Azərbaycanda milli azlıq problemi varmı?

  • 08 fev 2017, 07:51

"Azərbaycanın mövcud Konstitusiyasına dəyişiklik edilərək, dövlət dili Azərbaycan dili yox, "Azərbaycan-Türk dili”, millətin adı isə "Azərbaycan türkü (və ya türk)” kimi göstərilməlidir” 

 


Azərbaycan Respublikasının ərazisində Azərbaycan türkləri ilə yanaşı bir sıra azsaylı xalqlar da yaşayır. Bu xalqların bir qismi Azərbaycan türkləri ilə qaynayıb-qarışıb və milli adət-ənənələr, məişət, yaşam tərzində elə bir ciddi fərq qalmayıb. Üstəlik qeyd etmək gərək ki, bu millətləri bir-birinə kifayət qədər yaxınlaşdıran həm də din eyniliyi olub.

Azərbaycan ərazisində yaşayan azsaylı xalqların nümayəndələri də Azərbaycan vətəndaşları olaraq, konstitusiya qarşısında eyni hüquqlara malikdir. Bəs o zaman nədən biz milli azlıqlar məsələsinə diqqət ayırırıq?

1988-ci ildən sonra keçmiş SSRİ-də baş verən hadisələr fonunda bir sıra xarici dövlətlər Azərbaycan ərazisində yaşayan milli-etnik qrupların bəzi nümayəndələrini separatçılığa cəlb etməklə ölkəmizdə qarşıdurma yaratmağa çalışıb. Bunun bariz nümunəsi kimi Dağlıq Qarabağda yaşayan ermənləri misal göstərmək olar. (Bu münaqişə barədə başqa bir yazımızda   mövqe ifadə etdiyimizə görə Dağlıq Qarabağ erməniləri barədə danışmayacağıq)

Öncə onu qeyd edək ki, hazırda Azərbaycanda milli azlıqlarla bağlı fikir birmənalı deyil. Bir qrup iddia edir ki, Azərbaycan dövlətinin ümumiyyətlə azsaylı xalqlarla bağlı heç bir problemi yoxdur, onlar da özlərini bu ölkənin tamhüquqlu vətəndaşı hesab edir, seçkili və təyinatlı dövlət orqanlarında iştirak edir, öz dillərində məktəb açır, KİV təsis edir, bir sözlə, konstitusiyanın verdiyi bütün imkanlardan hamı kimi bərabər qaydada yararlanırlar. 

Digərləri isə milli-etnik qrupların Azərbaycan dövləti tərəfindən sıxışdırıldığını iddia edir, milli haqların pozulmasından söhbət açır, milli-etnik zəmində qarşıdurmaların olacağını da proqnozlaşdırırlar. Bu düşüncənin sahibləri əsasən, başqa dövlətlərin dəstəyi ilə separatçılığa meyl edənlərdir. Hesab edirik ki, belə fərqli mövqelərin ortaya çıxmasının səbəbi bir tərəfdən milli-etnik qruplarla bağlı aydın və sistemli dövlət siyasətinin və digər tərəfdən xarici siyasət kursunda ardıcıl və məqsədyönlü xəttin olmamasıdır. Azərbaycanda bu problemlərə köklü və sistemli yanaşılmır, daha çox "malalama” siyasətinə üstünlük verilir:

- Bu istiqamətdə dövlət hansı siyasət yeritməlidir?
- Ümumiyyətlə azsaylı xalqların problemləri nədir?
- Xarici dövlətlər azsaylı xalqlardan necə istifadə edir?

Bu sualları cavablandırmazdan öncə xatırladaq ki, Dağlıq Qarabağ ermənilərinin Rusiya və Ermənistanın dəstəyi ilə separatçılığa başlaması və nəticədə erməni-rus qoşunlarının ərazimizin böyük bir hissəsini işğal etməsi bir sıra milli-etnik qrupların separatçılığa meylli və agentura şəbəkəsinə bağlı təbəqəsində fərqli əhval-ruhiyyə yaratdı. Təbii ki, burada Rusiya və İran xüsusi xidmət orqanlarının rolu az deyildi. 

