ŞOK İDDİALAR! “Tovuzda baş verən hadisələr araşdırılacaq”

  • 16 iyul 2020, 01:36
12-14 iyul tarixlərində ermənilər Tovuz rayonu istiqamətində təxribatlar törətdilər. Atəşkəs rejimini pozan düşmən mülki əhalini və hərbçilərimizi atəşə tutdu, ordumuz cavab atəşi ilə erməniləri susdurdu.
Bu döyüşlər Azərbaycan üçün də itkisiz ötüşmədi. İyulun 14-də general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev və digər beş hərbçi, daha əvvəl isə 4 hərbi qulluqçusunu şəhid oldu.
Generalın və polkovnikin şəhidliyindən sonra fikirlər dövriyyəyə buraxıldı ki, yüksək rütbəli hərbiçilərin ön xətdə olmaları yanlışdır. Bunun əksini düşünənlər də var. Eyni zamanda, belə söz-söhbət də yayıldı ki, burada satqınçılıq, xəyanət olub və nəticədə bu cür itki vermişik.
Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa bildirdi ki, bu araşdırılmalı bir məsələdir: “Onlar kifayət qədər təcrübəli hərbiçilər idi. Çox güman ki, onların olduğu məkanın koordinasiyası dəqiq müəyyən olunub, verilib. Bunu xarici düşmən də edə bilər, müəyyən təxribatçı qüvvələrin etməsi də mümkündür. Hər halda bu araşdırılmalı məsələdir. İndidən nəsə bir şey deməyi doğru hesab etmirəm. Çünki ehtimallarla bu məsələnin üzərinə getmək olmaz. İstənilən halda çox düşündürücü məsələdir. Eyni zamanda, çox narahatedicidir”.
Fazil Mustafa: “Azərbaycanda təhsilsiz qadın qalmamalıdır”
Deputat yüksək rütbəli hərbiçilərin ön cəbhədə olmalarını adi hal sayır: “Döyüş bölgəsində zabit əsgərin yanında olmayanda əsgər inamlı olmur. Ona görə də, döyüş bölgəsində əslində zabitin əsgərdən kənar olması o qədər də doğru deyil. Bütün hallarda onların yeri bilinməməlidir. Orada “kamuflaj” çox ciddi qurulmalı idi”.
Yeni AXCP-nin sədri, deputat Razi Nurullayev hərbiçilər arasında fərq qoyulmasının əleyhinədir: “Bu cür yüksək rütbəli hərbiçilərin ön cəbhədə olmalarının qüsurlu olduğunu deyənlər düzgün düşünmürlər. Məncə, bu artıq etik cəhətdən də düzgün deyil. Hərbiçinin vəzifəsi elə ön cəbhədə olmaqdır. Hərbiçilər arasında fərq qoyulmur. Əgər hərbiçi öncə cəbhədə olub, vəziyyəti görüb idarə edə bilmirsə, tapşırıqlar verməyi bacarmırsa, özü nümunə yaratmırsa, heç bir döyüşdən söhbət gedə bilməz. Bu məsələnin birinci tərəfidir. İkincisi isə düşünürəm ki, burada xəyanət məsələsi ola bilər. Amma xəyanətəərh qədər burada çox ciddi səhlənkarlıq məsələsi də ola bilər. Tovuzda baş verən hadisələr araşdırılacaq. Xəyanət məsələsinə gəlincə, bu araşdırılmalıdır”.
Akif Nağı yenidən QAT sədri seçilib
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı: “Əlbəttə, yüksək rütbəli hərbiçilərimiz, generallar müəyyən məsafədə dayanmalıdırlar. Amma Azərbaycan ordusunda vətənpərvərlik o qədər yüksək səviyyədədir ki, generallar da döyüşə can atırlar. Ona görə də, generalların ön cəbhədə iştiraklarını müsbət dəyərləndirirəm. Onlar birbaşa əməliyyata rəhbərlik ediblər. Bu çox müsbət bir hadisədir. Bunun  başqa istiqamətdən dəyərləndirilməsi doğru deyil. Xəyanət məsələsinə gəlincə, bu cür iddialar hər zaman pozucu məqsəd daşıyıb. Xüsusilə, əməliyyatlar davam edirsə, belə məsələlərin ictimai şəkildə müzakirəsinə ehtiyac yoxdur. Xüsusi xidmət orqanlarımız var. Bu orqanlar belə işlərlə məşğul olmalıdırlar. Cəmiyyət səviyyəsində belə məsələlərin müzakirəsinin əleyhinəyəm. İnsanlarda belə müzakirələr ruh düşkünlüyü yarada bilər. Ən azından hərbi əməliyyatlar getdiyi bir vaxtda belə məsələlərin müzakirəsi doğru deyil. Əməliyyatlar bitəndən sonra ola bilsin ki, bununla bağlı müzakirələr aparılsın. Amma hərbi əməliyyatların davam etdiyi bir vaxtda bu doğru deyil”.
