Demokratik TV
AZTV-də nöbəti işdənqovma! Yeni sədr qohumbazlıqla islahatı səhv salıb?

Demokratik.Az-ın əldə etdiyi özəl bilgiyə görə, təyinatının ilk günlərində qalmaqallı sələfi Alışanovdan fərqli olaraq, islahatçı-qurucu təsiri bağışlayan Rövşən Məmmədov artıq özünə olan xoş ümidləri suya düşürə bilib. Yeni sədr də Dövlət Televiziyasına öz yaxın qohumlarını, dostlarını dolduraraq Alışanovsayağı uğursuz idarəçiliyini ortaya qoya bilib.

Əldə etdiyimiz məlumata görə, işdən atılan Quliyev Aqil Barat oğlu 1970-ci ildən bu yana AZTV-də müxtəlif vəzifələrdə çalışıb. Ömrünün tam 50 ilini bu qurumun inkişafına həsr edib. Kifayət qədər gümrah və öz işinə yararlı bir kadrın qəflətən öz işindən qovulması isə, əvvəlki qovulmalardakı kimi sağlam və ədalətli məntiqə sığmır. Nəzərə alınsa ki, Rövşən Məmmədov islahat bəhanəsilə bir peşəkarı heç bir texniki savadı və təcrübəsi olmayan xanım qohumu ilə - əvvəllər Zəngilan İcra hakimiyyətində çalışmış, Mədəniyyət və İncəsənət Universitetinin məzunu Tünzalə Nuriyeva ilə əvəz edib, şəxsi maraqlar aydındır.
Onu da xatırladaq ki, bundan əvvəl işini itirən bir neçə sabiq əməkdaş da yeni sədrin əməllərinə etiraz etmiş, "yaşa görə" AZTV-dən atılmalarını qərəzçilik hesab etmişdi.
Hazırda AZTV-nin 150-dən artıq əməkdaşının yaşının 65-dən çox olduğu bildirilir. Hətta, onların içərisində 80 yaşını haqlamış şəxslər də var. Sədrin ayrı-ayrı şəxsləri öz istəyilə seçib hədəfə alması, "YAŞA GÖRƏ" senzinin AZTV-də kütləvi tətbiq edilməməsi bircə onu deməyə əsas verir ki, Rövşən Məmmədov islahatçılıqla deyil, əslində bəzilərinə qərəzçilik və qohumbazlıqla məşğul olur.
Maraqlı deyilmi? Yeni sədr qohumbazlıqla islahatı səhv salır...
Xəbərdə adıkeçən hər kəsin söz haqqını tanıyırıq!
Demokratik.Az
