Xəbər lenti
Bütün xəbərlər

Ramiz Mehdiyev icra başçılarını ittiham edib

  • 27 yan 2017, 21:18

2016-cı ilin son günlərində – dekabrın 26-da Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin icra başçıları, polis rəisləri, prokurorlar və digər vəzifəli şəxslərin iştirakilə keçirdiyi müşavirədən yeni xəbərlər var. "AzPolitika.info”ya daxil olan məlumata görə, qapalı müşavirə kifayət qədər gərgin atmosferdə keçirilib – PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib. R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Məlumata görə, PA rəhbəri bir neçə icra başçısı və məhkəmə sədrini, o cümlədən Ağcabədi, Suraxanı, Daşkəsən rayonlarının başçılarını, Bakı Apellyasiya Məhkəməsinin sədrini ayağa qaldıraraq, onları şəxsən tənbeh edib, işlərində dönüş yaratmağı tələb edib. R.Mehdiyev Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Əbiyevi əlavə olaraq vaxtının çox hissəsini Bakıda keçirdiyinə görə də danlayıb. Ə.Əbiyev isə bunun qarşılığında "siz də mənim yerimi Bakıya dəyişin” replikasını ataraq, Bakının rayonlarından birində başçı olmaq iddiasını ortaya qoyub.

Müşavirə zamanı yerli başçıların işə münasibəti ilə bağlı daxili araşdırmanın nəticələri də müzakirə olunub. Bu araşdırmaya görə, rayonların başçılarının əksəriyyəti işdə çox az vaxt keçirir, əhali ilə işini düzgün qura bilmir, bir çoxu içkiyə həddən artıq meyillidir, bəziləri isə hətta vaxtını eyş-işrətdə keçirir. Bizə verilən məlumata görə, PA rəhbəri bu kimi hallara son qoymağı, işə məsuliyyətlə yanaşmağı tələb edib, nəticə çıxarmayanlar barəsində sərt ölçü götürüləcəyinə dair xəbərdarlıq edib.

 

PA rəhbərinin bu xəbərdarlığının ciddi nəticəsi olacaqmı, demək çətindir. Lakin bir məsələ tam aydındır ki, belə tərkibdə icra başçıları ilə əhalinin artan narazılığının qarşısını almaq çox çətin olacaq. Əksəriyyəti tükənmiş, yenilik etmək, dövrün tələblərinə cavab vermək iqtidarında olmayan, tamamilə korrupsiyalaşmış bu heyətlə irəliyə getmək, rüşvət və korrupsiya ilə yerlərdə mübarizə aparmaq, elan olunan islahatları həyata keçirmək mümkün deyil. Çünkü korrupsiya, süründürməçilik, insanların problemlərinə laqeyd münasibət, şəxsi maraqların ön planda tutulması kimi "keyfiyyətlər” cəzasızlıq mühitində bu insanların həyat tərzinə çevrilib. Onu asanlıqla dəyişmək mümkün deyil.

Oxşar xəbərlər