Demokratik TV
“Kəlbəcərə kimlər qayıdacaq”?
"Kəlbəcərə bir az şəkili, bir az yevlaxlı, bir az da bakılı qayıdacaq”
Sabah Qarabağın qala qapısı sayılan Kəlbəcərin süqutundan 23 il keçir. Düz 23 ildir ki, hər işğal günü kəlbəcərlilər bir yerə toplaşır, dərdləşir və sonra da hərə öz məskunlaşdığı yerə gedir.
Tanınmış jurnalist Hidayət Elvüsal ötən 23 ildəki yaşantılarını bölüşüb.
- Hidayət müəllim, rəqəmlərin dili ilə danışsaq, ötən 23 il bizə nə deyir?
- Rəqəmlər bizə heç nəyi demir. Yəqin fərqindəsiniz, kimsə oğluna kiçik toy edir, biz də deyirik ki, gün olsun, böyük toyunu Kəlbəcərdə edək. Zaman o qədər sürətlə keçir ki, indi bir vaxtlar sünnəti olanın oğlunun sünnət toyudur, yenə də eyni ifadələri işlədirik. Bilrisiniz, qoyulan şərtlər ağırdır və tərəfimizi tutan dövlət yoxdur. Türkiyə bir dövlət olaraq bəyan edir ki, arxamızdadır. Amma Türkiyənin bir dövlət ənənəsi var, özünü qorumaq üçün son anda istənilən qardaşı qurban verir. Atatürkün, İnönün, Süleyman Dəmrəlin, hamısının vaxtında belə olub.
- Yəni kənardan kömək gözləmək əbəsdir?
- İndi Qarabağ beynəlxalq bir məsələdir. Qarabağ müharibəsinin qızğın vaxtı Rusiyada açlıq idi və Ermənistana kömək edə bilmirdi. Süleyman Dəmirəl açından ölən Ermənistana 100 min ton taxıl göndərdi. Bu fakt eks-baş nazir Nəcməddin Ərbakanın çıxışında da, arxivlərdə də var. Qardaş dediyimiz arxamızda deyil. Söhbətə Türkiyədən başlmağım səbəbsiz deyil. Bir misal çəkəcəm, yunan-türk müharibəsində Atatürk görür ki, yunanların bayrağını yerə atıblar. Buna etiraz olaraq deyir ki, "bəli, bu düşmən bayrağıdır, amma bir millətin qürurudur, o bayrağı yerdən qaldırın”.
Amma Abdullah Güll nə etdi? Sərkisyanla bir saat yarım futbola baxdı və bu zaman Bursada qardaş dedikləri millətin – Azərbaycanın bayrağını ayaq altına atdılar. Türkiyədən gözlədiyimiz bu qədər. Hər halda, görüntü olaraq qardaş deyir, hər halda arabir arxamızda durur. Amma həlledici anda nə olacaq bilinmir...
- Bir zamanlar kəlbəcərlilər Azərbaycanın ən səmimi, mərd insanlarından sayılardılar. İndi necə, bu kimi dəyərlər qoruna bilirmi?
- Məmməd Aslanın qəşəng bir şeiri var: "O Kəlbəcər qayıtmaz, qayıtsa yüz Kəlbəcər!”. Kəlbəcər azad olunacaq, amma ora kəlbəcərli qayıdacaqmı, bunu deyə bilmərəm. Bir az şəkili, bir az yevlaxlı, bir az bakılı qayıdacaq. Amma onlar əvvəlki kəlbəcərli olmayacaq. Ümid bir onadır ki, bəlkə dağlar insanları yenidən kəlbəcərliləşdirə. Gerçəklik odur ki, bu gün Kəlbəcərə qayıdacaq yaşlı insan qalmayıb. Kəlbəcərli sanki indi hardasa çapan çalmaq üçündür. Toyda "Qarabağ bizimdir” mahnısını sifariş edəsən, arvadlar ağlaya, kişilər əl çala... İndi kəlbəcərlilər bunun üçündür. Bizə başqa yol laızmdır, nə yoldur, hələ bilinmir.
