Göygölün icra başçısı Qorxmaz Hüseynovla niyə "kəllələşir"?

  • 16 yan 2019, 10:28

Göygöl rayonunun icra başçısı Arif Seyidov "Azərsu" rəhbəri Qorxmaz Hüseynovla çəkişməyə başlayıb. Buna səbəb, qurumun rayon sakinlərinə ekoloji saf su adı ilə çirkli su satmasıdır.

Bu barədə "Demokratik.Az" -a verlən özəl məlumata görə, icra başçısı mövcud içməli su problemini həll etmək üçün ölkənin Nazirlər Kabinetinə, Prezident Administrasiyasına və xüsusilə, rayona tez-tez baş çəkən general Bəylər Eyyubova durmadan müraciətlər etmək məcburiyyətində qalıb. Seyidov israrla rayona gələn su xəttinin Toğanalı kəndi ərazisindəki mənbəyinin daha 8 km yuxarıya çəkilməsini "Azərsu" rəhbərliyindən tələb etsə də, hələlik real nəticəyə nail olmayıb. İcra başçısı haqlı olaraq fiaskoya uğramış, 10 milyonlara başa gələn su çəkilişinin təcili restovrasiyasını tələb edir.

Göygöl İHB-dəki məbəmizin dediyinə görə, qaldırılan məsələ su təminatında tez-tez müşahidə olunan bulanıqlılığın və su qıtlığının birdəfəlik qarşısını ala bilər.

Göygöl rayon sakinlərinin içməli su təchizatında nöqsanların və problemin mövcud olduğunu, istehlakçıların bəzən palçıqlı və keyfiyyətsiz sudan istifadə etdiyini aylar öncə də yazmışdıq. Həqiqət acı olsa da, sakinlər sanki ələ salınır, evlərdəki smart tipli sayğaclara pul ödəyib guya ağ, təmiz ekoloji saf su gözləyən biçarə insanlar palçıqlı, bulanıq suya möhtac qalırlar. Bu isə artıq dözülməzdir.

İstehlakçılar əsasən ilin yaz-payız aylarında çirkli və natəmiz su içmək məcburiyyətində olur. Buna səbəb kimi, hazırda Kürəkçaydakı əsas su mənbəyinin əvvəldən doğru seçilməməsi, quraşdırılmaması, relyefin zədələnməsi və yağışlı havalarda mənbəni əhatə edən maşın yolundan və torpaq örtüyündən çirkli suyun axaraq çayın suyuna qarışmasıdır. Nəticədə, təmizləyici qurğu suyu tam təmizləmədən rayondakı anbarlara ötürür, saf su öz keyfiyyətini xeyli itirir. Bundan başqa, mövcud xəttin su tədarükündə də problemlər müşahidə olunur.

Aldığımız məlumata görə, icra başçısının tələbi nəzərə alınarsa, 6-8 km yeni borunun alınması və çəkilməsi daha bir neçə milyon manat vəsait tələb edir. Problemin həllinin uzadılmasının səbəbi mövcud problemin hələ də ölkə başçısından gizlədilməsi, Arif Seyidovun bunu prezidentə məruzə etməməsidir. Mənbənin dediyinə görə, icra başçısı su çəkilişini həyata keçirmiş podratçı şirkət rəhbərliyindən qorxduğu üçün dərinə gedə bilmir. Bəs, podratçı şirkət kimindir?..

Podratçı şirkətin su çəkilişi zamanı keyfiyyətsiz iş yerinə yetirməklə, irihəcmli maxinasiyalara yol verdiyinə dair də bilgilərimiz var.

Xatırladaq ki, Göygöl rayonuna 24 saat fasiləsiz və keyfiyyətli içməli suyun verilməsi 2014-cü ilin əvvəlindən reallaşıb. Təntənəli açılış mərasimində prezident cənab İlham Əliyev də şəxsən iştirak edib.

(mövzu diqqətimizdədir)


Demokratik.Az  

Oxşar xəbərlər