“İsa peyğəmbərin arvad-uşağı olub”

  • 12 noy 2014, 09:32
"İsa Məsihin Mariya Maqdalena adlı gizli arvadı olub, həmin arvaddan da iki oğlu" olub.

ANS PRESS-in məlumatına görə, "Washington Post" yazır ki, bunu yeni çap edilmiş "The Lost Gospel” (İtirilmiş İncil) kitabının müəllifləri iddia edirlər.
Kanadanın York Universitetinin professoru Barri Vilson və sənədli film rejissoru Simşa Yaqoboviçi deyirlər ki, xristian peyğəmbərinin əsl kimliyi əsrlər boyu yalan məlumatlar və yozumlar içində gizlədilib:

"Vatikanın həmişə qorxduğu məsələ (Dan Brown-un "Da Vinçi kodu” əsərində yalnız şübhələndiyi məsələ) axır ki, həqiqətə çevrilib üzə çıxdı”.

Kitab arami dilində yazılan və 1500 il yaşı olan əlyazmaya əsaslanır. Həmin əlyazma Britaniya Kitabxanasında tapılıb.

Heyvan dərisi üzərindəki həmin yazılar Britaniyaya Misirdəki kilsələrin birindən 1847-ci ildə gətirilib.

O zamanın alimləri əlyazmanı tədqiq etmiş və əhəmiyyətsiz eksponat kimi arxivə vermişdilər.

Qeyd edək ki, İsa Məsihin ailə qurması və arvadının uşaq dünyaya gətirməsi məsələsi məşhur Amerika rejissoru Martin Skorsezenin 1983-cü ildə çəkdiyi "İsa Məsihin son günahı” adlı qalmaqallı filmində də əksini tapıb.

Dini mətnlərdə isə Mariya Maqdalena İsa Məsihin tərəfdarı, onun çarmıxa çəkilməsinin şahidi olan qadın kimi təqdim edilir. Filmdə isə o, pis yola düşmüş qadındır, İsa Məsih onunla ailə qurur və onların övladları olur.

Amma İsraildən Amerikaya qədər bir çox ruhanilər və alimlər bu nəzəriyyəni, xüsusən də yeni kitab müəlliflərinin yazdıqlarını rədd edirlər.

"Bu bir reklam tryukudur və bu adamlar əməlli-başlı varlanacaq” – deyə Arizona Universitetində çalışan arxeoloq Vilyam G. Dever bildirərək: "Bu fakt təxəyyül məhsulundan ayıra bilməyən milyonlarla günahsız insanı məyus edəcək” əlavə edir.
Oxşar xəbərlər