Ramiz Mehdiyev erasının sonunu gətirən layihə parlamentdə...

  • 26 okt 2017, 09:00

Azərbaycan hakimiyyətinin əzəmətli və qüdrətli qanadının rəhbəri, mətbuatın azad olduğu illərdə "boz kardinal” adlandırılan konsey lideri, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev erasının rəsmən finalı yaxınlaşır.
2016-cı ildə keçirilən referendumdan sonra yaradılan vitse-prezidentlik institutunun funksionallığının artırılması ilə başlanmış proses Prezident Administrasiyası rəhbəri postunun getdikcə əhəmiyyətsizləşdirilməsinə yönəlməkdədir. 

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, Rusiyanın Azərbaycanın daxili siyasətinə imkanlarını azaldacaq bu faktor rəsmiləşdirilərək hüquqi aktla həyata keçirilir. 
Belə ki, Azərbaycanda "Dövlət qulluğu haqqında” qanuna dəyişiklik təklif olunur. Dəyişiklik qanunun 11-ci (İnzibati və yardımçı vəzifələrin təsnifatı) maddəsində edilir.
Dəyişikliklə isə təsnifatdan Azərbaycan Respublikasının Dövlət müşavirləri vəzifəsi çıxarılır. Maddədən (inzibati vəzifələrin birinci təsnifatı) Azərbaycan Respublikası Prezidentinin Administrasiya rəhbərinin müavini vəzifəsi də çıxarılır. 
Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. PA rəhbərinin müavini vəzifələri 2012-ci ildə yaradılmışdı. Hazırda PA rəhbəri Ramiz Mehdiyevin 3 müavini var. 
Bunlar Əli Əsədov, Zeynal Nağdəliyev və Novruz Məmmədovdur. Dəyişiklikdən sonra bu şəxslər PA rəhbərinin müavinləri hesab olunmayacaqlar. 
Bundan sonra PA rəhbəri postu daha çox formal xarakter daşımağa başlayacaq. Parlamentin bu qanun layihəsinə yekdilliklə səs verəcəyi böyük ehtimaldır. 
Bir zamanlar R.Mehdiyevin basdığı düymə və dirijor çubuğu ilə hərəkət edən Milli Məclis artıq PA rəhbərinin karyerasının qürub çağında yüksələn xətt üzrə inkişaf edən yeni qüvvənin sözünü eşitməli olacaq. 

Yeni qüvvənin avanqarda çevrilməsi isə vitse-prezidentlik institutunun əhəmiyyətini artırmağı və PA rəhbəri vəzifəsini formallığa çevirməyi diktə edir. 
Bu gedişat R.Mehdiyevin müavinlərsiz qalacağı demək olsa da, vəzifəsindən azad ediləcəyi kimi qiymətləndirilə bilməz. 
Baş nazir Artur Rasi-zadə kimi, onun da siyasi nəfəsini PA kluarlarında saxlayacaqlar. İndi ölkə yeni mərhələyə qədəm qoyur. Atalar və oğullar dönəmi başlanır. 
R.Mehdiyevin yerinə fövqəladə hallar nazirinin müavini işləyən oğlu onun siyasi yükünü daşımağa çalışacaq. 
Necə ki, mərhum spiker Murtuz Ələsgərovun övladı siyasi karyerasının ən yaxşı vaxtlarından birini yaşayır. R.Mehdiyev isə M.Ələsgərov deyil. 
Onun Azərbaycanın idarə olunmasında, seçkilərin həllində, müxalifət, mətbuat, həbslər, eləcə də beynəlxalq münasibətlər kontekstində siyasi strategiyası var. 
Naxçıvan klanının lideri olan akademikin strateji xəritəsi dünənə kimi idarəçilik modelində tətbiq olunurdu. 
Amma 2013 seçkilərindən sonra mövqeyini əldən verməkdə olan PA rəhbərinin "Dövlət qulluğu haqqında” qanuna dəyişikliklə tamamilə siyasi təsir imkanları məhdudlaşdırıla bilər. 
I vitse-prezident təyinatından əlavə yeni ildən vitse-prezidentlərin də adları məlum ola bilər. Bu da siyasi-iqtisadi idarəçilikdə vitse-prezidentlik təsisatının fəaliyyətini sürətləndirəcək. 
Ancaq sözügedən institut hələlik Azərbaycanda oturuşmadığı üçün Prezident Administrasiyasının və Nazirlər Kabinetinin fəaliyyəti müəyyən müddət formal davam edəcək.