1990-cı ilin əvvəllərində Dağlıq Qarabağla sərhəd olan bir sıra yaşayış məntəqələrimizdə "Qırmızı Kürdüstan” yaradılacağı barədə informasiyalar yayıldı. Bunun ardınca ölkədə bu planın reallaşmasına çalışan açıq və gizli qruplar fəaliyyətə başladı. Separatçılar Qırmızı Kürdüstanın  "sərhədlərini” çox geniş cızmışdılar. Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər rayonları, o cümlədən, tarixi Azərbaycan torpağı olan Zəngəzur da bu "qondarma dövlət”in tərkibinə aid edilmişdi. "Qırmızı Kürdüstan” tərəfdarları dünyanın müxtəlif  bölgələrindən gələrək, əvvəlcə Moskvada, sonra isə İrəvanda öz qurultayını çağırdı. Təbii ki, siyasi prosesləri izləyən hər bir kəs bu planı Rusiya və Ermənistanın ortaya atdığının fərqində idi.

Dağlıq Qarabağda işğalçılıq niyyətini gerçəkləşdirmək istəyən bu dövlətlər Azərbaycan üçün əlavə problem yaratmağa çalışırdı. Amma etiraf etməliyik ki, bizim də bu yöndə səhvlərimiz kifayət qədərdir. 

"Biz hər kəsin öz adıyla çağırılmasının tərəfdarıyıq...”


Əvvəla, adı çəkilən rayonlarımızda kürdlər yaşayan məntəqələrin sayı heç 20-yə yaxın deyil. Bu ərazidə üst-üstə 7-8 min kürd yaşamır. Amma nədənsə, biz bu ərazidə yaşayanların hamısına "kürd” demişik. Sovet dönəmindəki səhvlərimizi sonrakı illərdə də davam etdirmişik. Azərbaycanın bu bölgəsinin əhalisinin ümumi sayı 250 min nəfərə yaxındır. Bu əhalinin milli tərkibində kürdlərin ümumi çəkisi 3-3.5 faiz təşkil edir. Biz bu həqiqəti heç Azərbaycan vətəndaşlarının özünə çatdıra bilməmişik.

Bədxahlarımızın qərəzli təbliğatı nəticəsində bu gün də həmin ərazilərdən olan soydaşlarımızın az qala hamısına kürd millətinin nümayəndələri kimi baxırlar. Yeri gəlmişkən, onu da qeyd edək ki, kürd, talış, ləzgi, avar olmaqla, türk olmağın arasında heç bir fərq yoxdur. Sadəcə kürdə "türk” deyəndə hansı münasibəti bildirirsə, türklər də bu məsələyə eyni cür yaraşır. Biz hər kəsin öz adıyla çağrılmasının tərəfdarıyıq. 

Azərbaycanın cənub bölgəsində talışlar kompakt yaşasa da, bu o demək deyil ki, bölgə bütövlükdə talışların məskunlaşdığı ərazidir. Separatçılar isə bundan məharətlə istifadə edərək, Salyandan başlamış Astaraya kimi bir xəritə çizməyə çalışır. Bu yanlış təsəvvürdür. 

1990-cı illərdə bu regionda da milli-etnik zəmində qarşıdurmaya cəhd edilmiş, Azərbaycandakı ictimai-siyasi vəziyyətin gərginliyindən istifadə edən bir qrup xarici dövlətlərin təhriki və dəstəyi ilə o bölgədə yaşayanların iradəsinə zidd olaraq, cənub bölgəsində Talış-Muğan Respublikasının yaradıldığını elan etmişdi. 

Rusiyanın ortaya atdığı bu qrup Azərbaycanı federativ dövlətə çevirmək niyyətində idi. Düzdür, proseslərin qarşısı çox qısa müddətdə alındı ancaq onun izləri bu gün də qalmaqdadır. 

