Xəbər lenti
Bütün xəbərlər

28 May - Azadlığa təşnə olan xalqın günü

  • 28 may 2019, 11:50

Ayların ən gözəli maydır, mayın da ən gözəl bu gündür – 28 May.

28 May bizim qismətimizə qırmızı, al-əlvan gün kimi düşüb. Onsuz da gözəl gün idi, milli dövlətçiliyimizin qurulmasının bu günə düşməsi bu günü bizim üçün daha əziz edib.

Yüz illər öncədən milli dövlətçiliyi olan, dünyada hegemonluq, dominantlıq edən, müstəmləkələr saxlayan sümürgəçilər milli suverenliyin dadını yüz illərlə müstəqillik dərdi çəkən, mübarizə aparanlar qədər bilməz. Şair Əli Kərimin ifadəsi ilə desək, birinci "kabab üstündən içilən sərin su”dur, ikinci isə "susuzluğun od vurub köz kimi yandırdığı dodağ”ın istədiyi su. Bizimki ikincidəndir.

Dünyada 3 mindən çox millət, 200 civarında dövlət var. Hələ bir millətin 5-6, 10-12, 15-20 dövlətinin olması faktı da var. Demək, milli dövlətçilik heç də hər millətə qismət deyil. Bu saat dünyada sayı bizdən çox olan onlarla xalq var ki, tarixin gərdişi və coğrafi şəraitləri üzündən milli dövlətçiliyə sahib deyillər.

Amma biz 101 il öncə millətin qeyrətli, savadlı, fəal, uzaqgörən qurucu oğullarının (əslində onlara "qurucu atalar” da demək olardı, amma o vaxt onlar çox gənc olublar) sayəsində Azərbaycan Respublikasını yaratmış, üç rəngli bayraq qaldırmış millətik.

Düzdür, sonra işğala məruz qalmışıq, o oğullar vətənlərindən didərgin düşüb, ölkəyə matəm çöküb və o bayraq müvəqqəti olaraq endirilib (matəm zamanı bayraqlar endirilər), ancaq o qurucu oğulların qurduğu Azərbaycan Respublikasının statusu bir qədər də dəyişdirilmiş şəkildə olsa da, hər halda respublika olaraq yaşayıb.

Gün gəldi, 28 il öncə ölkəmizin adındakı "sovet, sosialist” sözləri də ixtisara düşdü, öz doğma bayrağımıza qovuşduq. Budur, 28-ci ildir ki, o bayraq başımızın üstündə, dünya ölkələrinin bayraqlarının sırasında dalğalanır, mötəbər yarışlarda qalib gələn güclü və çevik idmançılarımızın şərəfinə yüksəklərə qaldırılır.

101 il əvvəl Azərbaycan Respublikası adlı dövlət qurulanda dünyada 40-50 müstəqil dövlət vardı. Afrika, Asiya, Cənubi və Mərkəzi Amerika ölkələri müstəmləkəydlər. Amma Azərbaycan müstəil dövlət yarada bilmişdi.

Həmin vaxt dünyadakı demokratik ölkələrin sayı isə heç 20-yə çatmırdı. Azərbaycan isə parlament quruluşlu ölkəydi, gənc dövləti diktator idarə etmirdi, xalqın seçilmiş övladları məsləhət-məşvərət əsasında idarə edirdilər.

Ancaq dünyadakı siyasi durum, böyük dövlətlərin, imperiyaların münasibətləri, ambisiyaları eləydi ki, gənc və kiçik dövlətlərin öz mövcudiyyətlərini qorumaq imkanı sıfıra yaxın idi. Dünyada kiçik dövlətləri xarici aqressiyadan qoruyacaq heç bir üstqurum, ittifaq, mexanizm yox idi. Zorluların əyyamıydı. Tarixi şərait, geosiyasi amillər əleyhimizə idi.

O üzdən müstəqil Azərbaycan Respublikası Moskvadan asılı olan Azərbaycan SSR-ə çevrildi. Fəqət bir insan ömrü qədər çəkən bu 71 illik dönəm xalqımızın özünü "azərbaycanlı” kimi tanımasına, bu adda ayrıca bir millət kimi formalaşmasına rəvac verdi. Müstəqil Azərbaycan Respublikasını da məhz bu, daha savadlı, daha dünyagörüşlü, daha əzmkar millət bərpa etdi.

Bu gün dünya milli dövlətlərlə doludur. Rusiya rusların, İspaniya ispanların, ərəb dövlətləri ərəblərin, Polşa polyakların, Çexiya çexlərin, Almaniya almanların, Fransa fransızların, İngiltərə ingilislərin, İtaliya italyanların dövlətidir. Çox az sayda dövlət (Belçika, Avstriya, Kanada) var ki, onlarda hansısa bir milli çoxluq hegemon deyil.

Azərbaycan isə burada yaşayan bütün xalqların dövlətidir, sadəcə, bu dövlətin dili etnik çoxluğun dilindən alınıb.

Bəzən ölkəmizdə də vətənpərvərlik və milliyyətçilik dalğası qabarır, etnik azlıqlar narahat olur, amma bu dalğa ölkəmizdə yaşayan etnik qruplara mənsub olan qardaşlarımıza, vətəndaşlarımıza qarşı deyil, Azərbaycanı parçalamaq, sarsıtmaq, ərazilərini qəsb etmək niyyətində olan böyük dövlətlərə, xarici düşmənlərə qarşıdır. Millət öz başını məhz bu bayraq altında toparlanmaqla, etnik kimlik əlaməti üzrə birləşməklə qoruya bilər.

Tarixi 28 May nailiyyətini qorumaq üçün onun dəyərini bilmək lazımdır. Bu günün çətinlikləri müvəqqətidir, ötüb keçəcək, amma milli dövlət əbədi olarsa, zamanla əlimiz də güclü olacaq, dilimiz də.

Bu günü bizə ərməğan edən böyük kişilərin parlaq xatirəsini bir daha yad etmək, onlara bu tarixi xidmətləri üçün əbədi minnətdar olmaq lazımdır.

Oxşar xəbərlər