Radikal cihadizmin böyük təşkilatı - Əl-Qaidə

  • 02 avq 2018, 10:55

Əfqanıstanda sovetlərə qarşı savaşla formalaşan cihadizmin əsas təşkilatı olan əl-Qaidə dünyaya nələri "bəxş edib?”

 

İyulun 30-31-də keçirilən Suriya münaqişəsinin həlli ilə bağlı Soçi toplantısının yekun bəyanatı yayılıb. Astana prosesinin davamı olaraq keçirilən və Suriyada münaqişənin həllində Rusiya, Türkiyə və İranın aktiv iştirak etdiyi Soçi görüşünün bəyanatında əl-Qaidə və onun Suriya qolu olan ən-Nusraya (Şamın Fəth Cəbhəsi adını alıb - K.R.) qarşı mübarizə ayrıca bənd olaraq yer alıb.

Əslində hər nə qədər İŞİD-dən sonra haqqında az bəhs olunsa da, əl-Qaidə hələ də güclü qruplaşma olaraq qalır. İŞİD də daxil olmaqla, bir sıra radikal terrorçu təşkilatların "mənbəyi” məhz əl-Qaidə olub. Bunun isə tarixi Sovet-Əfqan müharibəsinə gedib çıxır. Ancaq əl-Qaidəni məşhurlaşdıran 11 sentyabr oldu.

11 sentyabr 2001-ci ildə ABŞ-da Nyu-York şəhərində əkiz qüllələri partladaraq dünyada böyük səs-küyə səbəb olan, Əfqanıstan və İraqın işğalına səbəb olan əl-Qaidə təşkilatı bəzi məlumatlara görə, 1988-ci, bəzilərinə görə, 1989-cu ildə Pakistanın Əfqanıstanla həmsərhəd Pişəvər şəhərində yaradılıb. O illərdə Pakistanın Əfqanıstanla həmsərhəd olan digər bölgələri kimi Pişəvər da, sovetlərə qarşı cihad müharibəsinin əsas düşərgələrindən biri idi.

Ümumiyyətlə, indi Səudiyyə Ərəbistanı rəhbərliyinin də etiraf etdiyi kimi, həmin illərdə Əfqanıstanda sovetlərə qarşı savaşın ideoloji bazasını məhz islamçılar təşkil edirdi. Müsəlman alimləri SSRİ-yə qarşı cihad fətvası verdilər, tezliklə Afrikadan Pakistana qədər müxtəlif ölkələrdən radikal fikirli müsəlmanlar Əfqanıstana və ya Pakistana gələrək cihad təşkilatlarına qoşulur və sovetlərə qarşı "müqaddəs müharibədə” iştirak edirdilər. Əl-Qaidə məhz bu illərdə formalaşıb. Həm təşkilati, həm də ideoloji olaraq.

Əfqanıstanda sovetlərə qarşı başlayan cihad hərəkatı digər müsəlman ölkələrindəki islamçıları da özünə cəlb edirdi. Misirdə Sədata qarşı sui-qəsddən sonra uğursuzluğa düçar olaraq ağır zərbə alan sərt xətt tərəfdarı "ixvan” üzvləri, ərəb ölkələrindəki islamçılar "kafir ruslara” qarşı savaşmaq üçün Əfqanıstana axın edirdilər. Bu savaşın sponsoru ərəb ölkələri, siyasi və hərbi dəstək isə Qərbdən gəlirdi. Əl-Qaidənin gələcək lideri Üsamə bin Laden 1980-ci illərin əvvəlində Avropada təhsilini, lüks həyat tərzini buraxıb Əfqanıstana cihada gələn varlı ərəb gənclərindən biri idi. Ancaq təbii ki, varlı Üsamə döyüşlərə qatılmırdı, daha çox silahlı fəaliyyətləri maliyyələşdirirdi. Çünki onun ailəsi ən varlı tikinti maqnatlarından biri idi.

Ancaq əfqan müharibəsi başa çatdıqdan sonra artıq silahlı cihadçılar müharibə sponsorlarına lazım deyildi. Bu səbəbdən də sovetlərin çəkilməsindən sonra mücahidlərə xarici dəstək böyük ölçüdə dayandı. Üstəlik, sovetlərdən sonra daha əvvəl sovetlərə qarşı birgə savaşan qüvvələr indi iqtidar uğurunda bir-birilərinə qarşı savaşmağa başladılar. Belə bir vaxtda bin Laden əl-Qaidəni yaradır. İlk illərdə əl-Qaidə Əfqanıstanda o qədər də məşhur olmur, bin Laden isə Əfqanıstandan Səudiyyə Ərəbistanına qayıdır. Daha sonra isə Afrikaya gedən bin Laden Somalidə fəaliyyət göstərir. 1996-cı ildə Taliban Əfqanıstanın paytaxtı Kabil də daxil olmaqla, böyük hissəsini işğal edib dövlət elan etdikdən sonra əl-Qaidə fəallaşır. 1998-ci ildə əl-Qaidə Keniya və Tanzaniyada Amerika səfirliklərinə qarşı törədilən terror aktlarını sifariş edir. 2001-ci ildə isə ABŞ-da eyni gündə Nyu-York şəhərində "əkiz qüllələr”, Pentaqon binası qaçırılmış təyyarələr vasitəsilə vurulur. Bundan sonra ABŞ beynəlxalq terrora, əl-Qaidəyə qarşı cəbhə açır, bin Ladeni təhvil verməyən "Taliban”ı cəzalandırmaq üçün Əfqanıstana ordu yeridir və ölkə işğal olunur.

