Demokratik TV
Qadın peyğəmbər niyə olmayıb?
Seyid Camal Əzimbəyli: "Allahın elçilərini də dünyaya gətirən analardır”
Elşad Miri: "124 min peyğəmbər... Bu, şişirdilmiş rəqəmdir”Peyğəmbəri qədim yəhudi dinində nəvi (ərəb dilində nəbi) adlandırmışlar. Qədim Fələstində ekstatik vəziyyətdə Allahın adından danışan vaizə, VIII əsrdən isə belə dini natiqlərə və vaizlərə Peyğəmbər deyilirdi. İsrail-Yəhudi cəmiyyətində sosial-siyasi ziddiyyətlərin kəskinləşməsi nəticəsində baş vermiş hərəkat Peyğəmbərlər hərəkatı adlandırılmışdır. Peyğəmbərlər insanları aşağı sosial təbəqəyə edilən zülmə qarşı mübarizəyə, müharibələrə son qoymağa, qılıncı döyüb kotan eləyib və bərabər yaşamağa çağırır. Onların dini-siyasi nitqləri, moizələri, vəhləri əvvəlcə şifahi yazılır,sonralar məcmuə şəklində toplanır. Peyğəmbərlərin moizələri, kəlam və göstərişləri dinlərin ideologiyasına böyük təsir edib. Orta əsrlərdə baş vermiş xalq hərəkatlarında utopik sosialistlər peyğəmbərlərin ideyalarından istifadə etmişlər.
İslam inanclarına görə, bəşər tarixində 124 min peyğəmbər olmuşdur. Amma vəhyalma xüsusiyyətlərinə görə onlar bir-birindən fərqlənmişlər. Məhz bu deyilən xüsusiyyətə görə biri digərindən üstün olmuşdur. Onların əksəriyyəti nəbidirlər. Yəni həm qeybdən gələn səslər vasitəsilə, həm də yuxuda vəhy almaqla vəhy mələyini gözləriylə görə biliblər. Maraqlı və sual doğuran məqamlardan biri də budur ki, 124 min peyğəmbərin olduğu iddia edildiyi təqdirdə niyə məhz qadın peyğəmbər Yer kürəsinə göndərilməyib. Baxmayaraq ki, islam dininin müqəddəs kitabı sayılan Qurani-Kərimdə qadınla kişinin bərabərhüquqlu olduğu qeyd edilir. Əgər bərabərhüquqludursa, niyə qadın peyğəmbər göndərilməyib?
Bununla bağlı Cebhe.infoya danışan ilahiyyatçı Elşad Miri qadının çətinlik çəkə biləcəyi üçün qadın peyğəmbərin göndərilmədiyini bildirdi: "Qadının peyğəmbər olub-olmaması ilə bağlı Qurani Kərimdə qeyd edilir ki, biz kişiləri peyğəmbər seçdik. Bu da onunla bağlıdır ki, qadın zərif bir yaradılış olduğu üçün peyğəmbər funksiyasını yerinə yetirməkdə çətinlik çəkə biləcəyi üçün bu iş kişiyə həvalə edildi. Bu o demək deyil ki, qadın dində ikinci dərəcəli sayılır. Əksinə, həmin o peyğəmbərləri də dünyaya gətirən ana qadındır. Quranda adı çəkilən yeganə qadınMəryəmdir. Müqəddəs kitabımızda Məryəmin digər qadınlardan üstün tutulduğu bildirilir”. 124 min peyğəmbərin olduğu qeyd edilir. Yəqin ki, içərisində qadın da var...
Elşad Miri deyir ki, əslində 124 min rəqəmi doğru deyil: "Allah Qurani-Kərimdə buyurur ki, hər xalqa cahillikdən xilas olmaq üçün, onların düz yola gəlməsi üçün peyğəmbər yolladıq. Bu 124 min məsələsi hədislərdə var, heç orda da konkret bir rəqəm qeyd edilmir. Heç kim onu saya bilməz. Əgər onlar fərqli zaman və fərqli məkanlarda yaşayıblarsa bunun dəqiq sayını heç kim bilə bilməz. Bəlkə 123535 dənədir? Bu rəqəmlər şişirdilmiş rəqəmlərdir. Gəlin məsələyə başqa prizmadan yanaşaq. Məsələn, bu gün Qurani Kərimin peyğəmbər kimi qəbul etdiyi Süleyman peyğəmbəri yəhudilər peyğəmbər kimi qəbul etmir, kral kimi qəbul edirlər. Davud peyğəmbəri müsəlmanlar peyğəmbər, yəhudilər hökmdar kimi qəbul edirlər.Peyğəmbər sözü fars dilində elədir, ərəb dilində nəbi, rəsul, yunan dilində filosof, türk dilində xaqan kimi qiymətləndirilib. Heç kim deyə bilməz ki, xaqanlardan, filosoflardan hansısa bri peyğəmbər kimi göndərilib, yoxsa yox. Onlar da peyğəmbər ola bilər, bunu heç kim nə təkzib, nə də təsdiq edə bilər”.
