İŞİD-in qisası - Avropa terror təhdidi altında

  • 23 avq 2017, 08:55

Elxan Şahinoğlu: "İŞİD-in fəaliyyət dairəsi getdikcə daralır və bunun qisasını Avropada tərəfdarlarının vasitəsilə həmin ölkələrdən almağa çalışır”

Barselonada baş verən terror hadisəsindən sonra Avropanın müxtəlif bölgələrindən bir-birinin ardınca terror xəbərləri yayılmaqdadır. Əksər Avropa ölkələri terror xəbərdarlıqlarına qarşı təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Terroristlərin əksəriyyətinin ərəb kökənli olması və müsəlman xalqların nümayəndəsi olması Avropa cəmiyyətinin düşüncəsində İslam dinini və müsəlmanları da töhmət altında qoyur. Bəs görəsən, bütün bunların fonunda Avropada yaşayan müsəmanları, xüsusən də miqrantları nə gözləyir?


Mövzu ilə bağlı "Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, son hadisələr Avropadakı təhlükəsizlik tədbirlərinin və qaydaların daha da sərtləşməsinə səbəb olacaq: "Son zamanlar Avropa Birliyi ölkələri viza məsələsində sərt qərarlar qəbul edirdi. Artıq miqrantları da çox asanlıqla qəbul etmirlər, yoxlamadan keçirirlər. Amma indi bu hadisələrdən sonra bu prosedurlar daha çox sərtləşəcək. Bu terror hadisələrini törədənlərin bir qismi miqrant deyil. Mənşəcə ərəb olsalar da həmin ölkələrin vətəndaşlarıdır. Vaxtilə valideynləri Fransaya, İspaniyaya, Almaniyaya köçüblər, onlar da orada doğulublar. Yəni Avropa Birliyi ölkələrinin pasportlarını gəzdirirlər. Onlara qarşı mübarizə aparmaq daha çətindir. Miqrantı ölkədən deport etmək olar, ancaq öz vətəndaşına qarşı bu cür üsullar keçməyəcək. Barselonada yaşanan terror aktını da götürsək, görərik ki, bu aktı planlaşdıranlar və həyata keçirənlər elə İspaniya vətəndaşları olublar, sadəcə, mənşəcə Afrika və ərəb ölkələrindən olan insanlardır. Ona görə də qaydaları nə qədər sərtləşdirsələr də həmin ölkənin pasportunu daşıyanlara qarşı sərt tədbirlər həyata keçirmək çox çətindir”.


Politoloq terror aksiyalarının sayının artmasını Suriya və İraqda baş verən hadisələrlə əlaqələndirdi: "Çünki İŞİD-in fəaliyyət dairəsi getdikcə daralır, İraq və Suriyada mövqeləri əldən verməkdədir. Bunun qisasını da Avropa ölkələrindəki tərəfdarlarının vasitəsilə həmin ölkələrdən almağa çalışır. 11 sentyabr hadisələrindən sonra Amerikada bu cür teraktlar törətmək çətindir, ancaq Avropada müəyyən qədər bunu edə bilirlər. İŞİD-in Avropada kifayət qədər tərəfdarı var. Ancaq bu o demək deyil ki, onların hamısı Suriya və İraqda savaş təcrübəsi keçib. Son Barselona nümunəsi də ondan xəbər verir ki, həmin terrorçuların Suriyada olması və ya İŞİD-in müxtəlif komandirləri ilə əlaqədə olması vacib deyil. Rabitəli şəkildə də terror aksiyalarını həyata keçirirlər.


Bu terror aksiyaları Şengen dövlətləri arasında da sərhədlərdə müəyyən qədər nəzarətin artırılmasına gətirib çıxara bilər. Şengen ölkələri də artıq sərhədlərdə yoxlama tədbirlərini artırmağı planlaşdırırlar. Artıq terrorçulara bomba da lazım deyil, onlar dinc sakinlərin üstünə maşın sürürlər, əllərində bıçaqla hücum edirlər. Terrorçular əllərində olan bütün vasitələrdən istifadə edirlər ki, buna qarşı tədbir görmək də daha çətindir".


Politoloq Qabil Hüseynli də vurğuladı ki, Avropada ekstremal bir vəziyyət yaranıb: "İŞİD-in təsiri altında olanlar Avropada çox əcaib, həm də müsəlmanlar üçün ciddi bir töhmət yaradan hərəkətlər edirlər. Onlar avtomobillərlə əhalinin gur olduğu yerlərə hücum edir, piyadaları əzirlər. Yaxud qatarda, sərnişin avtobusunda, kafedə olan insanlara bıçaqla hücum edirlər. Bu iki üsul geniş yayılıb. Rusiyada da bənzər hadisələr baş verib. Mosul alındıqdan sonra İŞİD belə bir bəyanat yaymışdı ki, bundan sonra terror hərəkətlərini Avropaya və Rusiyaya keçirəcəklər. Bir-birinin ardınca bu hadisələr təkrar olunanda məsələnin ciddiliyi anlaşıldı. İspaniya terroru, Rusiyada olan terror hərəkətləri, İtaliyada bənzər hadisələrin gözlənilməsi, bütünlüklə Avropa məkanını təhdid edən terror təhlükəsizlik məsələsində ciddi təlatüm yaradıb. Çünki bu terrorçuların 90 faizi Avropa vətəndaşlığı olan insanlardır. Bunlar arasında ərəb kökənli Fransa vətəndaşları daha çoxdur. Baş verənlər hər kəs tərəfindən, ilk növbədə isə müsəlman ölkələri tərəfindən ciddi surətdə qınanmalıdır və elə bir ictimai -siyasi görkəm yaradılmalıdır ki, baş verənlərin İslamla heç bir əlaqəsi yoxdur. Doğrudan da bunu İslamla əlaqələndirmək çox çətindir, amma hər halda, bu hərəkəti törədənlərin demək olar ki, hamısı müsəlmanlardır. Bu isə Avropa ölkələrində, xüsusən Rusiyada islamafobiyanın geniş yayılmasına təkan verir. Millətçilərin, sağ təmayüllülərin yayıldığı ölkələrdə belə əks reaksiyalar çox şiddətli formada olur”.


Mühacirlərə gəlincə, politoloq qeyd etdi ki, bu kateqoriyadan olan insanlara münasibət dəyişib: "Avropada mühacirlərə çox ehtiyatla yanaşırlar. Onlara yaşamaq, işləmək icazəsinin verilməsi demək olar ki, dayandırılıb. Avropa ölkələri sağ təmayüllülərin təsiri altında ərəb ölkələrindən və Əfqanıstandan miqrant qəbul etməməklə bağlı qərar qəbul ediblər və onu həyata keçirirlər. Çox ekstremal bir vəziyyət yaranıb və çox təəssüflər olsun ki, bu vəziyyəti müsəlmanlarla, İslam dini ilə ciddi şəkildə əlaqələndirirlər. İslam ölkələri bu hadisələrin baş verdiyi dövrdə siyasi ayıqlıq göstərməli, bu məsələdə İslamın rolunun olmaması barədə geniş təbliğat işi qurmalıdırlar”.


Nərgiz LİFTİYEVA

Oxşar xəbərlər