Rusiya paytaxtında xüsusi xidmət orqanlarına bağlı təşkilatlar milli etnik hisslərdən istifadə edərək hələ də bu iddialarla çıxış edirlər. Azərbaycan höküməti isə heç nə olmamış kimi susur. Kim təminat verir ki, respublika növbəti ictima-siyasi gərginlik yaşadığı anda belə sərsəm iddialar yenidən səslənməyəcək?! 

Azərbaycanın şimal bölgəsində ləzgilər kompakt yaşayır. Bu kompat yaşama amili isə Azərbaycan vətəndaşlarında şimalla bağlı yanlış fikir formalaşdırıb. Vətəndaşlarımızın böyük bir qisminə aşılanıb ki, Siyəzən, Dəvəçi, Quba, Xaçmaz, Qusar yalnız etnikləri yaşadığı ərazidir. Halbuki həmin ərazidə əhalinin əksəriyyətini Azərbaycan türkləri təşkil edir.

Bu regionda da Rusiyanın himayəçiliyi ilə milli-etnik qarşıdurmanın izləri var. "Sadval” təşkilatı mütəmadi olaraq, separatçılıqla bağlı bəyanatlar verir, Azərbaycan ərazisində yeni milli münaqişə ocağının yaradılacağı hədəsi ilə çıxış edir. Hələ 1990-cı ildə bu təşkilat Dağlıq Qarabağ ərazisində aktv hücum əməliyyatlarına başlayan ermənilərlə separat danışıqlara getmiş, Azərbaycanda milli-etnik zəmində ikinci cəbhənin açılacağı ilə bağlı planlar cızmağa başlamışdır. "Sadval”çılar Azərbaycanda kütləvi qırğınla nəticələnən bir sıra terror hadisələrində də ermənilərlə birgə iştirak edib. Separatçılar adətən Azərbaycanda ictimai-siyasi vəziyyət yeni mərhələyə qədəm qoyanda aktivləşir. 

Torpaqlarımızın 20%-nin işğal olunması, o cümlədən Rusiya və İranın bölgə ilə bağlı planları bizə hərbi münaqişənin və gərginliyin aktiv dövrə keçəcəyini proqnozlaşdırmağa əsas verir. Bəs kim təminat verir ki, belə bir şəraitdə şimal bölgəsində yeni münaqişələrin əsası qoyulmayacaq?


Torpaqlarımızın 20%-inin işğal olunması, o cümlədən Rusiya və İranın bölgə ilə bağlı planları bizə hərbi münaqişənin və gərginliyin aktiv dövrə keçəcəyini proqnozlaşdırmağa əsas verir. Bəs kim təminat verir ki, belə bir şəraitdə şimal bölgəsində yeni münaqişələrin əsası qoyulmayacaq?

Təəssüf ki, Azərbaycan dövləti problemlərə strateji deyil, taktiki nöqteyi-nəzərdən yanaşır. Amma yaddan çıxarmaq olmaz ki, milli-etnik separatçılıq hərəkətlərinin qızışdırılmasında ayrı-ayrı dövlətlər xüsusi canfəşanlıq göstərir. 

Azərbaycanın şimal-qərbindəki vəziyyət daha da mürəkkədir. Burada Azərbaycan türkləri ilə yanaşı avarlar, inqiloylar, saxurlar və digər azsaylı xalqlar məskunlaşır. Dağıstanla keçilməz dağ silsilələriylə sərhəd olan bu əraziyə zaman-zaman Rusiyadan qeyri-qanuni silahlı birləşmələr daxil olub. Xüsusilə 1992-1996-cı illərdə bu ərazidə Rusiyanın mövqeyini ifadə edən, həmçinin separatçılığa meylli olan qüvvələr aktiv fəaliyyət göstərirdi. Bu əraziylə bağlı ara-sıra Gürcüstan tərəfindən də iddialar eşidilməkdədir. Azərbaycan hökümətinin bu bölgəylə bağlı siyasəti isə digər azsaylı xalqların yaşadığı problemlərə yanaşmadan heç nə ilə fərqlənmir. Başlıca xətt kimi azsaylıların seçkili və dövlət orqanlarında təmsilçiliyi əsas götürülür. Bu isə problemin həlli demək deyil. 

