Çexiya polisi ölkənin baş nazirini həbs etmək istəyir

  • 21 sen 2021, 14:21
Çexiyanın paytaxtı Praqa şəhərinin polisi ölkə baş naziri Andrey Babişi cinayət məsuliyyətinə cəlb etmək istəyir.
Bu barədə Praqa prokurorluğunun mətbuat katibi Alyoşa Tsimbala məlumat yayıb.
Çexiya baş naziri Avropa Birliyi fondlarından gələn subsidiyları sahibi olduğu “Agrefert” holdinqinə daxil olan “Leylək yuvası” adlı şirkət vasitəsilə özü və yaxınları üçün mənimsəməkdə suçlanır.
Hazırda həm baş nazirə, həm də onun köməkçisi Yana Mayerovaya qarşı ciddi ittihamlar səsləndirilir. Təhqiqatın gəldiyi rəyə əsasən, onlar qeyri-qanuni olaraq 2 milyon dollardan çox pul alıblar.
Qeyd etmək lazımdır ki, Andrey Babiş və onun şirkəti ilə əlaqədar başladılan araşdırma hələ 2019-cu ildə başa çatıb. Həmin il ölkədə onun istefası tələbi ilə kütləvi etiraz aksiyaları da təşkil olunub. Öz növbəsində baş nazir bütün iddiaları rədd edərək, bunu rəqiblərinin təxribatı adlandırıb. Hökumət rəhbəri Çexiyada bu ilin oktyabr ayında keçiriləcək parlament seçkiləri ərəfəsində məsələnin yenidən gündəmə gəlməsinin təsadüfi olmadığını söyləyib.
Andrey Babiş 2017-ci ildən bu yana baş nazir postunu tutur. Buna qədər o, Çexiyanın maliyyə naziri, 2014-cü ildən isə baş nazirin müavini vəzifələrində çalışıb. Məhz “Leylək yuvası” şirkəti ətrafında yaranan qalmaqal onu vaxtilə maliyyə naziri postundan istefa verməyə məcbur etmişdi.
Oxşar xəbərlər