Jurnalist Asəf Novruzov ev dustaqlığına buraxılmadı

  • 22 dek 2021, 19:54
Hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən jurnalistlər Asəf Novruzov və Məhsud Səfərovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri müvəkkilləri barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı vəsatət veriblər.
Asəf Novruzovun vəkili bildirib ki, müvəkkilinin himayəsində iki azyaşlı övladı var. Müdafiəçi məhkəmədən qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı qərar qəbul edərkən təqsirləndirilən şəxsin Yeni Azərbaycan Partiyasının, Yazıçılar Birliyinin, Mətbuat Şurasının üzvü olmasını, jurnalistika fəaliyyəti ilə bağlı"Qızıl qələm" mükafatına layiq görülməsini və müxtəlif kitabların müəllifi olmasını nəzərə alınmasını xahiş edib.
Təqsirləndirlilən Məhsud Səfərovun vəkili də vəsatəti müdafiə edib. Vəsatət təmin olunmayıb.
Məhkəmənin baxış iclası dekabrın 28-ə təyin olunub.
Qeyd edək ki, Asəf Novruzov 2006-cı ildə jurnalist fəaliyyəti ilə bağlı prezident təqaüdünə layiq görülüb.
Xatırladaq ki, Baş Prokurorluğun yaydığı məlumata əsasən, “cia.az” informasiya portalının rəhbəri Novruzov Asəf Baxşəli oğlunun həmin saytın əməkdaşı Səfərov Məhsud Səfər oğlu ilə əlbir olaraq ayrı-ayrı dövlət qurumları, müəssisə və təşkilatların rəhbər vəzifəli şəxsləri barəsində həqiqəti əks etdirməyən, rüsvayedici, işgüzar imicə xələl gətirə biləcək məlumatları dərc edəcəkləri ilə hədələyərək onlardan ayrı-ayrı vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini hədə-qorxu ilə tələb edərək almalarına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, Asəf Novruzov və Məhsud Səfərov həmin məcəllənin 182.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu ilə tələb etmə) və 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham elan edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər