Demokratik TV
Azərbaycanın “doğulduğu” binadan reportaj - FOTOLAR
Azərbaycan Xalq Cümhuriyyəti düz 98 il əvvəl Tiflisdə, bu binada elan edilib. Gürcüstan paytaxtının mərkəzində - Şota Rüstaveli prospektində yerləşən bu bina hazırda Gənclər Mərkəzi adlanır. Gürcüstan parlamentinin düz yanında yerləşən bina təkcə Azərbaycanın deyil, həm də 2 gün əvvəl 26 may 1918-ci ildə Gürcüstanın müstəqilliyinə də şahidlik edib. Gürcüstanın müstəqilliyi binanın "Şüşəli salon”da Azərbaycan Xalq Cumhuriyyəti isə qonşu salonda elan edilib. Həmin salonda cümhuriyyətimizin tarixini bir daha yada salaq.
Cümhiriyyətin yaranma zərurəti
1918-ci il fevralın 14-də Tiflisdə toplaşan Qafqazın üç xalqının ziyalıları, ictimai-siyasi xadimləri hakimiyyət orqanı olan Zaqafqaziya Seymini yaradıblar. Həmin ilin mayın 25-də Gürcüstan Zaqafqaziya Seymindən çıxır və 1 gün sonra burada öz istiqlaliyyətini elan edir. Bir gün sonra, mayın 27-də Azərbaycanın istiqlaliyyətini elan etmək və ilk Azərbaycan hökuməti yaratmaq üçün Seymin 44 nəfər müsəlman nümayəndələri toplanır və Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gəlirlər. Azərbaycanın Milli Şurası elan olunur və Məhəmməd Əmin Rəsulzadə Şuraya sədr seçilir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Həsən bəy Ağayevin sədirliyi ilə Azərbaycanın istiqlaliyyəti haqda bəyannaməni qəbul edir.
1918-ci il iyunun 16-da Azərbaycan Milli Şurası və hökuməti Tiflisdən Gəncəyə köçür və dövlət aparatının təşkili işləri davam etdirilir. Dövlətçilik üçün mühüm addımlar atılır. Azərbaycan dili dövlət dili elan olunur, Fövqəladə Təhqiqat Komissiyası yaradılır
Azərbaycan hökuməti 1918-ci il iyulun axırlarından başlayaraq, Bakının daşnaklarda təmizlənməsinə başlayır. Qızğın döyüşlər nəticəsində 1918-ci il sentyabrın 15-də şəhər Bakı Qafqaz İslam ordusu tərəfindən azad olunur. Sentyabrın 17-də F.X.Xoyski hökuməti Gəncədən Bakıya köçür. Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan olunur. 1918-ci il iyunun 17-də Gəncədə öz fəaliyyətini dayandırmış Azərbaycan Milli Şurası həmin il noyabrın 16-da öz işini yenidən bərpa edir.
Dekabrın 7-də Parlamentin ilk iclasının açılışı keçirilir. Parlamenti açan Azərbaycan dövlətinin banisi, qurucusu Məhəmməd Əmin Rəsulzadə böyük təbrik nitqi söyləyir. Əlimərdan bəy Topçubaşov Parlamentin sədri, Həsənbəy Ağayev isə sədrin birinci müavini seçilirlər.
17 aylıq fəaliyyəti dövründə Azərbaycan Xalq Cümhuriyyətnin Parlamenti 145 iclas keçirib, fəaliyyət müddətində 270-dən yuxarı qanun layihəsi müzakirəyə çıxarılıb. 230-a yaxını təsdiq edilib.
1920-ci ilin yanvarında Parisdə Ali Şuranın iclası Azərbaycanın müstəqilliyini bəyan edən memorandum hazırladı. Xəzər dənizinin müdafiəsi, Azərbaycana maliyyə, hərbi və ərzaq yardımı göndərilməsi məsələləri öz əksini tapdı. Azərbaycan nümayəndə heyəti qarşısına qoyduğu məsələləri və əsasən müstəqilliyin tanınması məsələsini həll etmiş oldu. Mart ayında Azərbaycan-İran arasında imzalanan müqavilə müstəqilliyimizin de-yure tanınmasını bəyan etdi. Aprel ayında San-Remo konfransında Azərbaycanı maraqlandıran neft, Batum məsələsi, rus məsələsi, Türkiyə-Ermənistan sərhədləri müzakirə olundu. 1920-ci il 28 aprel işğalı ilə Azərbaycan müstəqil dövlət olmaq yolunda səylərini dayandırmış oldu. Uzun sürən çətinliklər nəticəsində beynəlxalq aləmdə de-fakto tanınan azərbaycan yalnız 23 ay müstəqil ola bildi.
Rəşad Vaqifoğlu