Səadət Butanın oğlunun intiharı

  • 17 apr 2017, 08:10

 

Aprelin 14-də tanınmış şairə Səadət Butanın oğlu, 47 yaşlı Məmməd Abdullayev müəmmalı şəkildə intihar edib.

Əvvəl sosial şəbəkələrdə mərhumun qəfildən, öz əcəli ilə dünyası dəyişdiyi bildirilsə də, sonradan intihar etdiyi məlum oldu. İntiharın necə baş verdiyi haqda şairənin yaxın həmkarı Nazilə Səfərli publika.az saytına geniş açıqlama verib:

"Mərhumun iki övladı var. Oğlu Almaniyada oxumağa hazırlaşır. Xanımı da çox mədəni qadındır. Hətta oğlunun xaricdə təhsil alması üçün bank hesabında pulu da var idi. Adam intihar edəndə adətən soruşurlar ki, borcu var idi görəsən. Anasının danışdıqlarına əsasən deyirəm. Səadət xanım Gürcüstana aşıq Telli Borçalının anasının yas mərasiminə getmək istəmirmiş. Oğlu Məmməd deyib ki, ”ana Telli küsəyəndir, o küsər, get". Qızını da göndərib dərziyə, evdə heç kim qalmayıb. Sonra üzünü qırxıb, çay dəmləyib, şirniyyat süfrəsi açıb. Bir stəkan çay süzüb. Sonra mətbəxə keçib. Mətbəxdə boru var imiş. O borudan özünü asıb. Qızı evə gələndə elə bilib ki, atası ondan gizlənir. Deyib ki, gördüm səni, gizlənmə. Görüb ki, atasından səs çıxmır. Birdən gözü sataşıb ki, ayağının altında heç nə yoxdu, atası havada qalıb. Onda anlayıb ki, atası özünü asıb. Təkbaşına kəndiri kəsib və cəsədi yerə düşürüb. Tək olsa da, qoymayıb ki, atasının başı yerə dəysin. Məktub yazıb qoyub. Həmin məktub polisdədir. Məktubda yazıb ki, "bu çirkab həyatda yaşamaq istəmirəm. Bu həyat mənlik deyil”. Sonda da "Allah” yazıb".


 

Şairə Nazilə Səfərlinin sözlərinə görə, mərhum tez-tez depressiyaya düşürmüş: "Anasının dediyinə görə bu cür hallar tez-tez baş verirdi. Sonuncu dəfə ötən il müalicə alıb. Bu il müalicəyə getməyib”.

 Nazilə Səfərli daha bir ilginc məlumat haqda danışıb. O qeyd edib ki, mərhumun ailəsində intihar ilk hal deyil: "Onun atası da 32 yaşında intihar edib. Atasının əmisi oğlu da intihar edərək dünyasını dəyişib”.

Şairə Səadət Butanın bacısı Səringül xanım isə "Yeni Müsavat”a açıqlama verərək, mətbuatda gedən bəzi yazıların həqiqəti əks etdirmədiyini bildirib:

"Bəli, bu intihardır, amma bu hadisə nə birinci, nə də sonuncudur. Mənim bacımın oğlu ali savadlı idi. O, şair, riyaziyyatçı, kimyaçı, dil-ədəbiyyatçı, tarixçi olub. Onun 700 balla universitetə daxil olan balaları var. Onun hər şeyi olub. Bir hadisədir, baş verib... ”

Səringül xanımın sözlərinə görə mərhumun hansı səbəbdən intihar etdiyi sirr olaraq qalır:

"Onun intihar səbəbi hələ də məlum deyil. Nə olduğunu özümüz də ayırd edə bilmirik.

O, bütün sirri öz ilə aparıb... Ailəsində heç bir narazılığı olmayıb. Çox gözəl ailəsi var. İşlədiyi yerdə də heç vaxt narazılıq olmayıb, hər kəs ona hörmətlə yanaşıb. Həyatdan bezmək söhbəti olmayıb. Sadəcə yazıb ki, çirkablı həyatda yaşamaq istəmirəm. Heç nə, qəfil olan bir işdir... "


Xalidə Gəray

Oxşar xəbərlər