"Yazılanlara cavab verin, cənab rektor!" - GDU-dan ŞİKAYƏT VAR

  • 04 okt 2019, 10:14

Ölkə mediasında tez-tez tənqid hədəfi olan Gəncə Dövlət Universiteti yenidən qəzəbə tuş gəlib. GDU-nun bir qrup professor-müəllim heyəti bir sıra saytlar vasitəsilə yenə yazırlar ki, GDU yeni tədris ilinə əvvəlki illərdən vüsət alan qanunsuzluqlar seriyası ilə başlayıb. Barəsində yazılanlara məhəl qoymayan, universitetin imicinə xələl gətirəcək ən təhlükəli tendensiyaları aradan qaldırmayan rektor Yusif Yusibov da neqativ hallara rəvac verməkdə davam edir.

Adları məktubda çəkilməyən şikayətçi müəllimlərin bildirdiyinə görə, Universitetdə özbaşınalıq, qanun pozuntuları bu ali təhsil müəssisəsində həm professor müəllim heyəti, texniki işçilər, eləcə də tələbə kontingentində normal təlim-tədris mühitini ağırlaşdırır, ölkənin təhsil strategiyasına uyğunsuzluqlarla yadda qalır. İddialara görə, universitet kollektivinin hüquqları müxtəlif metodlarla pozulur. 

Bu dəfə də, universitetdəki özbaşınalıqları sadalayan məktub prezident İlham Əliyevin fərmanı ilə minimum əmək haqqının 250 manatadək artırılmasını, müvafiq sərəncamla görə, büdcə təşkilatlarında çalışanların aylıq vəzifə maaşlarının 2019-cu il sentyabrın 1-dən etibarən orta hesabla 40 faiz artırılmasını xatırlatma ilə başlayır. Və bildirilir ki, Prezident İlham Əliyevin həmin sərəncamları Yusif Yusibovun özəl obyekti sayılan GDU-da yerinə yetirilmir.

Belə ki, həmin sərəncama əsasən maaşların artımını hiss etməyən kollektiv bunu maliyyə nöqsanı hesab edərək guya rektorun GDU-nu özü-özünü maliyyələşdirən bir müəssisə ilə qəsdən qarışdırdığını qeyd edirlər. 

Məlumata görə, minimum əmək haqqının artırılmasına qədər GDU-da laborant, baş laborant, kabinə müdiri, laboratoriya müdiri, reperator, habelə tədris ustaları və digər texniki işçilərin maaşları arasında əsaslı fərq olub. Hal-hazırda isə rektor Y.Yusibovun  iradəsilə, laborant, baş laborant, laboratoriya müdiri, kabinə müdiri, preperator, metodist və digər tədris-köməkçi heyəti üzvləri hətta xadimələr belə ayda 250 manat maaş alacaqlar. Bunu ştatlara verilən maaş tariflərinin çox kobud şəkildə pozulması hesab edən kollektiv üzvləri bildirirlər ki, müəllim heyətinin maaşları ümümiyyətlə artırılmır. Vəzifələr arasında verilən maaşa da heç bir fərq qoyulmur. Şikayətçilər bu absurdu Y.Yusibovun yeni ixtirası kimi, əsrin Nobel mükafatına layiq görürlər.

Bundan başqa, həqiqətən də digər ali məktəblərdə professor-müəllimlərin əmək haqqı böyük məbləğdə artırılıb. Gəncədə yerləşən ATU, ADAU və GDU əməkdaşlarının maaşları arasında əsaslı fərqlər narazılığa tam əsas verir.

"Demokratik.Az” sözügedən ittihamla bağlı GDU-dan açıqlama almağa çalışsa da istəyi cavabsız qalıb və mümkünsüz olub. Deyilən maaş-maliyyə hesablaması detallı olaraq araşdırılmalı, saf-çürük edilməlidir və ola bilər ki, iddialar əsassızdır. Bunun üçün də GDU-nun mediaya susqun rektoru bu barədə danışıb bütün mətləblərə özü geniş aydınlıq gətirməlidir.

