GDU-da mübadilə proqramlarına qoşulan müəllim və tələbələrin sayı artıb

  • 29 iyun 2017, 21:21

Son üç ildə Gəncə Dövlət Universitetinindən akademik mübadilə proqramlarına qoşulan, eləcə də beynəlxalq təlim və təkmilləşdirmə kurslarında iştirak edən müəllim və tələbələrin sayı artıb. "Demokratik.Az"-a bu barədə Universitetin mətbuat xidmətindən bildirilib.

Gəncə Dövlət Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov bildirib ki, müasir dövrdə hər bir ali məktəbin inkişafında əsas göstəricilərdən olan akademik mobillik prinsipi ilk növbədə ali məktəb tələbələri, daha sonra isə professor-müəllim heyəti və inzibati işçilərin təcrübə məqsədilə bir təhsil müəssisəsindən digərinə ezam olunmasıdır.

Məhz bu cür mobillik prinsipi həm tələbələrə, həm də professor-müəllim heyəti və inzibati işçilərə öz ali məktəblərində əldə edilməsi mümkün olmayan bir çox imkanları verir.

Ruslan Məmmədov qeyd edib ki, hazırda universitetin bakalavriat səviyyəsində təhsil alan iki nəfər tələbəsi Avropa Komissiyasının qrand layihəsi üzrə təhsilini Polşa Respublikasının Lodz Universitetində İngilis dili və Rus dili müəllimliyi ixtisaslarında davam etdirirlər.

Eyni zamanda Gəncə Dövlət Universitetinin müəllim və tələbələri Türkiyə Respublikasının maliyyə dəstəyi ilə həyata keçirilən Mövlanə Mübadilə Proqramında da fəal iştirak edirlər. Bu vaxta qədər ali məktəbin bir çox müəllim və tələbələri həmin proqramın imkanlarından istifadə edib. Hazırda universitetin iki nəfər üçüncü kurs tələbəsi Giresun Universitetində Biznesin idarə edilməsi ixtisası üzrə təhsil alırlar.

Gəncə Dövlət Universitetinin bir sıra beynəlxalq elm və təhsil proqramlarında fəal iştirak etdiyini deyən Ruslan Məmmədov bildirib ki, bu il Avropa Komissiyasının təklif etdiyi "Erasmus Mundus”

layihələrində Xarici dillər fakültəsindən üç müəllim və iki tələbə qrand qazanıb.

Müəllimlərdən iki nəfəri Çexiya Respublikasının Masayrik Universitetində və İtaliya Respublikasında Ka Foskari Universitetində doktorantura proqramı üzrə elmi tədqiqat işlərini davam etdirirlər. Qrand layihəsi qazanan üçüncü müəllim İtaliya Respublikasının Tusçiya Universitetində akademik heyət qısmində dilçilik sahəsi üzrə çalışacaqdır. Akademik müabadilə proqramına qoşulan iki nəfər tələbə isə İspaniya Respublikasının Seviliya Universitetində Alman dili müəllimliyi ixtisası üzrə magistratura səviyyəsində təhsillərini davam etdirəcəklər.

Ruslan Məmmədov vurğulayıb ki, yaxın günlərdə universitet 2015-ci ildən tərəfdaşı olduğu "Erasmus Plus” proqramına əsasən bir il müddətində İtaliya Respublikasının Pavia Universiteti ilə "Beynəlxalq kredit mobilliyi” mübadilə proqramında iştirak edəcəkdir. Artıq sənədləşmə işləri yekunlaşıb. Tələbə və müəllimlərin seçim mərhələsinin nəticəsi isə yaxın günlərdə elan olunacaqdır.

Eyni zamanda universitetin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları İtaliya, Finlandiya və Estoniya respublikalarında təşkil olunan təlim və təkmilləşdirmə kurslarında iştirak edəcəklər.

Gəncə Dövlət Universitetində təhsil almaq istəyən əcnəbi tələbələrin də sayının ildən-ilə artdığını deyən Ruslan Məmmədov bildirib ki, hazırda ali məktəbin müxtəlif fakültə və ixtisaslarında bakalavriat və doktorantura təhsil forması üzrə Ukrayna, Pakistan, Gürcüstan, Türkiyə, Qazağıstan, Özbəkistan respublikalarından və Rusiya Federasiyasından olan vətəndaşlar təhsillərini davam etdirirlər.

Demokratik.Az

 

 

Oxşar xəbərlər