Elçibəyi Təbriz Həbsxanasına göndərən milli hədəf-anaların dili

  • 22 fev 2015, 16:25
Bəli, hamını milli valyutanın gələcək evolyusiyası düşündürdüyü bir vaxtda başqa mövzudan yazmaq bir az çətindir, amma nə edəsən ki, hakimiyyətin vədlərinə rəğmən əvvəlcədən deyirdik ki, neftin qiymətinin kəskin düşməsi ölkədə bir sıra böyük sosial-iqtisadi problemlər yaradacaq...

Amma indi bundan bəhs etmək niyyətində deyilik; Mərkəzi Bank sərəncam verib, milli valyuta üçün kurs müəyyən edilib, gözləyək, görək bundan sonra nə olur?

Bu yazının yazıldığı gün başqa bir əlamətdar günə təsadüf etdi- o gün beynəlxalq ana dili günü idi. Düşünrük ki, elə bu mövzu da heç də maraqsız və əhəmiyyətsiz deyil, baxmayaraq ilk baxışda bununla bağlı ciddi problemlər yaşanmır; öz dilimizdə yazırıq, danışırıq, təhsil alırıq...

Amma milyonlarla azərbaycanlı var ki, bundan məhrumdur. Elə bu səbəbdən də onların da dərdlərini bir yada salmaq elə də pis olmazdı...

Son vaxtlar biz milli problemlərə o qədər də diqqətli deyilik. Səbəbi də budur ki, hakimiyyət bizə məişət problemlərinin məngənəsindən çıxmağa imkan vermir...

İnsan da elədir ki, məişət onu sıxanda böyük materiyalar haqqında düşünməyə həvəsi olmur. Amma bu, təbii ki, hamıya aid deyil. 

Elə insanlar olub və indi də var ki, o adamlar harada və necə yaşamalarından asılı olmayaraq həmişə öz ideyalarına sadiq olurlar... 

Yadıma gəlir, Əbülfəz bəy Kələkidən lap təzəcə qayıtmışdı. Onunla Bakıdakı mənzilində söhbət edirdik...

Söhbət AXCP-nin siyasətinin istiqamətləri haqqında idi. Birdən Əbülfəz bəy qayıtdı ki, bəy, kaş, bir siyasi lider olaydı, özü də lap faşist olaydı, amma iki Azərbaycanı birləşdirəydi, məni də Təbriz həbsxanalarından birinə ataydı, inan ki, özümü dünyanın ən xoşbəxt adamı sanardım...

O vaxt mən ona heç nə demədim. Amma bu epizod uzun müddət yadımda qaldı. Təbii ki, mənim kimi demokratiyaya hər şeydən çox önəm verən adam üçün bu, bir qədər gözlənilməz olmalı idi.

Amma bir söz demədim, çünki bu fikirdə iki mühüm detal vardı. Birincisi, burada Əbülfəz bəyin ən çox önəm verdiyi problem açıqlanırdı. İkincisi də onun dövlətə və dövlətçiyə, onların fəlsəfəsinə baxışı aydınlaşırdı...

Mən anladım ki, Əbülfəz bəy dövlət məsələsində bizdən daha fəlsəfi düşünür. Onun üçün əsas milli dövlət idi... 

Bizdən fəqrli olaraq o, əvvəlcədən belə bir fikirlə barışmışdı ki, dövlət birdən birə demokratik ola bilməz. Bunun üçün müəyyən zaman lazımdır, bunun üçün insanlar ayrıca mübarizə aparamalı və fədakarlıq göstərməlidirlər...

O bunları görür və başa düşürdü. Amma biz daha çox bu fikirdəydik ki, bir dövlətin demokratik olması üçün onun bütün bəşəriyyətin keçdiyi siyasi yolu təzədən keçməsinə ehtiyac yoxdur...

Amma Əbülfəz bəy daha fərqli düşünrdü. İndi Azərbaycan dövlətinin yaşı nə qədərdir? Cəmi 24 il! 

Bu yaşda uşaqlarımızı biz hələ də körpə hesab edirik, di gəl, dövlət məsələsində özümüzü elə aparırıq ki, sanki söhbət 24 ildən deyil, 24 əsrdən gedir!..

Yeri gəlmişkən bir məsələni də deyim. Söz sözü çəkir. Əbülfəz bəyin vaxtında deyirdilər ki, o, olmasa da başqa birisi güney Azərbaycan problemini daim gündəmdə saxlayacaq. Amma belə olmadı. Onun vaxtında bu problem birinci olduğu halda indi heç axırıncı da deyil; demək olar ki, heç kim bu haqda danışmır, hamı özünü "realist” və "praqmatist” siyasətçi hesab edir...
Elə bu səbəbdən bu yazıda məhz bu problemə toxunmaq qərarına gəldik. Elə günün özü də mövzu üçün düşərli idi: ana dili günü idi axı...

Bu, necə deyərlər, başlanğıcdır. İnsan öz dilində yaza, danışa bilmirsə, bu dildə təhsil ala bilmirsə, onu bir milli fərd kimi qəbul etmək olarmı? Deyirlər ki, nə dəxli var, onsuz da bütün dünya az qala iki dildə danışır, ya ingilis dilində özünü ifadə edir, ya da  ki, fransız dilində...

Amma belə deyil. Bəzi məsələlərin anlayışı yaşla, zamanla gəlir. Bəzi məsələləri başa düşmək üçün həqiqətən də bir az yaşa dolmaq lazımdır və bu o qədər incə məsələdir ki, özün o yaşa gələnə qədər bunu qəbul edə bilmirsən...

Qara Qarayev kimi adam deyirmiş ki, mən yaşa dolduqca Üzeyir bəyi daha yaxşı başa düşməyə başlayıram...

Bilirsiniz, yaş qəribə məsələdir. Adam qocaldıqca bilirsiniz milli köklər onu necə çəkir?

Təbii ki, nə mən Qara Qarayevəm, nə də Əbülfəz bəy Üzeyir bəy. Amma mən də yaşa dolduqca bəzi məsələlərə daha fəlsəfi, hətta bir az da sufiyanə yanaşmağa başlayıram və özüm özümə deyirəm: sən burada liberal dəyərlərin savaşını aparırsan, amma milyonlarla soydaşın öz dilində təhsil ala bilmir...



Hüseynbala Səlimov