GDU-da pul vəsaitlərinin xərclənməsində böyük israfçılıq barədə də xeyli ziddiyyətli məlumatlar var. Belə ki, rektor Y.Yusibov maaşları qaldırmaq əvəzinə, artıq pulları təmir və turniket kimi lüzumsuz şeylərə xərcləməkdə də suçlanır. Hazırda ölkəmizdə inzibati binalar üçün dəbə çevrilmiş hal GDU-da da var. Belə ki, universitetin əsas binasında işçilərin işə davamiyyətinə nəzarət üçün müşahidə kameraları ilə zəngin turniket quraşdırılıb. Belə bir abu-hava yaradılır ki, turniket əmək intizamına nəzarət üçün kafedra müdirlərinin işinə birbaşa yardım edir, rektorluq da binadakı hər şeyi və hamını öz gözündən qoymur. Quraşdırılmış turniketin hər birinin quraşdırılması həqiqətən xeyli pula başa gəlib. (deyilənə görə təxminən 5-10 min manat) Əgər, Y.Yusibovun elmi şuranın iclasında dediyini nəzərə alsaq, digər 5 tədris binasına da turniketlərin quraşdırılacağı küllü miqdarda vəsait hesabına başa gələcəyini söyləyə bilərik. Son müraciətdə haqlı iradlardan biri də o ki, bu qədər vəsaitin universitet əməkdaşlarının əmək haqlarının artırılmasına sərf etmək daha yaxşı olmazdımı?

Məktubda Prezident cənab İlham Əliyevin fərmanı ilə GDU-nun 3 ədəd 4 mərtəbəli tələbə yataqxanasının təmiri üçün 12 milyon vəsaitin ayrılması, köhnə yataqxana binalarının sökülmədən, əsaslı təmir olunması xatırladılır. Ayrılan vəsaitin həcminin böyük olmasına baxmayaraq, rektorun bu məqsədlə universitetin büdcəsindən əlavə olaraq 750000 (yeddi yüz əlli min) manat əlavə vəsaitin ayrılacağını bildirməsi deyilir. Bu da maraqlı iddiadır, amma universitet kollektivi förünür unudur ki, təmir-tikinti işlərinə ayrılan vəsait heç bir halda GDU rəhbərliyinin müdaxiləsinə məruz qala, maliyyə maxinasiyalarına asanlıqla məruz qala bilməz. Lakin, rektorun özünə bilavasitə aidiyyatı olmayan təmir işlərinin xərcləri barədə kollektiv qarşısında açıqlamalar verməsi, əlavə pulun ayrılması barədə prezidentin əlavə fərmanı hələ ortada yox ikən rektor Yusif Yusifovun məhz 750 min manatın ayrılacağını anons etməsi hamıda maraq doğurur. Axı, rektor nə bilir ki, yataqxananın təmir işlərinə əlavə nə qədər vəsait ayrılacaq, və ya ayrılmalıdır? Smeta xərclərini, pul xərcləmələrinə nəzarəti  rektor özümü müəyyənləşdirir? Ona görə də şikayətçi kolektivi hesab edir ki, təmirə ayrılmış bu qədər vəsaiti Y.Yusibov təsərrüfat işləri üzrə prorektor, adı keçmiş MTN zabiti Akif Çovdarovun cinayət əməllərində hallandırılan Fəxrəddin Həsənovun əli ilə həzmi-rabedən keçirə bilir. (?!)

FƏXRƏDDİN HƏSƏNOV

Adıçəkilən prorektor Fəxrəddin Həsənov barədə də maraqlı suçlamalar var. Bildirilir ki, O, 30-a kimi ölü canlar sayılan işçinin maaş kartını özündə saxlayıb, onları mənimsəyir. F.Həsənovun əmisi oğlunun MTN-in Gəncə şəhər şöbəsinin rəisi olması və müəyyən hadisələrdən sonra işdən azad edildiyi, təqaüddə olduğu bildirilir.

Hər il olduğu kimi, bu il də F.Həsənovun rəhbərliyi ilə tədris binalarının cari təmiri üçün fakültə dekanlarından 2000 manatdan pul yığıldığı iddiası var. 8 fakültə və 2 şöbənin olduğunu nəzərə alsaq, bu məbləğ 20000 manat vəsait edir. Bu qədər vəsaitlə yalnız tədris binalarının koridorunun döşəməsi sıyrılmadan kirli vəziyyətdə, yüngül formada laklanmasına irad bildirilir.