AnaXeber.Az-ın Analitik Mərkəzi yazır ki, R.Mehdiyevin siyasi süqutu Azərbaycanın xarici siyasətində də öz əksini tapacaq. 
Akademikin 1995-ci ildən Moskvanın siyasi kluarlarında qurduğu münasibətlər rəsmi Bakının hər zaman Rusiyanın sözünü eşitməsi, seçkilərin taleyi ilə müşayiət olunub. 
R.Mehdiyevin məqalələrində heç zaman anti-Rusiya ritorikası, Kremlin ölkəmizə zaman-zaman təzyiqləri haqda tezislərə rast gəlmək olmaz. 
Lakin onun yazılı çıxışlarının əksəriyyətində Avropa ikili standartlarda, riyakarlıqda ittiham olunur, qlobal terrorun Qərbdəki dairələr tərəfindən maliyyələşməsi, Avropanın "5-ci kolon”unun Azərbaycanda fəallaşdırılması nüansları yer alır. 
Hərçənd, əsla Rusiyanın ölkəmizdəki "5-ci kolon”un haqda bir sətir yazmayıb. Çünki R.Mehdiyevin siyasi təsirlərinin güclü dönəmində bir sıra strateji və mühüm məsələlər Moskvada razılaşdırılmamış həyata keçirilməyib. 
Akademik "Yeni dünya nizamı və milli ideya” əsərində siyasi-fəlsəfi müstəvidə qloballaşmanı "daxili sosial münasibətlərin formasını dəyişir”, "cəmiyyəti Qərbləşdirir”, "milli mədəniyyəti dağıdır” və s. bu kimi yanaşmalarda təqdim edir.
Bu baxımdan PA rəhbərinin siyasi nüfuzunun təsir imkanları yeni qanun layihəsi ilə məhdudlaşacağı halda, rəsmi Bakının Rusiya və Qərb siyasətində ciddi dəyişikliklər müşahidə olunacaq. 
Əslində, Mehdiyev erasının rəsmən bitirilməsi prosesinə 2010-cu ildən - Avropaya qaçan rektor Elşad Abdullayevin Gülər Əhmədova ilə olan mandat alveri kasetini yayması ilə başlanmışdı. 
Ancaq özünü toparlamağa müvəffəq olan bu siyasi klan 2015-dən sonra sürətlə zəifləməyə doğru getməkdədir. 

Qeyd edək ki, Vəzirov hakimiyyətə gələn kimi ilk plenumda Heydər Əliyevin və onun ətrafına qarşı çıxanlardan biri təəccüblü olsa da Ramiz Mehdiyev olub. Heydər Əliyevin bunca yaxşılıqlarına rəğmən həmin tarixi plenumda Ramiz Mehdiyev mən «Heydər Əliyevin adamı olmamışam» fikirlərini işlətməkdən belə çəkinməyib. 
Amma Moskva hər şeyi əlinin içi kimi bilirdi və 1988-ci ildə Ramiz Mehdiyev KP MK-nin katibi vəzifəsindən çıxarıldı. 
Lakin Heydər Əliyevə qarşı dönüklüyü də nəzərə alınır və Mehdiyev 1988-ci ilin 1 iyun tarixində Azərbaycan Elmlər Akademiyasının ictimai-siyasi təvqiqatlar və informasiya institutuna şöbə müdiri təyin edilir. 
Maraqlı tərəf bundadır ki, 80-ci illərin sonu 90-cı illərin əvvəllərində imperiyanın çöküşü, dövlət çevrilişləri, milli hakimiyyət və yenidən hakimiyyət dəyişiklikləri baş versə də, Ramiz Mehdiyev bir gün də olsun işsiz qalmayıb - indiyədək...
AnaXeber.Az
Turan

Oxşar xəbərlər