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli: “Bu müharibədir. Bizim yüksək rütbəli zabitlərimiz daim ön xətdə olublar. 2014-cü ilin avqustunda, 2018-ci ilin aprel ayında, bundan iki il sonra Naxçıvanda olan əməliyyatlarda da bu belə olub. Yüksək rütbəli zabitlərimiz əsgərlərimizlə hər zaman bir yerdə olurlar. Rəhmətlik general Polad Həşimov aprel hadisələrində Talış istiqamətində postların alınması zamanı da ön xətdə idi. Digər istiqamətlərdə müdafiə naziri, general polkovnik Zakir Həsənov başda olmaqla yüksək rütbəli hərbiçilərimiz ön cəbhədə olurlar. General döyüşü idarə etməlidir. İndiyə qədər şəhid olan hər bir hərbiçimiz bizim üçün qiymətlidir. Bir generalın yetişməsi üçün uzun illər dövlət əziyyət çəkir. Generalın hər biri bizim üçün qiymətlidir, eləcə də, bütün hərbiçilərimiz. Onların hamısı Azərbaycanın vətəndaşlarıdır. Təəssüflər olsun ki, birinci Qarabağ savaşında da, indi də bu fikir ortalığa atılır ki, xəyanət, satqınçılıq var. Bütün bunlar orduda çaxnaşma, xalqda ruh düşkünlüyü yaratmaq üçün xarici kəşfiyyat orqanları, xüsusilə, erməni kəşfiyyatı və onun havadarları tərəfindən ortaya atılır. Belə yalanlara inanmaq olmaz. Polad Həşimov hər zaman öndə olub. Bütün postlarda olurdu, müşahidələr aparırdı. Harada xidmət edirdisə, belə idi. İndi həyat elə gətirdi ki, bu gün olduğu postda həyatını itirdi. Hərbçi formanı geyinəndə, əsgər and içəndə bilir ki, hər an şəhid ola bilər. Yeganə hərbi formadır ki, onunla dəfn olunmağa icazə verilir. Bu forma o qədər müqəddəsdir. Hərbçinin peşəsi vətəni müdafiə etməkdən ibarətdir. Polad Həşimovla bərabər, eləcə də, ondan öncə şəhid olanlar Azərbaycan üçün şəhid oldular. Xalqımızı başa düşürəm. Heç kəs generalımızın şəhid olması ilə barışa bilmir. Bu qəbuledilməzdir. Amma bu müharibədir. Generallarımız əsgərlərimizlə çiyin-çiyinə döyüşür. 2016-ci ildə biz nə qədər yüksək rütbəli zabitlərimizi itirdik. Biz hər zaman peşəkar hərbçilərimizdən istifadə edirik ki, itkilərimiz az olsun. Məsələyə həssas yanaşaq. Düşmən təxribat xarakterli informasiyalar yayır. Azərbaycanlı adı altında sosial şəbəkələrdə çağırışlar edirlər. Təəssüflər olsun ki, 1-2 nəfər sapı özümüzdən olan baltalar da onlara qoşulub. O hərbiçilərin hər biri peşəkardır, qəhrəmanlıq göstəriblər. Cürbəcür fikirlər səsləndirmək yanlışdır, şəhidlərimizin ruhuna hörmətsizlikdir”.
Onsuz da bu gün Rusiya yalnız Asiyanın silah bazarında manevr ...
Hərbi icmalçı Ramil Məmmədli də belə fikirlərin səsləndirilməsini qəbul etmir: “Tovuzda baş verən döyüşlər zamanı yüksək rütbəli hərbçilərimizin həlak olmaları barədə müxtəlif fikirlər səsləndirilir. Ən dəqiq vəziyyəti Müdafiə Nazirliyi bilir. Biz ehtimallar üzərində fikirlər qururuq. Bu döyüşdür, ön cəbhədir, orada hər cür fors-major durum baş verə bilər. Bütün müharibələrdə biz belə hadisələrin şahidi oluruq. Bəzən deyirlər ki, general ön xətdə olmaz. Amma elə hallar olur ki, general da ön xətdə olur. “General ön xətdə olmamalıdır” kimi fikirlər səsləndirmək doğru deyil. Bu məsələdə satqınçılığın olduğu barədə bəzi fikirlərin irəli sürülməsini doğru qəbul etmirəm. Çünki bu ordumuzun döyüş qabiliyyətinə təsir edə bilər. Düşmən məkrlidir. Burada əsas olan odur ki, ordumuz güclüdür. Düşmənə lazımı zərbə vurulur”. /“Yeni Müsavat”/


Oxşar xəbərlər