Məktubda yazılır ki, Fəxrəddin Həsənov cari təmir üçün pulu yığdıqdan sonra, başqa usta çağırmağa icazə vermir, öz adamlarını işlərə cəlb etməklə həmin laklanma prosesinə uzağı 500 manat xərcləyir, qalan vəsait isə Y.Yusibovla bölüşdürür. 

Hal-hazırda Y.Yusibov və F.Həsənovun yeni "biznesini” qeyd edən müraciət müəlliflərinin dediklərinə görə, hazırda tədris binalarında olan auditoriyaların adları və nömrələrini yenidən yazmaq məsələsi gündəmə gətirilib. Halbuki, hal-hazırda bütün otaq və auditoriyaların adları və nömrələri çox səliqəli şəkildə var. Bu məqsədlə, Azərbaycan Texnologiya Universitetinin baş müəllimi Fizuli Fərəcini universitetə dəvət ediblər. Fizuli Fərəci isə kalkulyator kafedra -kafedra gəzib, bu məqsədlə dekan və kafedra müdirlərinin hər birindən 250-300 manat pul tələb edir. Fizuli məktubda yaxşı adam kimi xarakterizə edilmir. Qoltuğuna bir papka vurub kafedra-kafedra gəzib bir laboratoriya adını yazdırmağa görə 30 manat, qapının üstünə bir dənə rəqəm yazmağa isə 10 manat tələb etdiyi bildirilir. Fizulini rektorun köməkçisi Elsevər Nağıyev və Fəxrəddin Həsənovun işçilərinin müşaiyyət etməsi isə yəqin ki, rektorluğun maraqlarını ifadə edir. 

Bununla əlaqədar universitetdə söz-söhbətlər səngimir. Burada bir incəlik də ortaya çıxır. Sən demə, rektor Y.Yusibov Fizulinin həyat yoldaşı , alman dili kafedrasının sabiq müdiri Vüsalə xanıma zorla ərizə yazdırıb, özünə yaxın adamı həmin kafedraya müdir təyin etdiribmiş.  Və ona söz veribmiş ki, "səni dolandıracam”. Belə çıxır ki, indi kafedra müdirlərindən və dekanlardan toplanan həmin pullarda Vüsalə xanımın "hörməti, dolanışığı”na yönəldiləcək. Olduqca maraqlı və inandırıcıdır. 

Yenidən ad və nömrə yazdırmaq üçün müəllimlərin cibinə girib,onların halal maaşlarını əllərindən almaq metodu isə ümumiyyətlə GDU-nun milyonluq büdcə imkanları, inventara ayrılan kifayət həddə pullar qarşısında rəzalətdən savayı bir şey deyil. Axı, zəruri məbləğ rektorluğun qarşılamalı olduğu məbləğdir.

GDU-da müəllim olmaq istəyirsənsə...

Yeni tədris ilində universitetin müxtəlif kafedralarına 30-a kimi təzə müəllim götürülməsi iddia edilən mühüm nöqsanlardandır. Orta məktəblərə işə qəbul imtahanlarında kəsilən şəxslərin rüşvət qarşılığında savadları olmasa da asanlıqla tədris ocağına müəllim vəzifəsinə qəbulu həyata keçirilib. Bu günlərdə Gəncədəki liseydən direktorluqdan qovulan birinin saat hesabı dərs üçün GDU-ya müəllim keçmək istəyənin müraciətinin ilkin aşamada çox xoş qarşılanması halı kimi... 

O da qeyd edilir ki, Universitetdə tələbə qəbulu üçün plan yerlərinin sayı fakültələr arasında tələbata uyğun bölünmür, burada dostbazlıq prinsipi əsas götürülür. İqtisadiyyat fakültəsinə diqqət ayıran məktubda qeyd edilir ki, tələbə qəbulu üçün plan yerlərinin sayı süni şəkildə artırılaraq artıq 400 nəfərə çatıb. Digər fakültələrə ayrılan yerlər isə azaldılıb və 150 nəfərə salınıb. Pedaqoji profilli bir universiteti artıq İqtisad Universitetinin Gəncə filialına oxşadan şikayətçilər arqumentlərində tam haqlı görünürlər. 