Əl-Qaidə 2004-cü ilin mart ayında Madriddə qatar partlayışı nəticəsində 200 adamın, 2005-ci ildə Londonda törətdiyi terrorla 52 adamın ölümünə səbəb olub.

Əl-Qaidənin dünyanın bir sıra nöqtələrində "filialları” mövcuddur. Filippində "Əbu Səyyaf” qruplaşması əvvəlcə əl-Qaidəyə bağlı olsa da, sonradan İŞİD-ə qoşulduğunu bəyan edib. Əl-Qaidəyə bağlı daha bir qruplaşma İndoneziyada "Camah” qruplaşmasıdır. Bundan başqa, Keniyada, Tanzaniyada əl-Qaidə bölmələri mövcud olub. Nigeriyada isə "Boko Haram” qruplaşması, İŞİD, ən-Nusra kimi bir sıra törəmə qurumları mövcud olub.

 

Ancaq növbəti dəfə parlaması "ərəb baharı”ndan sonraya təsadüf edir. "Ərəb baharı” nəticəsində Liviya, Suriya, İraq, Yəmən kimi ölkələrdə baş qaldıran vətəndaş müharibələri əl-Qaidə kimi cihad ideologiyalı təşkilatlar üçün münbit zəmin idi. Bu səbəbdən də çox tezliklə Liviyada, Suriyada, İraqda, o cümlədən Yəməndə əl-Qaidə fəallaşdı. Ancaq qruplaşmanın ən ciddi fəallığı Suriyada müşahidə olundu.

Ümumilikdə isə əl-Qaidənin dünyanın 60-dan çox ölkədə tərəfdar və şöbələrinin olduğu bildirilirdi. Bu təşkilatlar hər nə qədər zəifləsə də, müsəlman ölkələrində baş verən dini, etnik mərkəzli münaqişələrdə hər zaman güclü silaha çevrilə bilmək potensialını qoruyub saxlayır.

Qaidədən Nusraya

Əl-Qaidənin Suriya və İraqda iki qanadı fəaliyyət göstərib. Ancaq hazırda təşkilatın Suriyadakı əsas təmsilçisi məhz ən-Nusra cəbhəsi, ya da indiki adı ilə Fəth əş-Şam qruplaşmasıdır. Ən-Nusra Cəbhəsi 2011-ci il sentyabr ayında Suriyada yaradılıb. İlk dəfə 2012-ci il yanvarın 23-də adı elan olunub. Həmin vaxt təşkilatın tam adı "Cabhat an-Nusra li-əhli-Şam” Şam Əhli üçün Yardım Cəbhəsidir. Əl-Qaidənin Suriya qoludur. Qruplaşma lideri Əbu Muhəmməd əl-Culani 2013-cü ilin aprel ayında verdiyi bəyanatda məqsəd və vəzifələrinin digər islamçı qruplaşmalara dəstək olmasına baxmayaraq, ən-Nusranın müstəqil bir təşkilat olduğunu bildirib. Həmin ilin noyabrında isə əl-Qaidə lideri Ayman əz-Zəvahiri ən-Nusra Cəbhəsini rəhbərlik etdiyi təşkilatın Suriyadakı yeganə qanuni təmsilçisi elan edib.

Ən-Nusra Cəbhəsi bütün dünyada terror təşkilatı kimi tanınır. ABŞ və bir sıra dövlətlər tərəfindən terror təşkilatı siyahısına salınıb. Ən-Nusra Suriyada 3 ən güclü silahlı təşkilatdan biri hesab olunur. Bəzi məlumatlara görə, Nusra Cəbhəsinin 6-10 min arası döyüşçüsü var. Hazırda təşkilat əsasən Suriyanın şimalında - İdlib vilayətində möhkəmlənib. Bəşər Əsəd qüvvələrinin İdlibə hücuma hazırlaşdığı haqda xəbərlər yayıldıqdan sonra Nusra Cəbhəsi liderləri digər islamçı qruplarla ittifaq sazişi imzalayıb.

