Bakı-Moskva münasibətlərində kritik həftə
Şimaldan strateji tərəfdaşlığa təhlükə - mühüm gözlənti;
Sabah Rusiya Ali Məhkəməsi azərbaycanlıların ən böyük diaspor təşkilatının ləğvi
məsələsinə baxacaq; qərar nə olacaq: yola davam, yoxsa tamam?; Azərbaycandan
Moskvaya etirazlar getdi, nümayəndə heyəti də gedəcəkmi? Gözlər Rusiyada...
Sabah - aprelin 11-də Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin
iddiası əsasında Rusiya Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK)
qeydiyyatı məsələsinə baxacaq. Məhkəmənin çıxaracağı qərar sözsüz ki, həm də
siyasi mahiyyət daşıyacaq. Ona görə ki, ÜAK Rusiyadakı üç milyonluq azərbaycanlı
icmasının ən böyük diaspor təşkilatıdır və onun mövcudluğu iki ölkə əlaqələrinin
inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri olmaqla yanaşı, həm də
dostluğu simvolizə edən faktordur.
Bəzi ehtimallara görə, təşkilat ətrafında belə xoşagəlməz vəziyyətin
yaranmasının birinci səbəbi qurumun getdikcə Rusiya toplumunda təsir və təbliğat
rıçaqları qazanmağa başlaması ilə bağlıdır. Yəni güman edilir ki, bu da
Rusiyadakı müəyyən məkrli dairələrin narahatlığına səbəb olub. Söhbət sözsüz
ki, ən əvvəl Rusiyadakı erməni lobbisindən gedir.
Şübhə yox ki, məsələdə erməni barmağı da var. Unutmaq lazım deyil ki, Rusiyanın
bir neçə aparıcı KİV-i bilavasitə erməni millətindən olan şəxslərin nəzarəti
altındadır, bir çoxunda isə erməni mənşəli jurnalistlər sanballı postlar
tuturlar. Bundan başqa, ermənilər, o sırada çoxsaylı erməni "ekspertləri”
Rusiyanın bir çox dövlət, siyasi və ictimai qurumlarında (parlament və s.),
elmi dairələri və "beyin mərkəzləri”ndə soydaşlarımızdan fərqli olaraq geniş şəkildə
təmsil olunub, kök salıblar. Təbii ki, onlar Azərbaycana qarşı xain planlarında
dini (xristian) amilindən də məharətlə istifadə edir, iki ölkə arasına nifaq
salmağa, Rusiyadakı diasporumuzu zəiflətməyə çalışırlar. Yəni bu, daha çox
şişirdilmiş, süni problemə bənzəyir.
Nəhayət, ÜAK ətrafında problemin yaradılmasında Lapşin insidentinin də təsiri
vurğulanmaqdadır. Hesab edilir ki, həm də Rusiya vətəndaşı olan yəhudi
bloggerin Moskva rəsmilərini etirazlarına rəğmən, Belarusdan Azərbaycana
ekstradisiya edilməsi və ardınca Bakıda onun üzərində istintaq prosesinin
başlaması Rusiya rəhbərliyinin xoşuna gəlməyib və onun qüruruna toxunub. O üzdən
Moskvanın Bakıdan bu yolla qisas almaq istədiyi zənn edilir. Əlbəttə ki,
Rusiyadakı erməni lobbistləri Lapşin olayından da Kremlin Azərbaycanla bağlı
mövqeyinə təsir eləmək üçün istifadə ediblər. Söz düşmüşkən, iki gün öncə
Lapşinin həbs müddəti daha 3 ay uzadılıb.
Siyasi ekspertlər, ümumiyyətlə, son zamanlar Rusiyadan Azərbaycana qarşı müxtəlif
yollarla psixoloji təzyiqlərin göstərildiyinə diqqət çəkirlər. ÜAK-ın sənədlərində
guya problem olmasının ortaya atılması da belə təzyiqlərin bir forması sayılır
və iki ölkə arasında strateji tərəfdaşlığa əslən adekvat hesab edilmir. Bu və
digər səbəblər toplusuna görə əminlik var ki, Rusiya məhkəməsinin çıxaracağı qərar
iki qonşu ölkə münasibətlərində izsiz ötüşməyəcək, hətta bu münasibətlər
korlana bilər.
Bəs, Rusiya Ali Məhkəmənin qərarı necə olacaq, məhkəmə siyasi reallıqları
ciddiyə alacaqmı? Yeri gəlmişkən, Moskva rəsmiləri daima Azərbaycanla əlaqələrin
strateji tərəfdaş xarakteri daşıdığını vurğulamağı sevirlər. Onu da yaddan
çıxarmaq olmaz ki, Rusiya Dağlıq Qarabağ məsələsində üç vasitəçi dövlətdən
biridir. ÜAK-ın ləğvi isə Moskvanın ədalətli vasitəçi imicinə növbəti zərbəni
vura, Rusiyaya qarşı Azərbaycan ictimai rəyində onsuz da mövcud olan
etimadsızlığı daha da gücləndirə bilər.
O səbəbdən hər iki tərəfin, ələlxüsus da Rusiya tərəfinin maksimum diqqətli
olması gərəkir. Hər necə olmasa, münasibətləri korlamaq qat-qat asandır, nəinki
onları bərpa eləmək. Hələ də normallaşmayan Gürcüstan-Rusiya münasibətlərində
bunu əyani görmək olar. Ümid edək ki, vəziyyət pis ssenari üzrə inkişaf etməyəcək.
Çünki Azərbaycan bu gün Rusiyaya Ermənistandan heç də az gərək deyil.
Bu xüsusda iki ölkə münasibətlərini korlamaq gücündə olan bir neqativ sonucdan
qaçmaq, təxribat xarakterli bir cəhdi durdurmaq üçün Azərbaycandan Rusiyaya rəsmi
nümayəndə heyətinin göndərilməsi də yalnız işin xeyrinə olardı. Yəqin ki,
qapalı diplomatik kanallarla rəsmi Bakı gərəkəni edir. Azərbaycan parlamentinin
son iclasında məsələ ilə bağlı səslənən və yüzdə yüz rəsmi Bakının mövqeyini əks
etdirən ciddi narahatlıqlar, şimala ünvanlı çağırış və mesajlar, hətta xəfif xəbərdarlıqlar
da yəqin ki, ünvanına çatacaq və təsirsiz ötüşməyəcək.
*****
Bir daha xatırladaq ki, ÜAK mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə
təsis olunub və konfransda Rusiya prezidenti Vladimir Putin da iştirak edib.
Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın qurultaylarına təbrik məktubları
göndəriblər, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.
Ötən ilin dekabrında Moskvada ÜAK-ın IV Qurultayında təşkilatın rəhbər
orqanlarına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai
xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti
seçilib. Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də
seçilib.
Qurumun vitse-prezidentləri sırasında da kifayət qədər tanınmış şəxslər yer
alıb. Məsələn, Mixail Qusman, dünyada tanınmış iş adamları Qod Nisanov, İsgəndər
Xəlilov və dünya şöhrətli rəssam Tahir Salahovun adını çəkmək kifayətdir. Son
qurultayda isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın
Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi
də iştirak edib.
Demokratik.Az