Göygöldə 5 saylı tam orta məktəbin yeni direktoru qalmaqal yaradır - ŞİKAYƏT

  • 14 noy 2020, 11:33
Göygöl rayon (şəhər) 5 saylı tam orta məktəbinin ibtidai sinif müəllimi Kərimova Fəxriyyə Mütəllim qızı məktəbin yeni direktoru Aytəkin Əliyevanın idarəçilik fəaliyyətindən, sinif və dərs bölgüsündən narazıdır.
Şikayətçinin Demokratik.Az-a bildirdiyinə görə, 30 ilə yaxındır ki, sözügedən məktəbdə ibtidai sinif müəllimi kimi fəaliyyət göstərir. Və fəaliyyəti boyunca da məktəbə yenicə qədəm qoymuş uşaqların keyfiyyətli təhsil almaları üçün əlindən gələni edib, pedoqoji bilik və bacarığını təhsil ocağından əsirgəməyib.
F.Kərimovanın dediyinə görə, məktəbdə uzun illərə dayanan süni və önəmli problemlər var ki, həll edilmir, nəticədə bütün pedoqoji heyətin işinə ciddi zərər dəyir.
Müəllimin söylədiyinə görə, yaxın günlərdə məktəbə direktor gələn xanım Aytəkin Əliyeva da ümidləri, kollektivin xoş arzularını doğrultmayıb. Əksinə, o da dərs saatlarının (OŞ) və siniflərin bölgüsündə, eləcə də pedoqoji işlərin düzənində ədalətsizlik edərək bəzi nöqsanlara, xüsusilə də ayrıseçkiliyə rəvac verir.
Belə ki, əgər şikayətçi müəllimin ötən il öz zəhməti hesabına formalaşdırdığı 18-20 nəfərlik hazırlıq qrupu ibtidai sinif kimi əlindən alınıbsa, sonra da kontingentini digər paralel sinif müəllimlərinə parçalayaraq dərs yükündən məhrum edilibsə, bunu özbaşınalıq adlandırmaq olar.
Şikayətçi bildirir ki, sabiq direktor Mirbəşir Məhərrəmovun direktorluğu dönəmində müəllim hüquqları birmənalı şəkildə pozulub. Adıkeçən sabiq direktor məktəbdə dərs saatlarını, xüsusilə də ibtidai sinifləri öz maraqları müqabilində istədiyi müəllimlər arasında bölüşdürə bilib. Və maraqlısı odur ki, ədavət edərək heç vaxt da adıçəkilən şikayətçiyə sinif verməyib. Həmin ənənə də hazırda davam etdirilir.
Aldığımız məlumata görə, yeni tədris ilində 80 şagird üçün 4 sinif mövcuddur. Bu siniflərdən biri də ötən il şikayətçinin məktəbə hazırlıq qrupu kimi rəsmiləşsə də, sonradan əlindən alınıb. 
2-ci siniflər üçün də yeni sinif bölgüsündə özbaşınalıq və haqsızlıqlar var. Yeni direktor yeni sinif yaradaraq maliyyə məsrəfləri yaradır. Bununla yanaşı ibtidai siniflərin təşkilində köhnə müəllimlərə deyil, yeni, stajı az olan və Gəncədən gələn müəllimlərə üstünlüklər verilir. Ayrıseçkilik isə bilik və bacarıq səviyyəsinə görə deyil, şəxsi maraqlara dayanır. 
Göstərilənlərlə əlaqədar Göygöl rayon Təhsil Şöbəsilə əlaqə yaratdıq. TŞ-nin müdiri Elbrus Atayev bildirdi ki, deyilənlərlə bağlı şikayətçinin müraciəti əsasında araşdırma aparılır. Nəticəsi barədə vətəndaşa və redaksiyamıza əlavə məlumat veriləcək.
Adıkeçən məktəbin direktorunun da fikirlərini dərc etməyə hazırıq!
Demokratik.Az
Oxşar xəbərlər