Sayğac quraşdırılarkən aldanmayın, PULSUZDUR! / ARAŞDIRMA

  • 02 iyun 2020, 19:37
Yeni yaşayış binalarına və fərdi evlərə qaz, su, işıq xətlərinin çəkilməsi zamanı sayğacların quraşdırılması ilə bağlı vətandaşlar zaman-zaman müxtəlif çətinliklərlə qarşılaşırlar.
Onlar sayğac quraşdırılması üçün hər hansı məbləğ ödəməlidirlərmi? Sayğacların quraşdırılması üçün tələb olunan dövlət rüsumu ödənişi necə edilməlidir? Sayğac quraşdırılması proseduru necədir?
"Azəriqaz” İstehsalat Birliyinin (İB) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirib ki, qazlaşdırmanın həyata keçirilməsi iki formadadır: dövlət hesabına və fərdi şəkildə. Dövlət hesabına həyata keçirilən qazlaşdırma aparıldığı zaman vətəndaş heç bir ödəniş həyata keçirmir:
“Dövlət vəsaiti hesabına həyata keçirilən qazlaşdırma, Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncamlarla təsdiqlənmiş, dövlət büdcəsindən ayrılan, sırf sosial siyasətin tərkib hissəsi olaraq icra olunan qazlaşma proqramıdır. Bu cür proqramlar ilin əvvəlində yerlərdən gələn müraciətlər, yerli icra hakimiyyətlərinin təqdim etdiyi təkliflər, eləcə də aparılan monitorinqlər əsasında hökümət tərəfindən hazırlanır və müvafiq olaraq dövlət büdcəsindən vəsait ayrılır. Bu halda bütün işlər həmin vəsait hesabına icra olunur. Həm sayğac quraşdırılması, həm qaz xətlərinin, həm daşıyıcı xətlərin çəkilməsi vətəndaşın mətbəxindəki qaz sobasına qədər çəkilməklə icra olunur”.
Azəriqaz”: “Payız-qış mövsümündə təbii qaza olan gündəlik tələbat ...
Ceyhun Səfərov qeyd edib ki, fərdi qazlaşma vətəndaşın dövlət proqramı əsasında həyata keçirilən qazlaşma prosesi bitdikdən sonra, yenidən öz fərdi yaşayış yerinə qaz çəkməsidir. Bu proses qazlaşdırma proqramından sonra həyata keçirildiyi üçün vətəndaş öz evinə qaz çəkməkdən ötürü mütləq fərdi qazlaşmanı icra etməlidir:
“Bu işdə şəffaflığı təmin etmək üçün bütün prosedurların ASAN Xidmət və ASAN Kommunal mərkəzlərində həyata keçirilməsi məqbuldur. Tək-tək insanlara, fərdi şəkildə kimlərəsə müraciət etməyərək, eyni zamanda işbazlara və dələduzlara rast gəlməmək üçün vətəndaşın ASAN Kommunala müraciət etməsi tövsiyyə olunur. Burada hər şey aydın şəkildə vətəndaşa izah olunur. Bu proseslərin icrası üçün isə rüsum ödəmək lazım gəlir. Burada ödənilən məbləğ sayğacın qiyməti deyil, dövlət rüsumudur və vətəndaşlar o rüsumu ödəyirlər”.
Ceyhun Səfərov həmçinin qeyd edib ki, fərdi yaşayış evlərini “Azəriqaz” sayğaclarla pulsuz təmin edir:
“Vəsaiti ödədikdən sonra layihənin işlənməsi, texniki şərtlər və s. proseslər izah olunur və vətəndaşların podratçı lisenziyası olan xüsusi tikinti təşkilatı ilə əlaqəsi yaradılır. Bu tikinti təşkilatı lisenziyanı heç də “Azəriqaz”dan almır. “Azəriqaz”ın belə səlahiyyəti yoxdur. Lakin aldanmamaq üçün məhz bu mərkəzlərdən əlaqələndirilmiş təşkilatlarla əməkdaşlıq etmək tövsiyyə olunur. Həmin təşkilat lazım olan avadanlıqların hamısını vətəndaşla bir yerdə müəyyən edir. Burda müəyyən vəsait ortalığa çıxır, podratçı təşkilat həm öz xidmət haqlarını ora əlavə edir, həm də alınacaq avadanlıqların qiymətini. Avadanlıqların  alınması üçün vətəndaşlar tam sərbəstdir. İstədikləri yerdən ala bilərlər. Tikinti təşkilatı ilə vətəndaş arasında olan razılaşmaya isə “Azəriqaz” heç bir halda müdaxilə etmir. Fərdi yaşayış evlərində, kənd, qəsəbə, massiv evlərində podratçı tərəfindən fərdi qazlaşmanın həyata keçirilməsinə baxmayaraq, sayğaclarla təminat pulsuzdur. G4 markalı məişət sayğacları “Azəriqaz” tərəfindən pulsuz verilir. Amma söhbət bina evlərindən getmir. Bina evləri artıq MTK-ların icra etdiyi məsələdir ki, onlar sayğacları “Azərqaz” dan alırlar və daha sonra isə həmin sayğacları bina evlərində mənzillərə müəyyən edilmiş qiymətlər  əsasında quraşdırırlar”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat xidməti və ictimai əlaqələr şöbəsinini rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, sayğacların quraşdırılması tam pulsuz şəkildə həyata keçirilir:
““Azərsu” tərəfindən sayğacların quraşdırılması tam pulsuzdur. Heç kəs deyə bilməz ki, “Azərsu” pul tələb edir. Bu cür problemlərin araşdırılıb, həll edilməsi üçün vətəndaşlar "Azərsu"ya müraciət edə bilərlər”.
Anar Cəbrayıllı: Yeni sutəmizləyici qurğunun inşası yekunlaşıb ...
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu isə bildirib ki, sayğacın quraşdırılması iki qaydada həyata keçirilir və heç bir halda əldən-ələ pul ödənilmir:
Vaqif Aydınoğlu ATV-də yüksək vəzifəyə gətirildi, iki serial ...
“"Azərişıq” sayğacın quraşdırılmasını iki qaydada həyata keçirir. Birinci qayda elektron müraciət, ikinci isə ASAN Xidmətə müraciət etməklə baş tutur. Dövlət rüsumu Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq həyata keçirilir. “Azərişıq” əməkdaşına hansısa formada pul vermək mümkün deyil. Çünki istənilən halda ödəniş onlayn şəkildə həyata keçirilir. İstər sayt, istər vətəndaş öz kartı, istərsə də ASAN ödəmə vasitəsilə onlayn qaydada ödəniş həyata keçirilir. Sayğac və ya elektrik enerjisində yaranmış borc məsələsində də heç bir halda əldən-ələ ödəniş olunmur. Vətəndaş elektron qaydada və ya ASAN Xidmətə müraciət etməklə, ən qısa vaxtda göstərilmiş qaydalara uyğun olaraq sayğacla təmin olunur”.
/Mənbə - Redaktor.az/
Oxşar xəbərlər