Yeni ildən maliyyə sanksiyalarında ciddi artımlar olacaq

  • 24 dek 2018, 08:43

Ekspert: "Məcəlləni ilk dəfə pozanlara güzəşt olunacaq”

Prezident 2019-cu ilin dövlət büdcəsini təsdiqləyib. Yanvarın 1-dən qüvvəyə minəcək büdcədə vergilər xətti ilə cərimə və sanksiyalardan daxilolmalar 377 milyon manat proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 51 milyon manat çoxdur.

Vergilər xətti ilə cərimə və maliyyə sanksiyaları üzrə daxilolmaların artmasına səbəb Vergilər Məcəlləsinə edilən dəyişikliklərlə bir sıra istiqamətlər üzrə maliyyə sanksiyalarının artırılmasıdır.

İqtisadçı-ekspert, İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qalib Toğrulun "Yeni Müsavat”a bildirdiyinə görə, yeni dəyişikliklərdən sonra Vergi Məcəlləsində nəzərdə tutulan mövcud maliyyə sanksiyaları və cərimələr şərtləşdirilib, yeniləri əlavə olunub. Eyni zamanda, maliyyə sanksiyalarını nəzərdə tutan maddələrdə dəqiqləşmələr aparılıb, onların əhatə dairəsi genişləndirilib: "Vergi Məcəlləsində artırılan və yeni daxil edilən maliyyə sanksiyaları gəlirlərin və xərclərin uçotunun aparılmaması və ya düzgün aparılmaması, qaydalara uyğun sənədlərin tərtib edilməməsi, pul vəsaitlərinin uçotdan yayındırılması, hesabatların, məlumatların, arayışların vaxtında verilməməsi və ya bu sənədlərdə yanlış məlumatların verilməsi, aksiz markası və məcburi nişanlama qaydalarına əməl edilməməsi və əmək müqaviləsinin bağlanılmaması kimi çox müxtəlif məsələləri əhatə edir. Daha çox artırılan maliyyə sanksiyalarına nümunə kimi vergi ödəyicilərinin ”kassa çekinin vurulmamasına görə cərimə" adlandırdıqları, ancaq əslində daha geniş məsələləri əhatə edən operativ vergi nəzarəti tədbirləri zamanı tətbiq olunan maliyyə sanksiyasını göstərmək olar. Nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə, əhali ilə pul hesablaşmalarının aparılmasına, alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə əvvəllər birinci dəfə 400 manat, ikinci dəfə 800 manat, 3 və daha çox olduqda 1200 manat cərimə kəsilirdisə, indi bu məbləğlər müvafiq olaraq 1000 manat, 3 000 manat və 6 000 manat təşkil edir".

Vergi Məcəlləsinə görə, əmək müqaviləsinin bağlanmamasına görə işəgötürənə hər bir belə şəxs üzrə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 2000 manat, ikinci dəfə yol verdikdə 4000 manat, üç və daha çox dəfə yol verdikdə 6000 manat cərimə kəsiləcək: "Əvvəllər bu məbləğ birinci, ikinci, üçüncü və daha çox hallarda aşkara çıxarılsa da, hər bir belə şəxs üzrə sabit cərimə məbləği 1000 manat idi. Ancaq burada nəzərə almaq lazımdır ki, əvvəllər vergi orqanları ilə yanaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) da əmək müqavilələrinin bağlanılması vəziyyətini yoxlayırdı və cərimələr tətbiq edirdi. Artıq ”Sosial sığorta haqqında" qanuna müvafiq düzəlişdən sonra DSMF-nin belə bir hüququ qalmayıb. Əmək müqavilələrinin bağlanılmaması ilə bağlı yalnız vergi orqanları və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti maliyyə sanksiyası tətbiq edə biləcək. Onu da qeyd edim ki, səyyar vergi yoxlaması zamanı nəzərdə tutulan cərimələr də artırlıb. Daha bir yüksək cərimə kimi maliyyə institularına münasibətdə tətbiq olunan maliyyə sanksiyasını qeyd edə bilərəm. Əgər elektron hesabatın müəyyən edilmiş qaydada və müddətdə təqdim edilməməsinə görə onlar əvvəllər 1000 manat cərimə olunurdularsa, indi analoji hala görə 10 dəfə çox, 10.000 manat məbləğində maliyyə sanksiyası ilə qarşılaşacaqlar. Vergi ödəyicilərinə diqqətli olmağı tövsiyə etməklə yanaşı, bir şad xəbəri də vermək istəyirəm. 1 yanvar 2019-cu ildən bu cərimələrin əksəriyyətinə münasibətdə maliyyə sanksiyasına imkan verən hala birinci dəfə yol verildikdə vergi ödəyiciləri vergi orqanı tərəfindən cərimələnməyəcəklər, onlara rəsmi xəbərdarlıq ediləcək. Bu rəsmi xəbərdarlıq yazılı şəkildə həyata keçiriləcək".

Məcəlləyə əsasən, aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə malların satış qiymətinin 10-40 faizi miqdarında maliyyə sanksiyaları tətbiq edilə bilər.

Bundan əlavə,elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası verilmədən təqdim edilməsinə görə -malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan, habelə məcburi nişanlama ilə nişanlanmalı malların məcburi nişanlama ilə nişanlanmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə təqvim ili ərzində belə hala birinci dəfə yol verildikdə həmin malların bazar qiyməti ilə dəyərinin bir misli, təqvim ili ərzində belə hallara iki və daha çox dəfə yol verildikdə iki misli məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd edək ki, hazırda aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan satılmasına, satış məqsədilə saxlanılmasına, istehsal binasının hüdudlarından kənara buraxılmasına görə cəza tədbiri olaraq maliyyə sanksiyası deyil, inzibati cərimə tətbiq edilir.

Məcəlləyə edilən digər dəyişikliyə əsasən məcəllə ilə nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını əldə edən şəxslər tərəfindən vergidən azad olunan gəlirlərin bəyan edilməməmisə və ya azaldılmasına görə bəyan edilməmiş və ya azadılmış gəlirin 6 faizi miqdarında vergi ödəyicisinə maliyyə sanksiyası tətbiq edilə bilər.

Oxşar xəbərlər