SOS! Gəncəçay Daşkəsənin Qaraqullar kəndində ekoloji çirklənmə yaşayır

  • 29 iyun 2020, 12:19
Daşkəsəndən axan bəzi çaylar ekoloji çirklənməyə, mal-qaranın ayaqları altında təcavüzə məruz qalır. Bir müddət əvvəl örüş-otlaq sahələrini yerli və kənar fermerlərin üzünə açan ucqar dağ rayonunun Qaraqullar kəndində isə vəziyyət daha acınacaqlıdır.
"Demokratik.Az"-ın məlumatına görə, kəndin içindən keçərək mənsəbində Gəncə çayı ilə qovuşan dağ çayında (Quşqara çayının başlanğıcı olduğu da deyilir-red) qanunsuz yollarla dəyələr qurulub, çayın məcrası yaylağa axışanlar üçün yataq yeri, antisanitar şəraitli oylaq olub. Acı mənzərədən aydın olur ki, mal-qoyunun nəcisi və sidiyilə çayın saflığını zədələyən fermerləri nə ekoloji mühit, nə qanunvericilik, nə də o çayın suyunun törədə biləcəyi fəlakət maraqlandırmır. Özbaşına fermalar beləcə çayboyu suyun içində, öz işlərindədir. Onları baş verə biləcək sel-daşqın risqi də qorxutmur.
Şikayətçi kənd sakinlərinin "Demokratik.Az"-a verdikləri məlumata görə, problem yeni deyil, demək olar ki, hər il davam edən haldır. Bu özbaşınalıqların qarşısının alınması üçün dəfələrlə fermerlərə Ekologiya nazirliyinin əməkdaşları tərəfindən 700 manatlıq inzibati cərimə protokolları yazılsa, onlarla maarifləndirmə işləri aparılsa da hələ ki, fayda vermir.
Qəribəsi isə odur ki, mövcud vəziyyət nə kəndin icra nümayəndəsi Elbrus Bayramovu, nə də onun uzun illərdir bələdiyyə sədri seçildiyi xalasıoğlu Vasif Mustafayevi maraqlandırmır. Əksinə, onların özləri və yaxınları da çayın axarında xeyli ərazini zəpt edərək başqalarının sözügedən qanunsuz əməllərinə rəvac verirlər.
Fəaliyyətsizliyi ortada olan bələdiyyə sədrinin qardaşı Asif Mustafayevin yüzlərlə qoyun və 10-larla iribuynuzlu heyvanla çayda lövbər salması, eləcə də bələdiyyə sədrinin özünün yaşadığı evin tövləsindən hər gün çıxardığı yaş təzəyi birbaşa çaya tökmələri rəzalətdən, ekologiyaya məmur xəyanətindən başqa bir şey deyil.
Onu da bildirək ki, kənddə bir neçə evin düz çay kənarında tikilməsi və insanların əsasən heyvandarlıqla məşğuliyyəti sözügedən çayın çirklənməsinə şərait yaradır. 
Kənddə maraqlı dedi-qodular da dolaşmaqdadır. İddia olunur ki, bu özbaşınalığı rayonun icra başçısı Əhəd Abıyev də yaxşı bilir, lakin, hər il "yaylaq biznesi"ndəki maddi maraqları onu da susqunluğa qərq edir.
İnanırıq ki, faktla əlaqədar aidiyyatı qurum yetkililərinin inzibati nəzarət mexanizminin işə düşəcəyini görəcəyik...
Osman Nərimanoğlu
Demokratik.Az
















Oxşar xəbərlər