Məsələ ilə bağlı bir neçə ilahiyyatçının fikirlərini öyrənmək istədik. Daha dəqiq qeyd etsək bununla bağlı sosial şəbəkələrdə, sosial mediada bu tip müzakirələr çox getdiyi üçün buna ilahiyyatçılarla aydınlıq gətirmək qərarına gəldik.
Qarabağ Seyid Ocaqlarının nümayəndəsi, şərqşünas Seyid Camal Əzimbəyli qadınların peyğəmbər olmamasını qeyri-bərabərlik kimi qiymətləndirməyin qətiyyən doğru olmadığını bildirdi:
"Ən böyük demokratiya islam dininin gətirdiyi qaydalar içərisindədir. 124 min peyğəmbərin ən sonuncusu olan Məhəmməd əleyhissəlam sonuncu xütbəsində qadınların kişilər üzərində haqlarını, onların kişilərə bir əmanət olduğunu bəyan edib. Bir şeyi unutmamalıyıq. Həmin peyğəmbərlərimizi də dünyaya ehsan edən müqəddəs varlıq elə məhz qadınlar, analardır. O analar ki, bəşəriyyətə iman gətirəcək, Allahın kəlamlarını bizə bəxş edəcək bir şəxsiyyətləri cəmiyyətimizə ehsan ediblər. Demək ki, o analar da İlahidən mükafatlanmışlar. Qurani Kərimdə buyurulur ki, qadın incə məxluq kimi yaradıldı. Peyğəmbərlik isə elə bir bəxşişdir ki, bu yolda eniş də var, yoxuş da. İnsan iki hissədən ibarətdir: ruh və cisim. Bəzən insan cismi ruhun tələbatını ödəməyə mübtəladır. Bu kimi prinsipləri əsas götürsək və onu da əlavə etsək ki, uca Rəbbimiz də qadınların mühafizə edilməsinin tərəfində olub, ona görə də qadınların peyğəmbər olmaması ilə bağlı sualınız cavablanmış olur”.
Tanınmış publisist, ilhahiyyatçı Vaqif Cəliloğlu da hesab edir ki, peyğəmbərlərin sayının neçəliyi nə müqəddəs kitabımız olan Quranda, nə də ondan əvvəl nazil edilən Tövrat və İncildə göstərilməyib: "Sadəcə, bu rəvayət edilib. Bir rəvayətdə 124 min , digər bir rəvayətdə isə 224 min kimi qeyd edilir. Dini kitablarda peyğəmbərlərin sayı barədə heç bir göstəriş yoxdur. Qurani-Kərimdə 25 peyğəmbərin adı çəkilir. O deyilən 124 min peyğəmbərin adı yazılsaydı, bütün Quran kitabı adla dolu olardı.
Qadınlarla bağlı məsələyə gəlincə, V.Cəliloğlu deyib ki, peyğəmbərləryalnız kişilərdən göndərilib: "Bu, Quranda da qeyd olunub. Bu, o demək deyil ki, bununla kişi qadın bərabərliyi pozulur. Sadəcə qadının funksiyası Allahın izni ilə körpə dünyaya gətirmək, onu bətnində gəzdirmək kimi bir şərəfli vəzifəni yerinə yetirməkdir. Qadınlar peyğəmbərləri, sərkərdələri, alimləri, siz jurnalistlər kimi şərəfli insanları dünyaya gətirir. Ona görə qadınlar müqəddəsdir. "Qadınlar peyğəmbərlik kimi çətin bir işin öhdəsindən layiqincə gələ bilməzdi, çətinliyə dözüm gətirə bilməzdi” deyə, Allah da buyurur ki, biz peyğəmbərləri kişilərdən yaratdıq. Qadın necə bələkdə körpəsini qoyub insanların qarşısına çıxıb cahilliklə savaşa bilərdi, qadın necə övladını sahibsiz qoyub cahillərlə mübarizə apara bilərdi?”
Peyğəmbərlərin göndərildiyi qədim zamanlarda cahillik hökm sürürdü. Bir kişi peyğəmbər başqasının qadınını dinə, imana səsləyirsə, onu özünün bildiyi düz yola dəvət edirsə, o, başqasının qadını üçün naməhrəm deyildimi? Məhrəm olmayan birisinin dəvət etdiyi yola düz olsa belə, getmək nə dərəcədə məqbul sayıla bilərdi? Xanımların qadınpeyğəmbərlərin vasitəsilə doğru yola, imana dəvət etmək doğru olmazdımı?
Vaqif Cəliloğlu deyib ki, qadınların düz yola çəkilməsi üçün qadın peyğəmbərin göndərilməsi lazım deyil:
"Lazım olsaydı Rəbbimiz bunu edərdi. O ki qaldı qadını düz yola çəkməyə, qadına xas olan şeyləri qadınlara izah etməyə burada peyğəmbərə deyil, qadın ilahiyyatçıya ehtiyac var. Çox uzağa getməyək. Elə yas mərasimlərində qadın mollalar da var. Qadınlara məlum olmayanları onlara başa salır. Düzdür, onların sayı o qədər çox olmasa da, amma var. Təkrar edirəm, peyğəmbərləryalnız kişilərdən olmalıdır. Qadın ilahiyyatçıların, din xadimlərinin olması labüddür. Amma onların peyğəmbər olması buyurulmur”.
Cebhe.info