Əlinin "əl"i, nəzirlərin Niyazı, İkramın həbsi barədə - DANIŞIN Mətbuat Şurası!

  • 17 apr 2020, 11:56
Azərbaycan Mətbuat Şurası qurumun idarə heyətinin üzvü, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Niyaz Niftiyevin həbsinə dair susqunluq nümayiş etdirir. Ötən gün 30 manat qarşılığında 100-lərlə şəxsə saxta arayışlar sataraq ciddi karantin rejiminə sayğısızlıq etmiş bir jurnalist - təyinatlı bir bələdiyyə sədrinin naxoş əməli təmsil olunduğu qurumda müzakirəsiz ötüşür.
Açığı, hər adi məsələyə görə müstəqil jurnalistlərə hücum çəkən MŞ başbilənlərinin "tərəqqi" medallı bir media təmsilçisinə münasibətdə heç nə olmamış kimi boyun bükmələri məndə hiddət doğurur! Sizcə, MŞ-nin olaya reaksiyası beləmi olmalıdır?
Bu sualın cavabı çox sadə məntiqə dayanır. Məncə, Niyaz Niftiyev də MŞ-də meydan sulayan Müşviq Ələsgərli, Vüqar Rəhimzadə, Əflatun Amaşov, Aydın Quliyev, Azər Həsrət və digər ziyankarlar qədər ölkə mediasının inkişafına əngəllər törədən, trolbaşı Əli Həsənovun "trol"leybus missiyasını yürüdən biri olub deyə reaksiya bucağı tam fərqlidir. Bəlkə də əlacları olsa, Niyazlarının saf olduğunu, şərə düşdüyünü belə hayqırarlar, yandaşları.
Bu olay mənə bir jurnalistin səs-küylü həbsini də xatırladır.
Yadınızdadırsa, təkcə "Reallıq"ın baş redaktoru İkram Rəhimov Əli Həsənov barədə tənqidi yazısından bir neçə saat sonra həbsə atılanda MŞ-nin bütün idarə heyəti üzvləri bir ay susmadılar.
Efirlər qalmadı, qəzetlərin manşetləri deyilmədi, saytlar da bezdi bunların əmrlərindən ki, tutulan şəxs demə "reket" imiş, etdikləri də media adına ləkə imiş. Adamlar hər gün bütün vacib işlərini atıb İkram barədə olmazın iftiralar, aşağılamalar da səsləndirirdilər ki, sanki bu ölkənin ciddi bir İkram dərdi varıydı. Tezislərindən bilinirdi ki, danışan ağızlardakı dil Əli Həsənovun dilidi, düşünən baş Əlinin başıdı, onun yamsılamasıdı. Sadəcə, icraçıları Mətbuat Şurasındadı. Allah tezliklə İkramın qapısını açsın ki, hələ də Əli Həsənovun şərrindən həbsxanada əziyyət çəkir.
Amma, Əli Həsənovun tapşırığı ilə MŞ funksionerlərinin media əhlinə bu cür sifarişli düşmənçilik münasibəti təkcə İkrama qarşı duyulmayıb, zaman-zaman başqaları kimi mən özüm də o acını dadmışam. Mənliyi və ləyaqəti olmayan "trol" sayt rəhbərlərinin cızmaqaralarında aşkar təhqir və böhtanlara uğramışam. Amma nə isə...
Deməyim o ki, indi bir biabırçılığa o qaragüruhların komanda üzvü imza atıb deyə, tutulan barəsində Mətbuat Şurası lalmı qalmalıdır? Axı onu bəh-bəhlə media cameəsinə sırıyanlar, bələdiyyə sədrliyinə "qaldıranlar" elə MŞ-dəkilərdir? Azərbaycanda koronavirus pandemiyasına qarşı mübarizə aparıldığı həssas bir dönəmdə hansısa jurney-bələdiyyə sədrinin pulgirliyi və rüşvətxorluğu ictimai diqqətdən niyə yayındırılmalıdır? Bəlkə, Əlinin əli yenə işləri qarışdırır?
Həbs edilən bələdiyyə sədri də Əli Həsənovun mətbuat "ideyaları"nın əsiriydi deyəmi bu susqunluq?
Axı, artıq bəlli olur ki, Niyaz Niftiyevin bu cinayət əməli onun bələdiyyə sədri funksiyasını durduracaq. Bir qalır MŞ-dəki təmsilçiliyinə ki, ordan da təcili rədd edilməlidir.
Əslində, elə bunu istəməyənlər özləri Mətbuat Şurası təmsilçiliklərini təhvil verib özləri RƏDD olub getməlidirlər...
Getməlidilər Əli Həsənovun arxasınca. Çünki bu ictimai qurumdakıların əksəriyyəti Əli Həsənovun "5-ci kolonu"nun batalyonundandılar.
Yaxşı olardı ki, İkramın həbsi barədə danışırdınızsa, Əlinin "əl"i, nəzirlərin Niyazı barədə də DANIŞIN, ay Mətbuat Şurası!
P,S: Başqasının statusundan sitatla bitirim: Bəlkə də, Niyazın həbsində təsadüf elementləri var. Cinayət edib və həbs olunub. Ancaq bu həbs həm də, bir həqiqəti üzə çıxardı. Görün, Əli Həsənovun cəmiyyətə baş redaktor kimi sırıdığı adamlar hansı əxlaq və mənviyyatda olub?
Osman Nərimanoğlu
Demokratik.Az
Oxşar xəbərlər