Müstəntiq öz anasının başına nələr gətirib?

  • 30 mart 2016, 07:55

68 yaşlı qadın onu qanunsuz olaraq dəlixanaya salanlar vəbu müddətdə evindən oğurluq edənlərin cəzalandırılmasını tələb edir

Altı ilə yaxındır ki, haqq-ədalətin bərpası, onu qanunsuz olaraq, psixiatriya xəstəxanasına salanlar və bu müddətdə evindən oğurluq edənlərin cəzalandırılması üçün mübarizə aparan 68 yaşlı Aliyə Təmrazova növbəti dəfə dövlət başçısına müraciət edib. O, pozulmuş hüquqlarının bərpası, cinayətkarların cəzalandırılması üçün dövlət başçısından kömək istəyir.

2010-cu ilin sentyabrında bu hadisələr başına gələndən bəri döymədiyi qapı qalmayan Aliyə Təmrazova, baş prokuror Zakir Qaralovdan tutmuş, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə qədər müxtəlif məmurların qəbulunda olub. Amma hələ ki, ortada nəticə yoxdur.

Xatırladaq ki, Aliyə Təmrazova başına gələn müsibətlərdə, o cümlədən yaşadığı evin qarşısından oğurlanıb, zorla psixiatriya xəstəxanasına aparılması, orada saxlanıldığı üç gün ərzində evinin sənədlərinin, qızıl-zinəəşyalarının oğurlanmasına görə 4 yaşından təkbaşına böyütdüyü yeganə oğlu, Dövlət Gömrük Komitəsinin istintaq idarəsinin müstəntiqi Həsən Sultanzadənin günahkar olduğunu deyir. Aliyə xanım deyir ki, Həsən Sultanzadəyə havadarlıq edənlər olmasaydı, indiyədək onun doğma anasına qarşı elədikləri cəzasız qalmazdı. 68 yaşlı ana xüsusən Səbail rayonunun keçmiş prokuroru Şirxan Adıgözəlovu günahlandırır: "Ikinci dəfə mənim tam sağlam olduğum həkim rəyi ilə sübut edildiyi halda, yenə də küçədən oğurlanıb dəlixanaya aparılmağımda bu adamın rolu olub. Çoxsaylı müraciətlərimə baxmayaraq, onun əməlinə hüquqi qiymət verilmir. Bu ”dəlixana əməliyyatı” da baş tutmayandan sonra Həsən Sultanzadə 18 sentyabr 2014-cü il tarixli məktubla Kəmaləddin Heydərova müraciət edib ki, üçüncü dəfə dəlixanaya yerləşdirilməyim üçün ona yardım etsin”.

Son bir neçə ayda dəfələrlə Baş Prokurorluğun, Milli Məclisin, Prezident Administrasiyasının qarşısında narazı vətəndaşların birgə etiraz aksiyalarında iştirak edən Aliyə Təmrazovanın bugünlərdə baş prokurordan aldığı məktub onda müəyyən ümidlər yaradıb: "Mən indiyədək dəfələrlə həm Zakir Qaralovun, həm də onun birinci müavini Rüstəm Usubovun qəbulunda olmuşdum. Zakir Qaralov birinci dəfə məni 16 aprel 2011-ci ildə qəbul eləyəndə ona baş verənləri danışdım, istintaqa nəzarət idarəsinin rəisi Nazim Abbasova göstəriş verib dedi ki, ”məhkəmə qərarı olmadan xanımı psixiatriya xəstəxanasına necə salıblar? Araşdırın”. Üstündən xeyli keçsə də, məsələ araşdırılmadı. Növbəti dəfə 24 may 2014-cü ildə onun qəbulunda olanda dedim ki, "4 ildir bu cinayət işi sizin xüsusi nəzarətinizdədir, amma məsələ həllini tapmır. Onda Zakir Qaralov məni açıq-aşkar təhqir edib hədələdi. Bu il martın 1-də məni növbəti dəfə qəbul eləyəndə ona həm qanunsuz psixiatriya xəstəxanasına salınmağım, həm də evimdən oğurluqla istintaqın yol verdiyi saxtakarlıqları bir-bir izah elədim. Bundan sonra 2 martda şəxsi imzasıyla məktub göndərərək, aidiyyəti üzrə göstərişlər verdi”.

Zakir Qaralovun Aliyə Təmrazovaya göndərdiyi 2 mart 2016-cı il tarixli məktubda göstərilib ki, Səbail Rayon Prokurorluğunda CM-nin 146.2-ci (qanunsuz olaraq psixiatriya xəstəxanasına yerləşdirmə) və 313-cü (vəzifə saxtakarlığı), eləcə də Bakı şəhər Baş Polis Idarəsində CM-nin 177.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə istintaqı aparılan cinayət işləri bir icraatda birləşdirilir. Istintaqın aparılması isə Bakı şəhər prokurorluğunun istintaq idarəsinə həvalə olunur.

"Eyni zamanda, Həsən Sultanzadə tərəfindən etik davranış qaydalarının pozulması, xidməti fəaliyyətilə bir araya sığmayan hərəkətlərini nəzərə alaraq, onun tutduğu vəzifədə qalıb-qalmaması məsələsinə baxılması üçün Dövlət Gömrük Komitəsinin sədrinə məktub göndərilib”, – deyə baş prokurorun Aliyə Təmrazovaya məktubunda qeyd olunub.

Aliyə Təmrazova ona qarşı törədilən cinayətlərin üstünün açılacağına, təqsirkarların cəzalanacağına ümid etməklə yanaşı, həm də təhlükəsizliyinin təmin olunmasını istəyir. Elə dövlət başçısına məktubunda da bu məsələ öz əksini tapıb: "Hər bir vətəndaşın qarantı kimi, sizdən xahiş edirəm, mənim təhlükəsizliyimin təmin olunması üçün aidiyyəti orqanlara göstəriş verəsiniz”.

Fidan

Oxşar xəbərlər