Jurnalist əfv üçün prezidentə müraciət edib

  • 19 fev 2017, 00:09

"Azadlıq” qəzetinin bölgə müxbiri Ərşad İbrahimov əfv olunması üçün ölkə başçısına müraciət edib. 
AzadliqRadiosu xəbər verir ki, Ə.İbrahimov cəzasının yarısından çoxunu çəkməsinin nəzərə alınmasını xahiş edib.
Əfvlə bağlı müraciətdə jurnalistin həm də Qarabagda döyüşməsinin, məcburi köçkün olmasının diqqətə alınması xahiş edilir.
Qeyd edək ki, Ə.İbrahimova qarşı Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmış, 2014-cü il iyunun 18-də həbs edilmişdi.
Gəncə Ağır Cinayətlər Məhkəməsi jurnalisti 11 il azadlıqdan məhrum edib. Gəncə Apellyasiya Məhkəməsi cəzanı 1 il azaldıb.
Ötən il iyunun 17-də Ali Məhkəmə jurnalistin cəzasını 10 ildən 5 ilə endirib. Ə.İbrahimovun azadlığa çıxamasına iki il qalır.
Xatırladaq ki, Baş Prokurorluq İbrahimovun reket jurnalistika ilə məşğul olduğu barədə məlumat yaymışdı və qeyd olunurdu ki, o, 2012-2013-cü illərdə ayrı-ayrı vaxtlarda Kəlbəcər rayon Təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırovdan onun barəsində rüsvayedici məlumatları yaymaq hədəsi ilə 30 min manat məbləğində vəsaiti hədə-qorxu ilə tələb etmiş, lakin sonuncu pulu verməkdən imtina etdiyi üçün 13 aprel 2013-cü il tarixdə "YOUTUBE” internet portalında "Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Mamed Bağırov 17 yaşlı qızı zorlayıb” başlıqlı informasiya yerləşdirib.
Jurnalistin barəsində yazdığı Kəlbəcər rayon təhsil şöbəsinin sabiq müdiri Məhəmməd Bağırov isə korrupsiya ittihamı ilə 10 il azadlıqdan məhrum edilib, hazırda cəza çəkir.

Oxşar xəbərlər