Azərbaycan nefti bahalaşdı, davamlı olacaqmı...

  • 07 sen 2019, 10:30

İlham Şaban: "Hazırkı qiymət neft şirkətlərinin kifayət qədər mənfəətlə işləməsi, o cümlədən həm hasilatçı, həm də istehlakçı ölkələr üçün komfortlu bir qiymətdir”

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin qiyməti 3,1 ABŞ dolları və yaxud 5,1% artıb.  "Azeri Light” markalı neftin bir barelinin qiyməti 63,95 dollar təşkil edib. Artım təkcə,  "Azeri Light” markalı neftlə bağlı qeydə alınmayıb.

Brent markalı neftin qiymətində də artım var. ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin bir barelin dəyəri 0,04% artaraq 1 barelə görə 60,99 dollar təşkil edib. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin dəyəri 0,05% artaraq 56,35 dollar təşkil edib.

Bu artımın iqtisadi səbəblərlə deyil, dünya iqtisadiyyatının lider dövlətləri arasındakı ticarət müharibələri ilə bağlı olduğu bildirilir".

Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban da "Yeni Müsavat”a açıqlamasında bildirdi ki, neftin bahalaşması birjaya daxil olan xəbər axını ilə əlaqədardır: "Azeri Light” markalı neftimizin qiyməti 3 dollar artıb, bundan öncə də, 2,5 dollar ucuzlaşmışdı. Burada təəccüblü heç nə yoxdur. Neftin qiymətinin düşməsinə olan ABŞ-a Çin arasındakı iqtisadi gərginlik, ticari müharibələr səbəb olmuşdu. İndi isə neftin bahalaşmasına ABŞ Enerji Adminstrasiyasının açıqladığı hesabat səbəb oldu. Bunun nəticəsində neftin qiyməti 62 dolları keçdi. Avqust ayının 2-dən buyana  dünya birjalarında bu cür yüksək qiymət qeydə alınmamışdı. Bir sözlə, qiymət dəyişmələri birjalara daxil olan xəbərlərdən qaynaqlanır. Bu artımın davamlı olması, yenə də birjalarda bazarla bağlı nə qədər  müsbət informasiyaların yayılmasından asılı olacaq. İndi sentyabr ayı olduğundan yeni informaisyalar gözləmək əbəsdir. Ancaq növbəti ayda ilin üçüncü rübünün yekunları ilə bağlı hesabatlar açıqlanacaq. Söhbət dünya iqtisadiyyatının vəziyyətinə dair məlumatlardan gedir. İstər ABŞ-da, istər Avropada,  istərsə də Çində iqtisadiyyatın artım templəri, ÜDM-in artım templəri, idxal-ixrac əməliyyatları ilə bağlı məlumatların açıqlanması təbii ki, bazara öz təsirini göstərəcək. Ona qədər olan dövrdə isə OPEK+ çərçivəsində məsləhətləşmələr olacaq. Bazarda noyabr ayının sonu, dekabrın əvvəlində OPEK+ ölkələri arasında  ilin yekun konfransı olmalıdır. Burada neft icraxın edən ölkələrin, neftin ədalətli qiymətinin saxlanılması istiqamətində qərarlar qəbul etməsi, çağırışlar və bəyanatlar səsləndirməsi gözlənilir ki, bütün bunlar bazara təsir edəcək.

Rusiyanın energetika naziri Səudiyyə Ərəbistanına səfərə hazırlaşır, bu danışıqlar da bazara müəyyən təsir göstərəcək. Hər şey iqtisadi faktorlardan və bazara yönələn müsbət və ya neqativ informasiyaların bolluğundan asılıdır".

İlin son ayları üçün neft qiymətlərini proqnozlaşdıran İ.Şaban bunun 63-64 dollar ətrafında olacağını vurğuladı: "Artıq 8 ayın nəticələri açıqlanıb. Bu rəqəmlərə görə, neftin orta qiyməti 65 dollar ətrafındadır. Bu həm dünya miqyasında, həm də Azərbaycan üçün kifayət qədər normal qiymətdir. OPEK ölkələri də 65 dolları özləri üçün məqbul qiymət kimi götürürlər. 70 dollar məqbuldan yuxarı səviyyə, 60 dollar isə aşağı səviyyəsidir. Yəni, bu dəhlizin orta hissəsində qərarlaşır. Bundan öncəki dövrə nəzər salsaq, biz neftin orta qiymətinin  son 4 ayda 60 dollardan bir qədər aşağı, yəni 59 dollar ətrafında olduğunu nəzərə alsaq, ilin orta qiymət 63 dollardan aşağı düşməyəcək”.

Ekspert bildirdi ki, bu ötənilki rəqəmlə müqayisədə xeyli aşağıdır: "Ötən il ”Brent" markalı neftin orta qiyməti 70 dollar olmuşdu, Azərbaycan nefti isə 71 dollar idi. Bu il üçün isə neftin orta illik qiyməti 64-65 dollar proqnoz edilmişdi. Bir ara neft bahalaşanda, bəziləri bu proqnozu korrektə etdi, 67 dollara qaldırdılar. Ancaq hazırki qiymətlər iki il öncəsindən daha yaxşıdır, 2016-cı ildə olduğu kimi 44 dollar deyil. Hazırki qiymət neft şirkətlərinin kifayət qədər mənfəətlə işləməsi, o cümlədən həm hasilatçı, həm də istehlakçı ölkələr üçün komfortlu bir qiymətdir".

Oxşar xəbərlər