Bu gün Yel çərşənbəsidir

  • 07 mart 2017, 09:32

Bu çərşənbədə əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir

Bu gün ilaxır çərşənbələrdən üçüncüsü - Yel çərşənbəsidir. Xalq arasında buna Küləkli çərşənbə, Hava çərşənbəsi, Külək oyadan çərşənbə də deyirlər. Qədim etiqadlarda qeyd edilib ki, torpağın altında - "qara nohurda” yatmış dörd cür külək Yer üzərinə çıxaraq müxtəlif libaslarda özünü göstərir. Mifologiyamızda külək ağ, qara, göy, qırmızı libasda təsvir edilir. Yel çərşənbəsi günü yellər birləşib dünyanı dolaşır, gəzib oyanmış suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir.

Yel çərşənbəsi həm də yelin təzəcə çıxmış otları oyadaraq Novruzun gəlişi barədə xəbərdar etməsi ilə bağlıdır. Yel çərşənbəsində hava təmizlənir. Tədqiqatlara görə, Yel çərşənbəsində əsən soyuq və isti küləklər yazın gəlişindən xəbər verir. Gün ərzində küləyin bir neçə dəfə dəyişməsi onun özünün təmizlənməsi kimi qəbul edilir. Bu çərşənbə axşamında sanki mürgüdən oyanan külək dolaşaraq suyu, odu hərəkətə gətirir. Yel çərşənbəsində əsən mehin, küləyin daxilində bir hərarət olur. Qədim adətə görə, bu çərşənbədə qəfəsdə saxlanılan quşları və heyvanları azadlığa buraxmaq lazımdır. Şifahi xalq yaradıcılığında Yelin Tanrı olması ilə bağlı müxtəlif nəğmə, əfsanə, rəvayət, mif, inanc, məsəl yaranıb. Qədim deyimlərə görə, "Yel baba” xırmana gəlməmişdən qabaq oradan buğda, dən götürməzlər.

Bundan başqa, inanca görə, Yel çərşənbəsi gecəsi söyüd ağacının altına gedib niyyət edib və "Yel baba”nı çağırmaq lazımdır. Əgər "Yel baba” sənin səsini eşidib əssə və söyüdün budaqlarını torpağa toxundursa, diləyin yerinə yetər.

Yel çərşənbəsi günü tonqallar qalanır, evlərdə südlü plov və ya bulğur aşı bişirilir. Süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanmış çərəzlər düzülür. Qadınlar axır çərşənbə üçün hazırlıqlar görürlər. Ev əşyaları sürtülüb təmizlənir, xalça-palaz çırpılır, yorğan-döşək havaya verilir. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin -biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş-yavaş oyanmasına işarədir. Üçüncü çərşənbə sayılan Yel digərlərindən insanların fəaliyyətlərinə və adət-ənənələrində əks olunan fərqliliklərə görə seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlarımız, qızlarımız evdə təmizlik işlərinə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər.

Xanımlar uşaqlar üçün təzə paltar biçib-tikir. Qız-gəlinlər qoz-fındığı ləpələyib şirniyyat hazırlığı tədarükü görürlər. Bu gün bir qarış böyümüş səməninin ortasına qırmızı qumaş bağlanır. Ümumiyyətlə isə insanlar yelin insanlara xoş və şirin təəssüratlar gətirəcəyinə inanırlar. Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu da Boz ayla əlaqədardır. Bu çərşənbə ilə də bağlı illərin sınağından çıxaraq bu günümüzə qədər yaşamış və özünü doğrultmuş xalq hikmətləri var.

Məsələn, "Yel əsib qoz tökülüb”, "Yelnən gələn selnən gedər”, "Yel apardığını qaytarmaz”, "Yellə dost olan yellənə-yellənə qalar”, "Yel bağlayanı əl açar”, "Külək kimi hərdən bir yana əsmə”.

İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir.

Yel Çərşənbəniz mübarək!


Oxşar xəbərlər