Beyrutda baş verən partlayışdan - FOTO, VİDEO

  • 05 avq 2020, 00:51
Xəbərin yayınlanma vaxtı: saat 19:58
Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib.
Partlayış Beyrut limanının 12-ci blokunda , anbarların olduğu yerdə baş verib. Pirotexniki vasitələr saxlanılan anbarda baş verən partlayış nəticəsində şəhərin müxtəlif yerlərində pəncərə və qapılar sınıb, insanlar yaralanıb.
Partlayışdan sonra 2 kilometr ərazinin məhv olduğu bildirilir. 
Sözügedən dəhşətli partlayışın görüntülərini təqdim edirik. /musavat/
***Reuters xəbər verib ki, partlayış nəticəsində azı 10 nəfər ölüb. Hadisə şahidləri və təhlükəsizlik qüvvələri partlayış anında binaların balkonlarının uçduğunu bildirib.
***
Livanın “Al-Kataib” partiyasının baş katibi Nizar Nacaryan Beyrutda baş vermiş partlayış nəticəsində ölüb.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı özünün “Twitter” səhifəsində məlumat yayıb.
Qeyd edək ki, bir qədər əvvəl telekanal Nacaryanın ağır yaralandığını və huşsuz vəziyyətdə olduğunu bildirmişdi.
Son məlumatlara görə, partlayış 12 nəfərin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olub. Hazırda hadisə yerində yanğından mühafizə briqadaları işləyir, əraziyə helikopterlər də cəlb olunub.
Qeyd edək ki, Livanın baş naziri Hassan Diyab baş vermiş güclü partlayışla əlaqədar çərşənbə günü matəm elan edib.
***
Livanın paytaxtı Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb.
APA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Hazırda insidentin səbəbləri dəqiqləşdirilir. Ehtimallar arasında terror aktı da araşdırılır.
Partlayış zamanı yüzlərlə insanın yaralandığı bildirilir. Qırmızı Xaç Cəmiyyətinin Livan ofisinin bildirdiyinə görə, partlayış nəticəsində 2,2 min insan xəsarət alıb. Ancaq bunun da son rəqəm olmadığı qeyd edilir.
“Al Jazeera” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, hazırda Beyrut xəstəxanaları yaralılarla dolub. Yer çatışmazlığından yaralılar Beyrutdan kənardakı xəstəxanalara göndərilir.
 
Qeyd edək ki, partlayışdan sonra bir çox ölkələr (ABŞ, İsrail, Rusiya, Qətər və b.) Livana humanitar yardım göndərməyi təklif edib.
***
Livanda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 50 nəfəri keçib.
APA xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı "Twitter" vasitəsilə məlumat yayıb. Məlumata görə, 2750 nəfər də xəsarət alıb.
"Al Jazeera" telekanalı isə bildirir ki, ölkənin Səhiyyə naziri Hamad Hassan azı 40 nəfərin öldüyünü, azı 2500 nəfərin də yaralandığını təsdiqləyib. Nazirin sözlərinə görə, ölənlərin arasında tibb işçiləri və həkimlər də var. O, ölü və yaralı sayının artacağını istisna etməyib.
***
Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 67 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə məlumatı "Al Jazeera" telekanalı ölkənin Səhiyyə naziri Hamad Hassana istinadən yayıb.
Məlumata görə, 3 mindən çox insan da xəsarət alıb. Hazırda ərazidə xilasetmə işləri davam etdirilir.
Oxşar xəbərlər