- Amma Dilqəm, Şahbaz kimi kəlbəcərlilər də az deyil...
- Əslində Kəlbəcər işğal olunan vaxt bunu etmək lazım idi, mobil qruplarla azad etməli idik Kəlbəcəri... Kəlbəcər bomboşdur. 1994-cü ildə Kəlbəcərin özünə 7 km yol qalmışdı, azad edilirdi o yerlər. Amma olmadı, niyə?.. Görünür nəsə var, bizim bilmədiyimiz məsələdir.
- Azərbaycan insanı torpaqlarımızın azadlığı üçün üzərinə düşən yükü götürə bilirmi?
- Elə şeylər var ki, biz bunu bilmirik. Onu dövlət rəhbərləri bilir. Biz fanat olaraq danışırıq, şeir yazırıq, çapan çalırıq, amma məsələ nə yerdədir, bilmərik. Ona görə hərə bir söz danışır.
"Nazirlər himnimizi oxumağa utanırlar”
- Bəs, toplum olaraq, öz çatışmazlıqlarımız nədən ibarətdir?
- Bizdə hələ Vətən, Torpaq sevgisi yoxdur. Biz bayrağa hörmət etmirik. Nazirlər, müavinləri və başqaları Azərbaycan himnini oxuya bilmirlər, oxumurlar. Utanırlar hmnimizi oxumağa. Prezidentə, Konstitusiyaya, Gerbə, Himnə hörmət formalaşmalıdır.
- Buna hansı xarici institutlar mane olmur ki?
- Biz deyirik ki, nə vaxtsa dövlətimiz olub. Olub, amma dövlətin başqa coğrafiyası, başqa ideologiyası olub. Müasir dünyada dövlətçilik ideyaları var. Azərbaycanda da var, amma yerinə yetirilmir. Çünki rəhbərlikdə olanların çox hissəsi komunistlərdir. İcra başçısına fikir vermisən? Birinci katiblə icra başçısının nə fərqi var? Özü də onlarda bir jest var, əl mütləq pencək cibinə salınmalıdır. Salamı yan tərəfə verirlər. Bu, bolşevik jestləridir. O vaxtdan qalıb, indi də var. Kommunist ruhundan tam azad olmamışıq.
- Digər MDB ölkələri ilə müqayisədə SSRİ-nin qalıqları Azərbaycanda yox səviyyəsindədir.
- Təbii, çünki Azərbaycan Orta Asiya ilə bir tutulmamalıdır. Azərbaycanlı savadlı, acıqgözlü millətdir. Azərbaycanda deyirik ki, bu qədər şairlər var və onlar bədbəxtdirlər. Amma bunun xöşbəxtliyi də var. Çünki şeiriyyətdə bir azadlıq da var, söz demək də var. Sovet hökümətinin vaxtı nə qədər antisovet şeirləri yazılırdı. Xalqın ruhu belədir.
- Ancaq bu şeirdədir. Hətta sovet vaxtı Araz çayının Azərbaycanı 2 yerə bölməsi ilə bağlı kifayət qədər ədəbi nümunələr var idi. Bu problemin gerçəkdə aradan qaldırılması kimsəni maraqlandırmırdı. Hamı şeir yazıb ağlayırdı.
- İndi Kəlbəcərə ağlamaq vaxtı keçib. Kəlbəcər haqqında daha ciddi düşünmək lazımdır. Gözümüz görə-görə Kəlbəcəri verdilər. O vaxtı "Səhər” qəzetində idim, eşitdim ki, 12 boş yük maşınını Kəlbəcərə göndəriblər ki, "Kəlbəcər onsuz da veriləcək, çıxın”. Mən o yazını o vaxt verdim. O vaxt prezident dedi ki, "biz onu bilirdik, gərək yazını verməyəydin”. Etiraz olaraq bildirdim ki, "vermək lazım idi”.