GDU-da Fəxrəddin Həsənovun əli ilə təsərrüfat bölməsinin işçiləri vasitəsilə universitetin binasında xəfiyyə şəbəkəsi qurulması xəbəri də xeyli yayılıb. Yazılır ki, rektor və adamları maraqlı olan adamların hara gedib-gəldiklərini izlədirlər. Ən ağrılı hal odur ki, ayaq üstə 10 dəqiqə belə çıxış etmək qabiliyyəti olmayan Fəxrəddin Həsənov fakültə dekanlarına, kafedra müdirlərinə, şöbə müdirlərinə təsir edərək bu işləri həyata keçirirlər. Universitet binalarının və yataqxanaların təmiri də hər il Yusif Yusibovun yaxın adamlarının şirkəti tərəfindən həyata keçirilir. Smeta rəqəmlərin şişirdilərək dövlət vəsaitlərinin talan olunduğu da iddialar sırasındadır. 

Rektor deputatın 70 yaşlı bacısından bərk qorxurmuş... 

GDU rektorunun GDU-da vəzifə tutan deputat bacısından bərk qorxduğu da faktdır. Belə ki, rektorun humanitar məsələlər üzrə dekan müavini və tyutor vəifələrində 50 yaşını keçmiş müəllimlərə qarşı kadr siyasəti 70 yaşını ötmüş, ayağını zorla çəkən, ev ayaqqabısı ilə işə gələn, pilləkənləri zorla çıxan Gülsüm Fətəliyevaya qarşı aciz qalır. Universitetdə yaşca xeyli cavan sağlamlıq durumu da yaxşı olan, ağlının, qabiliyyətinin, fəaliyyətinin çiçəklənən dövrünü yaşayan gözəl müəllimlər gəncləşməyə uğradığ halda, adıçəkilən alqışalayiq qaydada yerində işləməyə davam edir. Məsələ aydındır axı, Gülsüm müəlliməyə dəysələr ağır artilleriya işə düşə, Milli Məclisdən və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətindən rektora hücumlar gələ bilər. Bildirək ki, GDU-da humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva deputat Musa Urudun bacısı, Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyevin isə qaynanasıdır.

Müraciət müəlliflərinin bildirdiyinə görə, bu cür nöqsanlar barədə mətbuata xəbərlər versələr də, universitetdə Yusif Yusibovun mirzələri sayılan kimlərsə bu cür faktları gizlədilir və respublika mətbuatında yalandan tərif dastanları da yazılır. Bəzi şəxslər çəpər kimi duraraq Yusif Yusibovu qoruyur və onun talançılığına, özbaşınalığına daha çox şərait yaradır. Universitetin professor-müəllim heyəti isə qəpik-quruşa möhtac qaldığından "barmaq sorur”.

Müraciət müəllifləri hirsli şəkildə GDU rektoru Y.Yusibovun bütün qanunsuz əməllərinə göz yuman Təhsil Naziri, pafosla danışan, lakin danışığında heç bir məntiq olmayan Ceyhun Bayramovu da qınaq atəşinə tuturlar.  Və sözlərini belə tamamlayırlar:  "Çətin duruma salınmış, pulsuz müəllimin halal zəhmətini yeyib, xarici dövlətlərdə kefə gedənlər, hardan biləcəklər ki, bir qarın çörək puludur bizim, yazıq müəllimlərin arzusu.....”

Ümid edək ki, bu yazıda – məktubda sadalanan iddiaların net cavabı rektor Yusif Yusifovun bahalı susqun idarəçiliyindəki dönüşlə özünün əksini də təzahür edəcək...

QARŞI TƏRƏFİN VACİB SÖZ HAQQINI TANIYIRIQ!

Osman Nərimanoğlu

(mövzu diqqətimizdədir)  

Demokratik.Az

Oxşar xəbərlər