100 il əvvəl aldananların aqibətindən dərs çıxarırıqmı?

  • 27 may 2020, 08:38
Bu mövzunun bu ərəfədə, 28 May istiqlal gününün növbəti ildönümündə aktuallaşması təbiidir.
“102 il əvvəl Şərqdə ilk demokratik dövləti biz qurmuşuq” sözünü heç kəs qəribçiliyə salmasın, bu, hamımızın, eləcə də gələcək nəsillərin qürur duya biləcəyi bir nailiyyətdir.
102 il əvvəl dünyada demokratik quruluşa sahib dövlətlərin sayı 20 civarındaydı və onlardan biri məhz Azərbaycan idi.
Bəs necə oldu ki, o müstəqil, tərəqqi vəd edən dövlət süqut etdi? Budur məsələ.
İndi deyirlər, dövran beləydi, beynəlxalq şərait Qafqazdakı kiçik müstəqil dövlətlərin yaşaması üçün müsaid deyildi.
Bu fikirlərdə həqiqət var, amma tam deyil. Qafqazdakı müstəqil dövlətlərin şimaldakı rus-bolşevik dövlətinin təzyiqinin, aqressiyasının qarşısında duruş gətirməməsinin əsas səbəbi ilk növbədə xarici aqressiya idisə, milli xəyanət, qonşu düşmənçiliyi, cəmiyyətin müqavimətə hazır olmaması da o sıradadır.
unnamed.jpg (78 KB)
Bizdən 20 il sonra Finlandiya daha da güclənmiş Rusiyaya müqavimət göstərə bildi, amma biz bacarmadıq. Çünki finlərin xarici himayəsi vardı, bizim yox idi; finlərin öz milli dövlətinin süqutuna çalışan bolşevikləri yox idi, bizdə isə onlar çox idi; finlərin məkrli düşmən qonşuları onlara badalaq vurmurdular, amma biz soyumuzu kəsmək istəyən ermənilərlə müharibə həddindəydik və s.
1920-ci ildə dövlətimizin süqut etməsində bolşevik ruslarla, daşnak ermənilərlə yanaşı, bolşevik azərbaycanlıların da böyük rolu olub və bunu heç kəs dana bilməz.
1918-ci ildə ermənilər gəlib Bakıda hökumət qurublar, başçıları Stepan Şaumyan olub. Bu hökumətin əksər rəhbərləri ermənilər, gürcülər, ruslar, yəhudilər olub. Azərbaycan türkləri həmin hökumətdə azlqda olublar – Əzizbəyov, Vəzirov, Nərimanov…
5.jpg (21 KB)
Şaumyan və dəstəsi
Tariximizdə bundan da böyük utancverici fakt varmı? Bakı yad əllərdə, aciz durumda olub. Cəmi bir il sonra milli hökumətin nazirlərinin, demokratik parlamentin deputatlarının üzünə at kimi duran qarayevlər, sultanovlar erməni hökumətinə dözüblər. Daha bir il sonra onlar yenidən Bakını rus-erməni bolşeviklərinin tapdağı altına verib, dincəliblər.
Bakını ələ keçirən rus-erməni bolşeviklər yerli kommunistləri adam saymayıblar, onlara güvənməyiblər, eləcə, əl altında işlədiblər.
6.jpg (18 KB)
Mikoyan, Stalin, Orconikidze...
Nəriman Nərimanovun 1924-cü ildə Moskvaya göndərdiyi şikayət məktubunda bu münasibətə toxunulur:
"Mənim zərrə qədər də şübhəm yoxdur ki, Mərkəzi Komitə Stalin və Orconikidzenin şəxsində biz türklərə güvənmir və Azərbaycanın taleyini erməni daşnaklarına həvalə edir. Elə hesab edirlər ki, türklər aparılan bu siyasəti başa düşməyəcək qədər avamdır. Hər zaman qarşımıza bütün Azərbaycanın bütün mənalarda satılmış adam kimi tanıdığı Qarayevi çıxarırlar".