Kəlbəcəri verdilər və verəndən sonra prezidentin müşaviri dedi ki, "Kəlbəcərin ermənilərə verilməsi bügunki hakimiyyətin, iqtidarın siyası addımıdır”.
- Guya beynəlxalq aləmdə Ermənistanı təcavüzkar dövlət kimi qəbul etdirəcəkdilər?
- Hə, guya belə nəticə əldə edəcəkdilər. Dövlətin başında dövlət adamı olmalı idi. İndi deyəcəklər ki, Heydər Əliyevi tərifləyirəm. Xeyr, tərifləmirəm. Ancaq Azərbaycan dövlətini qurmaq üçün mütləq və mütləq Heydər Əliyev lazım idi. Görün nələr baş verdi, hakimiyyət o vaxt meydanda soyunub-qaçan uşaqlara vəzifə verdi. Soyunub-qaçana vəzifə verilmir, onu göndər basketbol, futbol oynasın. Ona vəzifə verməzlər. Nə zurnaçı, nə dəllək qaldı, hamısını gətirib icra başçıları etdilər. İnanın, bir az da belə davam etsəydi, bir az da keçsəydi, Azərbaycan yox olacaqdı. Dövlət quruldu. İndi dövləti idarə etmək lazımdır. Dövləti bir adamla idarə etmək olmaz. Dövlət kütləvi bir şeydir. Türklər şəhid olanda bayraq asırlar. Bizdə idarələrdə Azərbaycanın bayraq yoxdur, qalsın evlərdə.
- Biz bir neçə şəhid dəfnində iştirak etmişik. Evlərin qarşısından bayrağımızı asırlar.
- Bir daha deyirəm elə bir şey olur ki, bütün ölkədə bayraq asılır. İdarələrdə bayraqlar yalnız mərasim üçündür. Tapşırırlar ki, bayraq asın və onlar da asırlar.
- Yəni insanların ürəyində bayraq yoxdur?
- Yox, insanların ürəyində dövlətçilik yoxdur. Bayrağa hörmət yoxdur, gerb yoxdur. Bunlar insanın ürəyində olmalıdır. Bizdə dövlətçilik hissi çox aşağıdır, demək olar ki, yoxdur.
- Bunu nəylə əlaqələndirmək olar?
- Görmüsünüz ki, Cəbrayılın işğal günündə kəlbəcərlilər, ağdamlılar yığışa onların başına və əksinə? Hərə öz dərdini çəkir. Bizdə regionçuluq, qəbilə şüurundan çıxış olmayıb. Kəlbəcərin də işğal günündə kəlbəcərli və bir-iki dost gələcək. Çünki Cəbrayılın o ağır günü bizim vecimizə olmayıb. Bax dövlətçilik, vətən budur. Bizdə heç biri yoxdur.
- Bəlkə maraqlı təkliflə çıxış edəsiniz ki, işğal olunmuş rayonların anım mərasimləri fərqli olsun.
- Bunu da desəm, soruşacaqlar ki, bu nədir? Hərə deyəcək ki, "ayrı keçirirəm”. İcra başçısı çapan çaldıracaq. Onlar qoymayacaq. İcra başçıları imkan verməz. Məncə təklifiniz dəstəklənməlidir. Yaxşı təklifdir.
- Bu bölücülyə, kiçilməyə gətirib çıxarır. Hər ay, hər gün anım mərasimi keçirmək olar?
- Biz az qala xanlıqlara bölünmüşük. Partiyalar belə... Məsələn Şirvan partiyarları, Qarabağın bir-iki partiyası var. Bunu etiraf etmək lazımdır. Boğazdan yuxarı danışmaq lazım deyil. Bizə Vətən, Torpaq anlayışları çatmır.
- Bu gün Azərbaycan insanı Kəlbəcərlə Səbailin fərqində deyil. Fikirləşir ki, Kəlbəcər başqadır, Səbail başqa, bu yanaşmanı necə qəbul edirsiniz?
