşuların istifadə etdikləri və dövlətə məxsus torpağı hasarla işğal edib.

Şikayətçilərin sözlərinə görə, onlar şikayətçi olduqları məmurdan əvvəlcə özünə və çalışdığı nazirliyə giley-güzar etsələr də Bəhruz Babayevlə anlaşa bilməyiblər. Məmur höccət edərək arxasında güclü adamlarının olduğunu, pulunun da çox olduğunu xatırladaraq qonşularına yolu geri qaytarmayacağını, qanunsuz hasarı yaxşı edib çəkdiyini deyib.

Durumdan aydın olur ki, adıçəkilən qonşular aidiyyatı üzrə yuxarı orqanlara, yerli icra hakimiyyətinə də şifahi-yazılı şikayətlər ediblər. Lakin, heç bir müsbət nəticəyə vara bilməyiblər. Ona görə də çarəsiz qalıb başlarına gələni ölkə rəhbərliyinə də nəql etməklə və ictimailəşdirməklə kömək istəyiblər. Şikayətçilər yeni alıcının özbaşınalığının durdurulmasını, onların çay kənarından və çayın qorunma zolağından istifadə etdikləri yolun onların istifadəsinə qaytarılmasını tələb edirlər. Eləcə də şikayətçilər hesab edir ki, məmur alıcının alqı-satqı nəticəsində əldə etdiyi mülkiyyət hüquqlarının sənədləri dəqiqləşdirilməlidir, məmurun tikinti apardığı və işğal etdiyi ərazinin dövlət mülkiyyətinə aid olması nəzərə alınmaqla sökülməsi və özbaşınalığa hüquqi qiymət verilməsi təmin edilməlidir. 

Bildirək ki, göz görəsi özbaşınalıqdan icra hakimiyyəti başçısı tam məlumatlı olsa da, öz üzərinə düşən vəzifə səlahiyyətlərinin icrasına maraq göstərmir. Yardımlı İHB şikayətçilərə mübahisənin məhkəmə qaydasında həllini tövsiyə edir, qanunsuz tikilini qəbul etsə də, məmur özbaşınalığına qarşı digər prosessual hərəkətlər və tələblər qaldırmır. Özbaşına tikili gedən zaman dəfələrlə kənddə olan Ekologiya Nazirliyinin yerli şöbəsinin rəisi Rauf Aslanovun da tikiliyə susqunluğu ilə işinə laqeyid yanaşdığı deyilir.

İnanırıq ki, həm yerli icra hakimiyyəti, həm Ekologiya Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı ASC rəhbərliyi və yerli polis də yazılanları nəzərə alıb öz üzərlərinə düşən işi tezlikə görəcəklər...

Demokratik.Az 
Oxşar xəbərlər