Nusra Cəbhəsi Dəməşqdə bir sıra terror hücumlarının, eyni zamanda ələ keçirilən hökumət tərəfdarlarının edam səhnələri ilə yadda qalıb. Qruplaşma lideri Əbu Məhəmməd Əl-Colaninin əsl adı Üsamə əl-Haddavidir, Suriyanın Deyr əz-Zor bölgəsindəki əş-Şəhil şəhərində doğulub. Bəzi məlumatlara görə, 2003-cü ildə Amerika İraqı işğal etdiyi zaman Dəməşq Universitetinin tibb fakültəsində təhsil alan Colani təhsilini buraxaraq İraqa gedib. Burda əl-Qaidənin İraq qoluna qoşulub. 2010-da həbs olunub və bir il sonra həbsdən buraxılıb.

Daha əvvəl ən-Nusra və İŞİD qruplaşması vahid bir təşkilat olub. Hətta mənbələrdə Colaninin İraqdan məhz İŞİD lideri Əbubəkr Bağdadi tərəfindən Suriyaya göndərildiyi haqda məlumatlar yer alıb. Bildirilir ki, Nusra Cəbhəsi Suriyada məhz İŞİD və əl-Qaidə adına savaşıb. Ancaq sonradan İŞİD qruplaşması da öz fəaliyyətini Suriyaya keçirib və Əbubəkr Bağdadi 2013-cü ildə iki qruplaşmasının birləşdiyi və "İraq-Şam İslam Dövləti”nin yaradıldığını elan etdikdən sonra iki lider arasında münasibətlər soyuyur. Colani İŞİD-ə qoşulmur.

Daha sonra iki qruplaşma arasında kiçik toqquşmalar, zəbt olunmuş ərazilərə nəzarət uğurunda qarşıdurmalar qeydə alınıb. İŞİD bir neçə Nusra Cəbhəsi komandirini qaçıraraq qətlə yetirib. 2014-cü il yanvarın 3-də isə iki qruplaşma arasında qanlı müharibə başlayıb. Bu toqquşmalarda Suriyada fəaliyyət göstərən digər islamçı qruplar Nusra Cəbhəsini dəstəkləyib. Ancaq buna baxmayaraq, İŞİD-ə üstün gəlmək mümkün olmayıb.

Qeyd edək ki, 2013-cü ildə iki qruplaşma arasında qarşıdurma yarananda əl-Qaidə lideri Əyman əz-Zəvahiri xüsusi müraciətlə çıxış edərək Suriyadakı İŞİD üzvlərini Nusra Cəbhəsinə qoşulmağa çağırıb. Zəvahiri bəyan edib ki, İŞİD əl-Qaidəyə bağlı qurum deyil, onların Suriyadakı dəstəklədiyi qruplaşma Nusra Cəbhəsidir.

İraq və Şam İslam Cəbhəsi

Qəribə də görünsə indi bir-biri ilə düşmən olan İŞİD də əl-Qaidənin yerli təşkilatı olub. İŞİD qruplaşması 2004-cü ildə İraqın ABŞ və müttəfiqləri tərəfindən işğalından sonra bu ölkədə qurulub. Əl-Qaidənin İraq qolu olaraq yaradılan qruplaşmanın əsas hədəfi amerikalılar və şiə qruplar olub. Daha sonra İraq İslam Dövləti adını almış qruplaşmaya iordaniyalı, daha əvvəl Əfqanıstanda vuruşmuş Əbu Musab əz-Zərqavi olub. 2006-cı ildə Amerika ordusunun zərbələri nəticəsində Əbu Musab əl-Zərqavi öldürülüb. Bundan sonra qruplaşmaya misirli Əbu Əyyub əl-Məsri, ondan sonra isə Əbu Ömər gətirilib. Bu dövrdə ara-sıra fəallaşan qruplaşmanın fəaliyyəti əsasən İraqda olub. 2010-cu ildə qruplaşmanın başına hazırkı lideri Əbu Bəkr əl-Bağdadi gətirilib.

2011-ci ildə Suriyada başlayan etirazların silahlı toqquşmaya çevrilməsindən sonra Bağdadinin əmri ilə Əbu Məhəmməd Colani Suriyaya gedərək əl-Qaidənin silahlı qanadını qurur. Daha sonra Nusra Cəbhəsi adını alan qruplaşma İraqdakı təşkilatla bir yerdə olur. Ancaq 2013-cü ildə Nusra Cəbhəsi ilə İraq İslam Dövləti qruplaşması arasında fikir ayrılığı dərinləşib və iki təşkilat ayrılıb. İİD İraq Şam İslam Dövləti adını götürür. Bu zaman əl-Qaidə lideri Ayman əl-Zəvahiri çağırış edərək Suriyadakı əsas tərəfdaşlarının Nusra Cəbhəsi olduğunu bəyan edir. /"Yeni Müsavat”/

 

Oxşar xəbərlər