Adama deməzlərmi axı siz Rəsulzadənin başçılıq etdiyi demokratik rejimi niyə devirir, özünüzü yadelli müstəbidlərin qullarına çevirirdiniz ki, indi də hüquqsuz, aciz vəziyyətdə qalasınız? Hardaydı sizin siyasətçiliyiniz, uzaqgörənliyiniz?
Anlaşılan budur: 100 il öncə Azərbaycan bolşeviklərini körpə uşaq kimi aldadıblar, onları millətə xəyanət etməyə sövq ediblər, sonra da hamısının başını yeyiblər.
Bu mətləblərin üstü uzun illər hermetik şəkildə örtülü qalıb. Arxivlərin qapalı olması, senzura tətbiq edilməsi üzündən insanlar tarixi həqiqətlərdən xəbər tutmayıblar. İndi-indi tariximizi öyrənməyə, baş verənlərin üzünü-astarını incələməyə imkan yaranıb, amma bu dəfə də xalqın bəzi ziyalı oğulları “köhnə palan içi eşməmək”, “tarixi şəxsiyyətlərimizi qaralamamaq” çağırışları edirlər.
Bəs necə olsun? Biz ki dünənə qədər “xalq hər şeyi bilməlidir” deyirdik, nə oldu, indi hesab edirik ki, xalq bəzi şeyləri bilməlidir, amma sərfəli olmayan şeyləri bilməli deyil?
AXC-ni süqut etdirən azərbaycanlı bolşeviklər
Bu xalqın bilməyə haqqı var ki, tərifli Nərimanov Şaumyanın nazirlərindən biri olub və ağlı başına gəldiyi vaxt artıq-əskik danışdığını görüb Moskvaya aparıb zəhərləyiblər; Dərnəgüldə abidəsi olan Ayna Sultanova qadınlığıyla Həştərxan-Bakı arasında gedib-gələrək AXC-nin süqutuna çalışıb, amma axırda rüsvay edilərək güllələnib; Əliheydər Qarayev Rəsulzadədən tutmuş ta Nərimanova, Bağırova qədər qəlbində az-çox millət sevgisi yaşadan hər kəsə düşmən olub, axırda özünün və bütün nəsl-nəcabətinin meyitləri Rusiyanın ucsuz-bucaqsız çöllərinə səpələnib; Müsavat naziri olduğu vaxt AXC-yə xəyanət edən Çingiz İldırım sonradan pillə-pillə endirilərək heç kimə çevrilib və güllələnib; Rəsulzadənin üzünə kükrəyən Musabəyov dəhlizdə türmə nəzarətçilərin addım səsini eşidəndə qorxusundan stolun altına girib və s.
Sonradan hamısı işgəncəylə, iztirab içində öldürüləcəkdisə, onların 1920-ci ildə etdiyinin adı nə idi?
Əsas məsələ 100 il əvvəl yaşamış, işləmiş, 80-90 il öncə kütləvi şəkildə məhv edilmiş azərbaycanlı bolşeviklərin tarixi obrazını dəyişmək deyil. Bunun artıq onlara nə bir ziyanı, nə də xeyri var. Zatən, əksəriyyətinin züryəti də qalmayıb, qurduqları sovet hökuməti onların nəslini kəsib. Ümdə olan bu adamların cinayət və xəyanətlərinin nədən ibarət olduğunu, onların necə aldandıqlarını indiki nəsillərə göstərməkdir ki, yenə də qafasını şübhəli ideologiyalara, yadellililərin şirin vədlərinə verənlər varsa (gedişat göstərir ki, var), onlar ağıllı olsunlar, 100 il əvvəl gözü çıxarılmış qardaşlarının acı aqibətindən dərs götürsünlər.
Tarix heç də təkcə keçmişdən bəhs etmir, o həm də gələcəyə işıq salır.

Xalid KAZIMLI
Oxşar xəbərlər