Banklar pula görə iki dəfə haqq alır

  • 02 mart 2017, 08:29
«Bu il Vergi Məcəlləsinə edilmiş 201 dəyişiklik qüvvəyə minir. Bunlardan 123 maddə vergi inzibatçılığının təkmilləşdirilməsi, uçot-qeydiyyatın asanlaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə vergi yükünün azaldılması, azadolma və güzəştləri əhatə edir. Hələ də dəyişikliklərdən xəbərsiz olan fiziki və hüquqi şəxslər var. Çünki dəyişikliklərdən öncə müzakirə və izahat işləri aparılmayıb, dəyişikliklərdən sonra isə bağlı müvafiq maarifləndirmə işinin aparılması təmin edilməyib». Bu fikirləri hüquqşünas Əkrəm Həsənov bildirib.  

Qeyd edək ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə aid keçid müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilənayında (aylarında) 200.000 manatdanartıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş (yola salınmış) mallara, görülmüş işlərə və göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixdən, bütün digər vergi ödəyiciləri tərəfindən 2018-ci il 1 yanvar tarixdən malların (işlərin, xidmətlərin) alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara (malların, işlərin, xidmətlərin sifarişçisinə) elektron qaimə-faktura təqdim edilməlidir.

Əkrəm Həsənov bildirib ki, neftdən gələn gəlirlər azalıb deyə dövlətin vergi tutmağa ehtiyacı artıb: "Ona görə də, son illərdə hər il Verligi Məcəlləsinə dəyişikliklər edilib. Amma dəyişikliklər sahibkar və investorlar üçün yaxşı deyil. Belə olan halda sabihkarlar iş görməkdə, planlarının gələcək müəqəddaratından narahat olurlar”.

Son dəyişikliklər nəticəsində Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından  çıxarılmasına görə bir faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. 

Hüquqşünas bildirir ki, hazırda dünyada bu verginin tətbiq tətbiq edən iki dövlət var: "Onlar Hindistan və Azərbaycandır. Bu verginin digər ölkələrdə tətbiq olunmaması təsadüfi deyil. Çünki belə bir verginin tətbiq olunmasının iqtisadi əsası yoxdur. İstənilən verginin üç obyekti olmalıdır. İqtisadiyyat elmindən bizə gəlirdən vergi, xərcdən vergi (aksiz, ƏDV) və əmlak vergisi məlumdur. Sahibkarın bankdan nağd qaydada öz pul vəsaitini çıxarmasına görə 1 faizlik verginin tətbiq olunmasının hüquqi əsası da yoxdur. Belə ki, Konstitusiyanın 73-cü maddəsinə görə, qanunda qeyd edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Həmin maddədə göstərilir ki, heç kim qanunla nəzərdə tutulmuş əsaslar olmadan  və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişlərini ödəməyə məcbur edilə bilməz. İlk növbədə konstitusiyanın bu prinsipi pozulub.

Bəli, bu qanunun tətbiqi ədalətsizdir. Hələ mən bunun mənəvi tərəfini heç demirəm, yenə qanuni tərəfini deyirəm. Vergi Məcəlləsinin 3-cü maddəsində deyilir ki, vergilər ümumi, bərabər və ədalətli olmalıdır. Bu vergi ədalətlimi?”.

Konstitusiyanın 19-cu maddəsinə əsasən, ölkədə nağd pulu ancaq dövlətə məxsus olan Mərkəzi Bank buraxır: "Mərkəzi Bank da pulu kommersiya banklarına verir. Bunu əvəzsiz verir? Xeyir! Mərkəzi Bank banklara verdiyi nəğd pula görə 1 faiz haqq tutur. Yəni nəğd verdiyi hər puldan 1 faiz tutur. Banklar da öz növbəsində həmin faizi öz müştərilərdindən tutur. Yəni istənilən şəxs bankdan pul çıxaranda komisyon haqq ödəyir. Bu o deməkdir ki, nağdlaşdırmaya görə, artıq bir dəfə dolayısı ilə dövlətə vergi verilib. Yenidən 1 faizlik vergi tətbiqi o deməkdir ki, dövlət nağdlaşdırmaya görə 2 dəfə vergi tətbiq edir. Bu qeyri-etikdir. Nağdlaşdırmaya görə tətbiq edilən yeni vergi həm də diskriminasiya xarakterlidir”. 

Ə.Həsənov vurğulayıb ki, dövlət pul buraxmaqla onsuz da infilyasiyadan qazanır: "Yəni, dolayısı ilə vətəndaşlardan gizli vergi alır. Cibimizdə olan pulun dəyəri aybaay düşür. Bununla belə, yenidən nağdlaşdırmaya görə vergi tutulur. Digər tərəfdən, pul dövlət atributlarından biridir. Və mənəvi baxımdan atributla alver etməyin özü də etikadan kənardır.

Ekspert hesab edir ki, ictimaiyyətlə müzakirə olunmayan qanun layihəsi qüsurludur: "Dəyişikliklərdən öncə və sonra sahibkarlara, hüquqi və fiziki şəxslərə dəyişikliklərin mahiyyəti ilə bağlı hökumət tərəfindən müzakirə təşkil olunmalı və izahat işləri aparılmalıydı”.
Ə.Həsənov bildirir ki, bu dedikləri ilə bağlı Vergilər Nazirliyinə müraciət edərək məsələnin həll olunmasına çağırış edib. Burda nəticə olmasa, Konistitusiya Məhkəməsinə Vergi Məcəlləsinin 220.12-ci maddəsinin qanunsuz hesab edilməsi üçün müraciət olunacaq.
Oxşar xəbərlər