“Mavi qanlı əsilzadə”lər və ya yeni “rus məmlükləri”

  • 08 may 2022, 12:17
Varlı ərəb ölkələrinə gedib-gələnlərin söhbətlərində çox adamın diqqət yetirmədiyi bir cümlə olur: “Yerli adamlar o qədər varlıdırlar ki, qara işlərdə işləmirlər, əl-ayaq işlərini benqallar, induslar, malaylar görür”.
Amma bu təkcə varlılıq məsələsi deyil, bir xeyli də tənbəllik, harınlıq məsələsidir. Belə ölkələrin pullu adamları artıq elə harınlayıb, tənbəllşiblər ki, qara işlərdə işləmək istəmirlər, özlərini “mavi qanlı əsilzadələr” sayırlar, çörəkpulu qazanmaq üçün ölkələrinə gələn kasıb əcnəbilərin xidmətindən yararlanırlar.
İşə baxın, dünənə qədər səhrada dəvə otaran ərəblərin züryətləri fəvvarə vuran neftin hesabına artıq safqanlı əsilzadə olublar və özlərini elitar zümrədən sayırlar.
Ağır zəhmət tələb edən işlərdə çalışmağı özünə yaraşdırmamaq müasir nasizimin əlamətlərindən biridir. Nə qədər ki, belə şeylər hansısa millətin başını xarab eləməyib, özlərinin bütün qara-qura işlərini özləri görürlər, elə ki millətdə öz böyüklüyünə, unikallığına, əlahiddəliyinə inam yarandı (bu inamı da aşıb-daşan pul yaradır), iş bitdi, acından öləcəklər, amma adi (xidmətçi, süpürgəçi, suvaqçı, fəhlə, çayçı) işlərdə işləməyəcəklər.
Hazırda Rusiyada milyonlarla əcnəbi vətəndaşın ağır və qara, adi və aşağı, eləcə də təhlükəli işlərdə çalışmasının əsas səbəblərindən biri yerli rusların tənbəlliyidirsə, biri də onların bu cür işləri özlərinə yaraşdırmamalarıdır.
666.jpg (40 KB)
Aydın məsələdir, ruslar gecə saat 5-dən durub topdansatış məntəqələrinə gedən, öz marketləri üçün ucuz və keyfiyyətli ərzaq, meyvə-tərəvəz alan, qarda, şaxtada səhər o başdan tikinti meydançalarında əmrə müntəzir duran, hansısa iş yerində gecə saatlarına qədər işləyən deyillər. Həm ərinirlər, həm də müvafiq qabiliyyətləri yoxdur, eyni zamanda hesab edirlər ki, elitar millətin nümayəndələrinə belə işlər görmək yaraşmaz.
444.jpg (57 KB)
Bu üzdəndir ki, hətta gerçək həyatda yox, filmlərdə də Moskva və Sankt-Peterburqun küçələrini süpürənlər Orta Asiya respublikalarından, əsasən Tacikistandan gələnlərdir, dükan-bazarlarda gürcülər və azərbaycanlılardır, taksi sürənlər və iaşə müsəsisəsi işlədənlər ermənilərdir, tikintilərdə moldovanlar, ukraynalılar, özbəklər çalışır.
Belə anlaşılır ki, bu qara işləri görən qastarbayterlər bir gün ellikcə çəkilib öz ölkələrinə getsələr, Rusiyanın iri şəhərləri zibilin içində batar, bazarlar, marketlər boş qalar, inşaat və nəqliyyat sektoru çökər. Əl-əlbət, elə olar. Eyni zamanda hüquq-mühafizə orqanlarının, xüsusilə də sahə müvəkillərinin və yerli reketlərin çörəyi kəsilər.
555.jpeg (97 KB)
Bu ağır işlərdə işləyənlər dövlətlə paralel, poqonlarında 5 guşəli ulduz olanlara və bədənlərində çoxguşəli tatuaj ulduzu daşıyanlara da aylıq xərac verirlər. Bir az gecikdirəndə və ya düzəldib verə bilməyəndə ya işlədikləri yeri OMON basır, hamısını hərbi əsirlər kimi divar boyu sıraya düzürlər, ya da kriminal ünsürlər gecəylə gəlib bir-iki kanistr benzin çiləyir, yanan alışqanı 2-3 metrdən tolazlayıb gedirlər. Bu halda müəssisə və ya yaşayış məkanı yanıb külə dönür, ya da yanğınsöndürənlər gəlib yanan məkanın bir yarısını söndürür, muzdlarını alıb gedirlər.
Bir ara ABŞ-da və Avropa ölkələrində də ev qulluqçusu və ya iaşə müəssisəsində ofisiant işinə Filippindən gələn qadınları götürmək dəb olub. Bəzi ölkələrin kübar cəmiyyətlərinə xas olan harınlamış ağ adamlar belə işləri özlərinə yaraşdırmırmışlar. Güman ki, elə şeylər indi də var. Ancaq sonradan qənaətlə dolanmağa vərdiş edən, pullarının qədrini bilən bir çox avropalılar milyonlarla əcnəbi vətəndaşın, necə deyərlər, öz işlərinin həm ağası, həm nökəri olmağa meylləndilər.
Orta əsrlərdə Misirdə orduda xidmət etmək, əsgər olmaq nəyə görəsə qara iş sayılıb, gedib başqa ölkələrdən qul əsgərlər (çərkəzlər, qıpçaqlar, kumıklar) gətiriblər, adına da məmlük deyiblər. Onlar da axırda yekəlib, kökəlib, çoxalıb Misirdə hakimiyyəti götürüblər və 267 il hökmranlıq ediblər.
Hazırda Ukraynada Rusiya tərəfindən döyüşənlərin içində də bir xeyli müasir “məmlük” var. Onlar federasiya daxilində yaşayan azsaylı xalqların (qədim çərkəzlərin, qıpçaqların, kumıkların) oğullarıdır, hərbi işə cəlb ediliblər, “rus məmlükü” olublar. Heç nə yox, bu yaxınlarda Tuva türkü Küjüqet Şoyqunun oğlu, ordu generalı Sergey hakimiyyəti götürsə, bu “məmlüklər” Misir presedentini təkrarlayardılar. Amma necə, nəylə? Məmlük olanda da gərək sultan Bəybars kimi olasan.
Samir SARI
Oxşar xəbərlər