Xəbər lenti
Bütün xəbərlər

BDU-nun 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib

  • 25 noy 2019, 20:24

Bu gün Bakı Konqress Mərkəzində Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr olunmuş Məzun Forumu keçirilib.

Trend-in məlumatına görə, Universitetin rektoru Elçin Babayev bildirib ki, forumun əsas məqsədi "Universitet – Məzun" münasibətləri sistemində inteqrasiya proseslərinin inkişafı, Azərbaycanda təhsilin, elmin və milli mədəni dəyərlərin xaricdə tanıdılması, beynəlxalq təhsil və elmi əməkdaşlığın gücləndirilməsi, beynəlxalq karyera qurmaq üçün BDU daxilində mütərəqqi metodların formalaşdırılması və inkişafı üçün insan resurslarının inkişaf etdirilməsidir.

Onun sözlərinə görə, Məzun Forumu təcrübə mübadiləsi və yeni əməkdaşlıqların qurulması üçün əlverişli platformadır.

E.Babayev bildirib ki, BDU-nun forum qarşısında duran əsas vəzifəsi müxtəlif ölkələrdən olan məzunlar arasında akademik, elmi, texnoloji və biznes sahələrində "Beynəlxalq Məzun Assosiasiyası” yaratmaqdır.

Rektor əlavə edib ki, 1919-cu ildə yaradılan Bakı Dövlət Universitetini ndiyədək 180 minə yaxın məzun bitirib.

E.Babayev bu forumda məzunların bir araya toplanmasından məmnunluğunu bildirib:"Hər kəsi forumda görməkdən şadıq. Çox istərdik ki, buradakı çıxışlar formal xarakter daşımasın. Məzunların bir araya toplaşması bir şansdır. Bu şansdan istifadə etməliyik. Onlar ali məktəbin inkişafına yardımçı olmalıdırlar".

ADA Universitetinin rektoru Hafiz Paşayev özünün universitet xatirələri barəsində söhbət açıb: "Ixtisas seçimi edərkən qocaman müəllimlərimdən birindən soruşdum ki, hansı ixtisası seçim. Mənə texniki elmlərə məşğul olmaq məsləhətini verdi. Mən fizika sahəsini seçdim. Həmin müəllimlər hələ də mənim gözümün qarşıdan getmirlər. Bizim hazırkı dövrümüzdə də ali və orta məktəblərdə müəllim nüfuzunun yüksəkliyi saxlanmalıdır, müəllimə hörmət çox olmalıdır".

Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ötən il ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti ili2nin elan edildiyini nəzərə çatdırıb.

O qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyət göstərdiyi illərdə alitəhsilli milli kadrların hazırlanması, əhali arasında savadsızlığın aradan qaldırılması üçün əhəmiyyətli addımlar atılıb: "Sevindirici haldır ki, bir əsrlik yaşı olan BDU bu gün özünün müasir dövrünü yaşayır, dünya təhsil sisteminə uğurla inteqrasiya edir. Bu gün BDU-da çalışan professor -müəllim heyətinin çoxu bu təhsil müəssisəsinin məzunu olub. Eyni zamanda, digər ali məktəblərdəki professor-müəllim heyətinin sıralarında da BDU -nun məzunları üstün saya malikdirlər. Əminəm ki, BDU məzunları bundan sonra da Azərbaycanın inkişafına böyük töhfə verəcəklər".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Sədri, Tarix fakültəsinin 1977-ci il məzunu Hicran Hüseynova təhsildə yeni çağırışların olmasını, ali məktəblərdə müasir dünyanın tələblərinə uyğun olaraq, yeni ixtisasların açılmasını vacib sayıb. H.Hüseynova Azərbaycanda texniki ixtisaslarda təhsil alan qızların sayının çoxalmasından da məmnunluğunu bildirib.

Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə BDU-nun bütün məzunlarını bu təhsil müəssisəsinin 100 illiyi münasibətilə təbrik edib.

O, BDU-nun Azərbaycan təhsilinin inkişafında vacib rol oynadığını söyləyib.

DİM sədrinin sözlərinə görə, hər il qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlərin ixtisas seçimində üstünlük verdikləri ali təhsil müəssisələrinin arasında BDU da var.

M.Abbaszadə BDU-nun məzunlarının gələcəkdə də Azərbaycanın inkişafına dəyərli töhfə verəcəyinə əminliyini bildirib.

DIM sədri bunu da təklif edib ki, BDU məzunlarının bir-birləri ilə əlaqə yarada bilməsi üçün vahid platforma yaratmaq olar.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin 2002-ci il məzunu Leyla Abdullayeva vurğulayıb ki, bu gün onun XİN-in rəsmisi kimi çıxışı edə bilməsində BDU-nun müəllimlərinin böyük əməyi var: "BDU-nun diplomatların hazırlanmasında böyük rolu var. Bu məqsədlə BDU-da beynəlxalq münasibətlər fakültəsi yaranmışdı. Bu gün XİN-in Aparat rəhbərliyində, eləcə də xaricdə fəaliyyət göstərən diplomatik korpuslarda BDU-nun məzunları çalışır. Məznların təşkilatlanması ilə bağlı təkliflərə qoşuluram. BDU-nun məzunları ilə bağlı kitabçanın hazırlanması, məlumat bazasının yaradılması, bizim işimiz daha da asanlaşdıra bilər. Hesab edirəm ki, BDU bundan sonra da öz flaqmanlığını qoruyub saxlayacaq".

Tədbirdə BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə üzrə vitse-prezidenti, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin 1999-cu il məzunu Bəxtiyar Aslanbəyli, TTK Molekulyar biologiya laboratoriyası, (Kembric, Böyük Britaniya) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin 1985-ci il məzunu Qərib Mürşüdov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsinin 1999-cu il məzunu Arye Qut qloballaşan dünyada universitetlərin yeri və roluna diqqət çəkib, həyatın müxtəlif sahələri kimi təhsil mühitinin də çağırışlarla üzləşdiyini qeyd edərək gələcək inkişafa hesablanmış addımların atılmasının zəruriliyini qeyd ediblər.
Qeyd edilən mövzu ətrafında müzakirələr aparıldıqdan sonra Forum işini "Bakı Dövlət Universitetinin məzunlarının gələcək birgə fəaliyyət istiqamətləri" adlı iclasla davam etdirib.
Tədbirin sonunda BDU-nun "Beynəlxalq Məzun Assosiasiyası” təsis edilib.

Qeyd edək ki, Forumda iştirak edən 300-dən çox iştirakçı arasında Bakı Dövlət Universitetinin Azərbaycan, Amerika, Avropa, Yaxın Şərq, Asiya, MDB və dünyanın digər ölkələrindən olan məzunları, müxtəlif təşkilatların və birliklərinin nümayəndələri var.

Oxşar xəbərlər