Bəzən separatçılıq əməllərinin başında elə iqtidarın azsaylı xalqın nümayəndəsi kimi vəzifəyə gətirdiyi şəxs dayanır. 

Azərbaycan ərazisində yaşayan ruslar əsasən ölkənin paytaxtında məskunlaşıb. Bundan əlavə bir sıra rayonlarda rusların yaşadığı kəndlər var. Bakıda rusdilli əhali öz problemlərini bütün sferalarda həll edə bilir. Onlar konkret ərazidə kompakt məskunlaşmadıqları üçün etnik-milli separatçılıq əməllərinə cəlb olunmurlar. 

Azərbaycan ərazisində bu yazıda adlarını çəkdiyimiz digər azsaylı xalqların nümayəndələrinə də rast gəlinir. Amma onların sayı o qədər azdır ki, nəzərə çarpmırlar və onlardan öz çirkin məqsədləri üçün istifadə etmək istəyənlərin də uğur əldə edəcəklərinə də inamı çox aşağı səviyyədədir. Ara-sıra beynəlxalq təşkilatlar bu milli-etnik qrupların hüquqlarının pozulması haqqında bəyanat səsləndirsə də, bütövlükdə münaqişə ocağı üçün ciddi narahatlıq doğuran səbəblər yoxdur. Amma bu da faktdır ki, Azərbaycanda milli-etnik zəmində problemlər yaratmağa cəhd edən agentura şəbəkəsi və qonşu dövlətlərin xüsusi xidmət orqanları var. Bunu nə qədər gizlətmək istəsək də, həqiqəti dana bilmərik. Ancaq onu da nəzərə almaq gərəkdir ki, Azərbaycanda milliyətindən, dinindən, dilindən, irqindən asılı olmayaraq, ayrı-ayrı vətəndaşların haqları məmurlar tərəfindən tapdanır, lakin bu hüquq pozmaları heç bir halda hər hansı bir milli mənsubyyətə dörə deyil, idarəetmənin mahiyyətindən irəli gəlir.

Azərbaycan vətəndaşı olaraq, Gədəbəy və Lerikdə yaşaya bütün əhalinin problemləri eynidir. Bu problemlərin həll olunmaması bu ərazidə türklərin, digərində isə talışların yaşaması ilə bağlı deyil. 

Bəs dövlət bu yöndəki problemləri aradan qaldırmaq üçün nə etməlidir?

Problemin kökündə dayanan əsas amillərdən biri əhalini sayı ilə bağlıdır. Milli-etnik xalqların separatçı nümayəndələri öz millətlərinin sayı barədə ağlagəlməz rəqəmlər söyləyir. Bunun başlıca səbəbi əhalinin milli tərkibinin müəyyən olunmaması ilə bağlıdır. Azərbaycanın mövcud Konstitusiyası hər kəsə öz milliyətini ifadə etmək hüququ verir. Çox təəssüf ki, yalnız Azərbaycan türklərinin hüquqları Anayasada tətbiq edilməyib. Azərbaycan türklərinin "azərbaycanlı” adlandırılması bu yöndə bir sıra problemlər yaradır. Sovet dönəmində talış, ləzgi, türk, avar, bir sözlə hamı azərbaycanlı kimi göstərilirdi. Bu gün separatçılar və bəzi milli-etnik qrupların nümayəndələri iddia edirlər ki, müxtəlif bölgələrdə yaşayan azsaylılar sənədlərdə "azərbaycanlı” kimi göstərilib. Guya bu gün də bu proses davam edir. 

