Ramiz Mehdiyevin köməkçisi saxlanıldı - Eldar Əmirov KİMDİR?

  • 14 fev 2022, 23:17
AMEA Prezidenti katibliyinin rəisi, siyasi elmlər doktoru Eldar Qurban oğlu Əmirov saxlanılıb.
Demokratik.Az bildirir ki, bu barədə Unikal.org xəbər verib. Sayt yazır ki, E. Əmirov hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyat zamanı tutulub.
Qeyd edək ki, E.Əmirovun bu gün AMEA Prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin baldızı oğlu olduğu da iddia edilir.
O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlarda da onun köməkçisi işləyib. 

Bəs, Eldar Əmirov haqqında nələr bilirik?
Bu şəxs siyasi elmlər doktoru olub yüksək vəzifələrdə çalışsa da, barəsində çox az şey məlumdur.

Demokratik.Az-ın qısa araşdırmasından əldə etdiyi məlumata görə, Əmirov Eldar Qurban oğlu – 1985 – ci ildə Bakı şəhərində anadan olub. 2007-ci ildə Bakı Slavyan Universitetinin Beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib (bakalavr) , 2009-cu ildə isə Kiyev Kadrların İdarə Edilməsi Akademiyasını Beynəlxalq münasibətlər ixtisası üzrə müvəffəqiyyətlə başa vuraraq magistr dərəcəsi almışdır. 2005-ci ildə Bakıda çap olunmuş “Tarixin fəlsəfəsinə dair bəzi düşüncələr” adlı kitabın, eyni zamanda Azərbaycanda və Ukraynada tarix, həmçinin etnik münasibətlər mövzusunda nəşr edilmiş bir sıra məqalələrin müəllifidir. 

İddialara görə, E.Əmirov uzun illərdir ki, Ramiz Mehdiyevə kitablar yazmaqla, AMEA-ya gəldikdən sonra da "boz kardinal"a mirzəlik etməklə məşğul olub. Onun Ramiz Mehdiyevin Erməni əsilli həyat yoldaşı Qalina Qurskayanın bacısı oğlu olması iddiası isə yeni yayılıb, hələ ki, rəsmi təsdiqini tapmayıb.

Demokratik.Az   
Oxşar xəbərlər