Elçin Sadıqovdan şikayət: "Hakim Rövşən Əkbərova xüsusi imtiyaz yaradır"

  • 02 sen 2021, 10:13
Həbsdə olan general Rövşən Əkbərovun məhkəmədəki davranışlarından şikayət var. Bu şikayəti generalın oğlunun üzərinə hücum çəkdiyi vəkil Elçin Sadıqov edib. Elçin Sadıqov zərərçəkmiş tərəfin vəkilidir.

Demokratik.Az tanınmış vəkilin Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova, Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayevə müraciətini təqdim edir.
"Az ağır cinayətdə təqsirləndirilən şəxsi belə, məhkəmə iclaslarında xüsusi yerlərdə saxlayırlar. Rövşən Əkbərov xüsusilə ağır cinayətdə təqsirləndirilməsinə baxmayaraq, o, açıq məhkəmə iclasında qolunda belə qandal və ya ani hərəkətin qarşısını alacaq heç bir alət olmadan oturdulur. İstədiyi vaxt ayağa qalxır və hərəkət edir. Şahidlərə və proses iştirakçılarına müdaxilə edir, təhqiramiz ifadələr işlədir, hətta özünü hərbi hissədəki kimi tərbiyəsiz apararaq qarşı tərəfə "sən bağla" kimi sözlər deyir, şahidləri təhqir edir ki, onun əleyhinə ifadə verməsin və onu ifşa etməsinlər. Bütün bunlara şəraiti məhkəmə iclasına sədrlik edən, proses boyu mənimlə söz güləşdirməyə çalışan hakim Həbib Həsənov edir və buna şərait yaradır. Bu da ən əsası şahidləri həqiqəti deməyə çəkindirir.

Rövşən Əkbərov xüsusi təyinatlıdır. Təbiətcə tez alışandır və istənilən vaxt o, digər proses iştirakçılarının həyatı və sağlamlığı üçün real təhlükədir.
Məhkəmə iclaslarının videolent yazılarına baxmaq kifayətdir ki, həmin iclasın məhkəmə iclası olmadığını biləsən.
Hələ karantin qaydalarının pozulmasını demirəm. Rövşən Əkbərovun bütün qohum-əqrabası, dost-tanışı məhkəmə iclas zalına buraxılır.
Xahiş edirəm ki, hakim Həbib Həsənovun Rövşən Əkbərova qarşı xüsusi imtiyaz yaratmasının, Rövşən Əkbərovun bizim və digərlərinin həyatına təhlükə yaratmasının qarşısının alınması üçün öz tövsiyələrinizi verəsiniz".
Qeyd edək ki, rəsmi məlumata əsasən, Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanda yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 04 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək Elçin Əliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Oxşar xəbərlər