- Yanlış dəyərləndirmədir. Dövlət idarələrində bəzən istər bakılı, istər cəbrayıllı olsun, müharibədə əlil olmuş adamlara deyirlər ki, "səni ora mən göndərmişdim?”. Halbuki, ayağını itirən ora getməsəydi, bu sözü deyən, onu qınayan adamın nə arvadı, nə uşağı burada olardı. Bu, bəladır. Şərəfsizlik, vətənsizlik budur. Məsələ buradan başlayır.
- Kəlbəcərin işğal günü, sonrakı vaxt... Ayrı-ayrı rayonların ziyalıları toplaşıb gedirdilər öz rayonlarına və dəstək dururdular. İşğaldan sonra, 1994-95-ci illərdə Qazax, Tovuz, Goranboy, Tərtər sakinləri dedilər ki, ziyalıların hesabına bu rayonlar işğal olunmadı. Kəlbəcər ziyalıları bu məsələdə zəif oldular, yoxsa necə?
- Doğru yanaşma deyil. Kəlbəcər strateji bir yerdir. Dağlıq Qarabağ və ərafını tutdular. Bircə Sərdar Həmidov Tərtər torpağını vermədi. Tərtəri də işğal etsəydilər, həlqənin içərisində Dağlıq Qarabağ qalacaqdı. Qazax, Tovuz onlar üçün o qədər də əhəmiyyətli deyildi.
- Dediyiniz odur ki, bu ziyalılıq məsələ deyil?
- Əslində Kəlbəcər ziyalıları qədər Kəlbəcər uğrunda danışan, vuruşan olmayıb. Bir dəfə Mütəllibovun vaxtında elan verib, Bakı-Sumqayıt ziyalılarını mən bir yerə yığmışdım. Minlələrlə insan gəlmişdi.
- Hidayət müəllim, bir zamanlar çox aktiv idiniz, indi çox az görünürsünü, bu nə ilə bağlıdır? Nədənsə çəkindiniz, nədənsə iyrəndiniz, necə oldu ki, belə addım atdınız?
- Əlbəttə, yaşın da təsiri var, eyni zamanda inciklik də var. Həm də indi sözü demək üçün o meydan, qəzet yoxdur. Hər qəzetin özünün bir üslübü var, gərək tutasan.
"İndi harada pul varsa, kəlbəcərlilər ora yığışır”
- Yalnız sizin jurnalist fəaliyyətinizi demirik. Dediniz ki, bir çağırışınızla ziyalları yığdınız. Kəlbəcərin işğalından əvvəlki vaxtlarda indiki tanınan ziyalılarımızın o vaxt yanınıza gəlirdilər. İndi yanınıza gələn varmı, axtarırlarmı?
- Vaxt var idi. Söz, avtoritet idi. İndi pul vaxtdır. İndi harada pul varsa, kəlbəcərlilər ora yığışır. Kəlbəcərlilər yeganə camaat idi ki, dilənmədi, qolu ilə, əlinin qabarı ilə pul qazandı.
- Uşaqlığınızın çox hissəsi Söyüdlüdə keçib. Rəhməlik qardaşınız, el şairi Şücaətin bir şeiri var idi: "Günlər olaydı”. O günlər üçün darıxırsınız?
- Kəlbəcər bizim doğulduğumuz, göz açdığımız, gəzidiyimiz, dərsə getdiyimiz, ilk dəfə sevdiyimiz bir yerdir. Bütün gözəl şeylər ordadır və onları da əlimizdən alıblar.
- Kəlbəcərlə bağlı daha çox nələr xatırinizdədir?
- Ən çox Sarıdaşı. Sarıdaşda xırman var idi, xırmanda bir alma ağacı. İlk dəfə sevdiyim qızın adını o alma ağacına bıcaqla yazmışam. Uşaqlıqda ən çox evdən uzaq getdiyim yer Sarıdaş, bir də Söyüdlü olub. Ən gözəl hisslər də orada qaldı.
