101 yaşlı CÜMHURİYYƏTİMİZ
101 il öncə Məhəmməd Əmin Rəsulzadə və silahdaşlarının Şərqdə ilk demokratik respublikanı elan etmələri tariximizə qızıl hərflərlə yazılıb
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yarandığı gündür. 101 il öncə Məhəmməd Əmin Rəsulzadə və silahdaşları Şərqdə ilk demokratik respublikanı quraraq, tariximizə qızıl hərflərlə şərəfli səhifə yazdılar. AXC türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsidir.
İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda Respublika Günü kimi qeyd olunur. 1990-cı ildə Cümhuriyyət Gününün dövlət bayramı kimi qeyd edilməsi barədə qərar verilib.
AXC xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən birini təşkil edir. Demokratik respublikamızın yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb edib. Cümhuriyyətin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı, eyni zamanda xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görüb, iqtisadi-siyasi, sosial-mədəni islahatlara təkan verib.
Azərbaycan müvəqqəti hökumətinin ilk başçısı Fətəli Xan Xoyski olub. 10 gün Milli Şura Tiflisdə işlədikdən sonra Gəncəyə köçürülüb. Yalnız 1918-ci ilin sentyabrında Türkiyə ordusunun rəhbərliyi ilə - Bakı daşnak-rus qüvvələrdən təmizləndikdən sonra milli hökumət Gəncədən Bakıya köçüb.
Müstəqil Azərbaycan Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər və qalibiyyətlər əldə edib. İlk dəfə qadınlara seçim hüququ tanıyan və qadın-kişi bərabərliyini təmin edən cümhuriyyətimiz olub. O cümlədən milli ordu, milli pul, demokratlaşma, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr və beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmiyyətə tanınması, Azərbaycanın bütövlüyünü təmin etmək, iqtisadi islahat və s. müstəqil Azərbaycan Cümhuriyyəti təmin edib.
Azərbaycan Demokratik Cümhuriyyətini rəsmi surətdə tanıyan ilk dövlət Osmanlı dövləti olub (4 iyun 1918-ci ildə).
1918-ci il 9 noyabr tarixində M.Ə.Rəsulzadənin təklifi əsasında Cümhuriyyətimizin üçrəngli bayrağı qəbul edilib. O zamana qədər bayrağımız qırmızı rəngdə idi.
Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi. Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalaraq süquta uğradıldı. Sovetlər Birliyi Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi
Müasir Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş "Müstəqillik haqqında Konstitusiya Aktı” nda qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur. Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə edib.
Hər il olduğu kimi, bu il də ölkə müxalifəti Cümhuriyyətimizin qurucusu M.Ə.Rəsulzadənin Novxanıdakı abidəsini ziyarət edəcək.
İlk olaraq, Qarabağ Komitəsi saat 10:00-da abidənin önündə tədbir keçirəcək. Bu barədə komitənin yaradıcılarından olan AĞ Partiya başqanı Tural Abbaslı məlumat verdi. Eyni zamanda Azərbaycan Xalq Hərəkatının təsisçilərindən biri olan T.Abbaslı mayın 25-də "AXH Cümhuriyyət yolunda” adlı bayram tədbiri keçirdikləri üçün AXC-nin yaranması ilə bağlı xüsusi tədbir planlaşdırmadıqlarını söylədi.
Müsavat Partiyası saat 12:00-da Rəsulzadənin abidəsi önündə tədbir keçirməyi planlayır. Bu barədə partiyanın İcra Aparatının rəhbəri Gülağa Aslanlı öz feysbuq profilində status paylaşıb.
Əsasən AXCP-dən ibarət olan Milli Şura Novxanıya saat 17:00-da gedəcək. Bununla bağlı feysbuq səhifəsində status paylaşan AXCP sədri Əli Kərimli hər kəsi bayram mitinqində iştirak etməyə çağırıb.
REAL Partiyası gün ərzində səhər saat 8:00-dan axşam 20:00-a qədər marafon təşkil edib. Bu müddət ərzində fərdi şəkildə hər kəs Cümhuriyyət Gününə aid istədiyi yerə gedib, çiçək qoyub, bunun da fotosunu çəkib nümayiş etdirəcək. Bu barədə REAL-ın icraçı katibi Natiq Cəfərli "Yeni Müsavat”a məlumat verdi.