Gəncə Təhsil İdarəsi Zakir Hüseynov barədə yayılan xəbərlərə aydınlıq gətirdi

  • 04 iyul 2020, 13:40
Gəncə Təhsil İdarəsi sabiq təhsil müdiri Zakir Hüseynov barədə yayılan xəbərlərə aydınlıq gətirib.
Qurumdan "Demokratik.Az"-a verilən məlumata görə, son günlər bəzi saytlarda və sosial şəbəkə hesablarında yayılıb ki, Zakir Hüseynov guya işində yol verdiyi nöqsanlara və korrupsiya əməllərinə görə vəzifəsindən uzaqlaşdırılıb. Eləcə də, guya sabiq təhsil müdirinin barəsində hansısa cinayət işi açılıb və onun həbsinə hazırlıq gedir.
Təhsil İdarəsi bildirir ki, Zakir Hüseynov Gəncə İcra Hakimiyyəti başçısının 01.07.2020-ci il tarixli müvafiq əmrilə təqaüdə göndərilib. Və bu qərar verilərkən Z.Hüseynovun təqaüd yaş həddi (02 iyulda 65 yaşı tamam olub), özünün ərizəsi və səhhəti nəzərə alınıb. Onun barəsində cinayət işi də açılmayıb, yəni, bu kimi xəbərlərin heç bir hüquqi əsası yoxdur. Yəni, bu iddialar şaiyədir, tamamilə yalan və uydurma infirmasiyalardır.  
Gəncə Təhsil İdarəsi 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin ötən illər ərzində Dövlət büdcəsindən ayrılan küllü miqdarda maliyyə vəsaitləri hesabına regiondakı rayon məktəblərində istiliyin təmin edilməsi məqsədilə “Doğranmış odun və ya istifadəyə yararsız taxta parçaları”nın alınması əməliyyatlarına da münasibət bildirib. Aydın olur ki, Gəncə Təhsil İdarəsinin və TN-in adıçəkilən maliyyə qurumunun fəaliyyətinə heç bir aidiyyatı yoxdur. Müxtəlif vaxtlarda 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin zəruri məqsədlərlə "tender müqavilələri"nin bağlanmasında Gəncə Şəhər Təhsil İdarəsinin və sabiq təhsil müdiri Zakir Hüseynovun adının yanaşı çəkilməsi və əsassız ittihamların irəli sürülməsi də tamamilə absurddur.
Gəncə Təhsil İdarəsi media qurumlarını belə yalan və dəqiqləşdirilməmiş informasiyalar yaymamağa, jurnalistləri daha peşəkar davranmağa çağırır...
Demokratik.Az
Oxşar xəbərlər