- Kəlbəcərli gənc nəsil Kəlbəcəri yaşada bilirmi?
- İki cür kəlbəcərli var. Çox gözəl gəncləri var. Savadlı, yaxşı qələmləri var, yaxşı həkimlərimiz var və s. Kəlbəcər beyni indi fərqli böyüyür. 1939-cu ildə alman və rus alimləri Kəlbəcər və Laçına gəliblər. Araşdırma aparıblar ki, niyə bu insanlar uzun illər yaşayır, həm də düşünərək yaşaya bilir, sənətlə məşğul olaraq yaşayır, şeir yazır, amma 90-100 il yaşayır. Şeir və yazıda elə bir şeydir ki, insanı tez apara bilir. Həmin elmi axtarışın üstünü örtdülər, səs çıxmadı ki, nəticə nə oldu. Kəlbəcər bir sirr olaraq qalır...
- Bəzən belə fikirlər səsləndirilir ki, Kəlbəcərin təbii ehtiyatları həm də oranın insanları idi. Oranın adamlarını nə idi fərlqəndirən?
- Əgər sən təbiilik, təmizlik istəyirsənsə, Kəlbəcərə gedib bir kişi ilə söhbət etməklə buna nail olardın. O qədər gözəl söhbərt edirdilər ki... Bütün türk dillərinin ən gözəl mayası Kəlbəcərdə idi.
- Bəs insanları?
- İnsanları da təbiidir. Bunu necə təsəvvür edim?.. Kəlbəcər insanı vəsflə gələn bir şeydir. O insanlar olmayacaq. Orada yalan yox idi. Orada yad adam görəndə, saxlayardılar, buraxmazdılar, ən yaxşı yeri verərdilər, qonaq edərdilər. İndi kəlbəcərli bilmir qohum, qardaş haradadır. Kəlbəcərin kimyası pozuldu.
- Hidayət müəllim, öyündüyünüz uzun paltar, qaloş geyinən, yaşmaq taxan, papaqlı, çəkməli kəlbəcərlilər Azərbaycanın böyük şəhərlərində isti qarşılanmadılar. Necə qəbul etdiniz bunu?
- Elədir, ona görə də o insanlar dözmədi, öldülər. Region geyimləri, xarakterləri var...
- Nəticədə bütün Azərbaycanda kəndlə şəhər qarışdı. İndi şəhərli ilə kəndlini ayırd edə bilmirsən. Halbuki, ən gözəl dəyərlər regionlarda, kəndlərdə qorunurdu. Necə olacaq bunun sonu?
- Biz başqa dövlətdə, başqa yerdə doğulduq, başqa yerə gəldik. Ucqarlardan qaçan qızları görürsən, internetə girirlər, qaçırlar.
- Sizin gənc nəslə tövsiyəniz nədir?
- Gənc nəslə heç nə tövsiyə etmirəm. Çünki özümü hələ gənc hesab edirəm. Gənc nəslə tövsiyə etməzlər. Gənc nəsil istər kəlbəcərli, istər cəbrayıllı olsun, istəyirəm ki, hər bir kəsdə dövlətçilik hissi olsun. Bayrağı, Gerbi, Himni sevsinlər, bu olmasa, nə Kəlbəcər, nə Bakı, nə Gəncə, heç bir şey olmayacaq. Torpaq sevgisi yoxdur. Torpaqdan ötrü ölürdük, vuruşanlar getdilər... Amma bu gün topaqdan ötrü vuruşub ölənlər yoxdur.
- Kəlbəcərə bağlı adamsınız. Sizin üçün Kəlbəcər nə deməkdir indi?
- Mənim üçün Kəlbəcər yuxularımda gördüyüm və xəyalımda canlandırığım yerdir. Məsələn, nə üçün Daşkəsən və Gədəbəyə tərəfə getmirəm. Fikrimcə getsəm, orada ölə bilərəm. Ona görə getmirəm. (modern.az)