Dünyada işsizlərin sayı sürətlə çoxalır - çıxış yolu

  • 07 may 2020, 09:36

Pandemiyanın daha bir fəsadından necə qurtulmaq olar?

Pandemiyanın dünya iqtisadiyyatına vurduğu ziyan ən güclü iqtisadiyyata malik, inkişaf etmiş ölkələrdə belə işsizlər ordusunun artmasına səbəb olub. Belə ki, dünyanın iqtisadi güclərindən biri olan ABŞ-da ilk dəfə keçən həftə işsizlik müavinəti tələb edənlərin sayı 3 milyon 839 min oldu. ABŞ-ın Əmək  Nazirliyi həftəlik işsizlik müavinətləri barədə məlumat yayıb. Buna görə ölkədə ilk dəfə işsizlik müavinəti tələb edənlərin sayı, 25 aprellə bitən həftədə bir əvvəlki həftə ilə müqayisədə 603 min nəfər azalaraq 3 milyon 839 min olub.
Keçən həftənin işsizlik müavinəti üçün müraciətlərin sayı isə  4 milyon 427 mindən 4 milyon 442 min olaraq dəyişib. Beləliklə, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı “Covid-19" pandemiyasının əmək gücü bazarına təsirilə  ümumilikdə 30 milyon 307 minə çatıb.
BMT-nin Beynəlxalq Əmək Təşkilatı koronavirusa görə dünyadakı işçilərin yarısının gəlirsiz qala biləcəyi barədə xəbərdarlıq edib. Bu, 1.5 milyard insan deməkdir.
Beynəlxalq Əmək Təşkilatına görə, ən pis vəziyyətdə daimi iş müqaviləsi olmayanlardır ki,  onların bir çoxu pərakəndə satış, istehsalat və qida sənayesi sahəsində işləyir. Bundan başqa, işsizlər ən çox turizm sektrundadır.
Artıq qeyri-rəsmi şəraitdə işləyən iki milyarda yaxın insan əmək haqqının bir hissəsini itirib - bu, adətən 60 faizdir. Bu itki pandemiyanın həmin insanların regionuna keçməsinin elə birinci ayındaca baş verdi. Milyonlarla işçi üçün gəlirinin olmaması yeməyin, təhlükəsizliyin və gələcəyin olmaması deməkdir. Bütün dünya üzrə milyonlarla müəssisə son nəfəsini verməkdədir. Qurumdan bildirilib ki, bu insanların  pul yığmaq və ya kredit əldə etmək imkanı yoxdur. Əgər onlara kömək edilməsə, onlar sadəcə məhv olacaqlar.
Qeyd edək ki, Azərbaycanda da koronavirusla bağlı elan olunan karantin səbəbindən işsiz qalanların sayı yetərincədir. Hökumət onların müdafiəsi istiqamətində addımlar atsa da, hər kəsi əhatə etmək mümkün olmadı. Bundan başqa, məlum oldu ki, Azərbaycanda ötən dövrdə işsizlərin qeydiyyatı da düzgün aparılmayıb və rəsmi statistika real vəziyyəti əks etdirmir.
Natiq Cəfərli seçkidə atasının etdiklərinə görə ondan küsüb - VİDEO
İqtisadçı ekspert Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, inkişaf etmiş ölkələrdə bu məsələ elektron sistem vasitəsilə, insanların birbaşa iştirakı olmadan tənzimlənir: “Amerikada sistem elə qurulub ki, orada bütün müqavilələr elektron sistemə daxil edilib, vətəndaş işsiz qalan kimi sistem qeydiyyata alır. Orada işsiz kimi qeydiyyata düşməyə ehtiyac yoxdur. İş müqaviləsinə xitam verilən kimi onlar işsiz statusu alırlar. Azərbaycanda da eyni sistemi tətbiq etmək lazımdır. Ölkəmizdə işsizliyin təsdiqi ilə bağlı qaydaların dəyişməsinə ehtiyac var. İşsiz şəxs müraciət etməlidir, getməlidir, fiziki olaraq iştirak edib, ərizə verməlidir. Orada da müəyyən problemlər yaşanır. Adına VÖEN varsa, torpağı varsa, qeydiyyatı fərqli aparılır. Pandemiya Azərbaycanda real işsizlik səviyyəsini ortaya çıxardı. Bəlli oldu ki, real statistikada göstərilən 4,8 faiz işsizlik reallığı əks etdirmir. Bizdə də müqavilələrin qeydiyyatı və ləğvi sistemi avtomatlaşdırılmış olmalıdır. Müqavilələrin qeydiyyatdan keçməsi çalışanların sayını artırmaqla yanaşı, dövlət büdcəsinə ödənişlərin həcminə də təsir göstərəcək”.
Vahid Əhmədov deputatlarla bağlı dəyişiklikləri PİSLƏDİ - modern.az
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov vurğuladı ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işsizlərə 190 manatın verilməsi zamanı çox böyük problemlərlə üzləşdi: “Müəyyən etmək çətin idi ki, işləyən kimdir, işsiz kimdir.  Mən Milli Məclisdə də təklif verdim ki, bizim statistika  ilə bağlı problemimiz var, bunu həll etmək lazımdır. Orada ciddi islahatlara ehtiyac var, müsair tələblərə cavab verən statistika metodologiyası hazırlanmalıdır. Bu problem var və hökumət səviyyəsində həll edilməlidir. Pay torpağı olanların birmənalı olaraq məşğul şəxs  kimi hesablanması doğru deyil. Əgər  5-10 hektar sahəsi varsa, onu məşğul hesab etmək olar, ancaq 20-30 sot torpağa görə işsiz statusunun verilməsindən imtina edilməsini doğru hesab etmirik. Milli Məclisdə də bir neçə dəfə bu məsələyə toxunmuşuq. Nazirlik bildirir ki, torpağı olan  ondan istifadə etməlidir. Ancaq biz rayonlardakı real vəziyyətdən xəbərdarıq, onların da yardıma ehtiyacı var”.
“Yeni Müsavat”
Oxşar xəbərlər