Rusiyadakı ÜAK-la bağlı ləğv qərarı qüvvədə saxlandı

  • 20 sen 2017, 09:25

ÜAK-la bağlı qərar bir daha göstərdi ki, Rusiyada anti-Azərbaycan qüvvələr hələ də iş başındadır və onlarla mübarizə üçün prezident Putinin qətiyyətli addımı lazımdır

Rusiya Ali Məhkəməsinin Apelyasiya Kollegiyası Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ləğv edilməsi barədə məhkəmə qərarını qüvvədə saxlayıb.

Bu barədə "Report”un Rusiya bürosu xəbər verir.

İşə Ali Məhkəmənin Rəyasət Heyətində baxılacaq. Lakin Rəyasət Heyətində baxılacaq tarix yaxın müddətdə məlum olacaq. Xatırladaq ki, mayın 15-də Rusiya Ali Məhkəməsi  Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatını ləğv edib. Buna səbəb kimi Azərbaycan diaspor təşkilatının Rusiya qanunvericiliyini pozması göstərilib. ÜAK bu qərardan apelyasiya şikayəti verib.

ÜAK isə bu qərardan sonrakı addımlarını düşünür.

Virtualaz.org-a ÜAK-dan verilən məlumata əsasən, təşkilatın vəkilləri Ali Məhkəmənin Rəyasət Heyətinə apelyasiya ilə müraciət edəcəklər. Təşkilatın buraxılıb-buraxılmayacağı ilə bağlı suala cavab verən ÜAK rəsmisi deyib: "Ən pis halda təşkilatın adını dəyişərək, yenidən Ədliyyə Nazirliyinə qeydiyyat üçün müraciət edəcəyik”.

ÜAK-ın qeydiyyatının bərpa edilə biləcəyi ilə bağlı  ümidlərin demək olar ki, nöqtələnməsi Rusiyanın Azərbaycana gizli təzyiqlər etdiyi barədə informasiyalarla bir vaxta təsadüf edir.

Belə ki, bugünlərdə Bolqarıstanın "Trud” qəzeti Azərbaycan hakimiyyətini hədəf alan Korrupsiya və Mütəşəkkil cinayətkarlıq araşdırmaları Mərkəzinin (OCCRP) ruslarla bağlı olduğunu iddia etmişdi.

Ötən həftə Moskvada  "Moskva-Bakı oxu: Qafqazda yeni geosiyasətə doğru” mövzusunda keçirilən konfransdakı çıxışında Milli Məclisin komitə sədri Əli Hüseynli ÜAK-ın  bağlanması məsələsini gündəmə gətirmişdi. "Bizim üçün xalqlarımızın ünsiyyəti çox vacibdir - o, var, lakin Ümumrusiya Azərbaycan Konqresinin qapadılması problemi Azərbaycan hökumətini narahat edir. ÜAK-ın əsasını ölkələrimizin ümummilli liderləri Heydər Əliyev və Vladimir Putin qoyublar. Ümid edirik ki, Rusiya Ali Məhkəməsi ədalətli qərar verəcək və ÜAK fəaliyyətini davam etdirəcək” deyə, deputat bildirmişdi. 

Qeyd edək ki, Rusiya Dövlət Dumasının deputatları, Milli Məclisin deputatları, Rusiyanın və Azərbaycanın elmi-siyasi dairələrinin nümayəndələri, ekspertlər iştirak etdiyi konfransda iki ölkə arasında münasibətlər müzakirə edilib. Konfransda Azərbaycanın önəmi vurğulanıb, iki ölkə arasında münasibətlərin indiki səviyyəsi və inkişaf perspektivləri müzakirə edilib. Ümumi ab-havada belə anlaşılırdı ki, Rusiya hakimiyyəti heç olmasa, Ali Məhkəmədə Azərbaycanın ən iri diaspor təşkilatının qeydiyyatı ilə bağlı rəsmi Bakını razı sala biləcək addım atacaq. İndi isə görünən mənzərə budur ki, Rusiyanın bəzi hakimiyyət dairələri  Azərbaycanın ciddi önəm verdiyi bir təşkilatla bağlı heç də barışdırıcı mövqedə deyil. Yada salaq ki, ÜAK-ın qeydiyyatının ləğv edilməsinin arxasında Rusiyanın ədliyyə  sistemindəki bəzi ermənipərəst qüvvələrin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun dayana biləcəyi barədə xəbərlər vardı. 

Bildirilirdi ki, ÜAK-ın ləğvi Azərbaycanın regionda reallaşdırdığı qlobal layihələrə Rusiya dövlət orqanlarındakı ermənipərəst məmurların fəaliyyətinin nəticəsidir.  AzTV  hətta bu barədə xüsusi süjet hazırlayaraq Rusiya Erməniləri İttifaqının sədri Abramyanın 60 illik yubileyində xarici işlər naziri Sergey Lavrovun iştirakı etdiyini, erməni diaspor təşkilatının sədri ilə qucaqlaşmaları, qol-qola şəkil çəkdirmələrini efirə vermişdi.

O zaman deputat Əli Hüseynovli demişdi ki, Ədliyyə Nazirliyinin ÜAK-ın ləğvi ilə bağlı birbaşa Ali Məhkəməyə müraciəti bu məsələdə qərəz olduğunu təsdiqləyir. "Qanunvericilikdə başqa sanksiya da var. Məsələn, cərimə sanksiyası tətbiq edilə bilərdi”. Ə.Hüseynli də Rusiya hökumətində və ədliyyə orqanlarında anti-Azərbaycan qüvvələrin olduğunu demişdi: "Onlar yəqin ki, iki ölkə arasında strateji münasibətlərin nə olduğunu bilmirlər...”

Beləliklə, ÜAK-la bağlı qərar bir daha göstərdi ki, Rusiyada anti-Azərbaycan qüvvələr hələ də iş başındadır  və onlarla mübarizə üçün prezident Putinin qətiyyətli addımı lazımdır.

"Demokratik.Az” 

Oxşar xəbərlər