Bu faktla da onlar öz sayları barədə şişirdilmiş rəqəmlər təqdim edirlər. Bunun qarşısını almaq və həqiqəti üzə çıxarmaq üçün hər bir millətə adını sərbəst göstərməyə şərait yaradılmalıdır. O cümlədən, Azərbaycanın mövcud Konstitusiyasına dəyişiklik edilərək, dövlət dili Azərbaycan dili yox, "Azərbaycan-Türk dili”, millətin adı isə "Azərbaycan türkü (və ya türk)” kimi göstərilməlidir. Əhali siyahiya alınmalı, hər kəsin milli mənsubiyyəti haqqında ictimaiyyət məlumatlandırılmalıdır. O zaman heç kəs iddia edə bilməyəcək ki, Cəbrayıl, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər əhalisinin əksəriyyətini kürdlər, Quba, Şabran, Xaçmaz, Qusar rayonlarının əhalisinin böyük çoxluğunu ləzgilər, qrızlar, tatlar, Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Yardımlının isə əksəriyyətini talışlar təşkil edir. Yalnız bundan sonra Azərbaycanın əhalisinin milli tərkibi barədə obyektiv informasiya əldə etmək olar. 

 "Azərbaycanın mövcud Konstitusiyası hər kəsə öz milliyyətini ifadə etmək hüququ verir...”


Bəzi dairələr isə iddia edir ki, biz özümüzə türk dedikcə, milli-etnik qruplar bizdən uzaqlaşacaq, separatçılıq əməlləri genişlənəcək, psixoloji gərginlik artacaq. Bu fikir kökündən yanlışdır. Əgər biz türklər özümüzdən qat-qat az olan talışın, ləzginin, avarın, kürdün öz adı ilə çağırılmasına çox normal münasibət bəsləyiriksə, milli azlıqlar niyə narazı qalmalıdır? Bizim haqqımızın tanınması, elə milli azlıqların da öz adı ilə çağrılmasına şərait yaradır. Biz hər kəsin öz millətinin adını qürurla çəkməsini istəyirik. Elə təsəvvür yaranmasın ki, erməni-türk qarşıdurmasının əsasında məhz bu amil dayanır. Bu konfliktin kökü çox uzaqlara gedib çıxır. Səbəbləri isə tamam başqadır. Lakin talışlarla, ləzgilərlə, avarlarla, kürdlərlə Azərbaycan türkləri arasında tarixi konflikt yaşanmayıb. Yuxarıda qeyd etdiyimiz kimi din, məişət, adət-ənənə yaxınllığı bu xalqları çox yaxınlaşdırıb. Bizi ayıran cəhətlər demək olar ki, yoxdur. Yalnız dil faktoru xalqlar arasında düşmənçiliyə səbəb ola bilməz. Məhz bu yaxınlıqlar, daxili, xarici amillərin olmasına baxmayaraq, xalqları qarşıdurmaya gətirib çıxarmayıb. Bununla belə bir daha xatırladırıq ki, bu yöndə problemin olduğunu iddia edənlər var. Hesab edirik ki, bu yöndəki problemləri aradan qaldırmaq üçün milli-etnik qrupları tam hüquqlu vətəndaşına çevirmək, bütöv vətən amilini şəriksiz prinsip kimi qəbul etdirmək üçün ölkə demokratikləşməlidir. Ölkənin demokratikliyi bu ərazidə yaşayan hər kəsi Azərbaycan amalı  ətrafında daha sıx birləşdirəcək. Demokratikləşmə, cəmiyyətdə sosial, siyasi, ictimai, mənəvi ədalətin bərqərar olunması kiminsə separatçı meylə düşməsini maksimum dərəcədə məhdudlaşdırır. Belə olsa, ayrı –ayrı dövlətlərin xüsusi xidmət orqanları ilə bağlı olanlar xalq içərisində heç bir dəstək qazana bilməz. Ona görə də Azərbaycanı gələcək qarşıdurmalardan çəkindirməyin tək yolu demokratik təsisatların bərqərar olmasından keçir. Cəmiyyət demokratikləşdikcə Azərbaycan vətən kimi bütövləşəcək. Təbii ki, demokratiya azsaylı xalqlara öz dilini, mədəniyyətlərini inkişaf etdirməyə geniş imkanlar verəcək. Yeri gəlmişkən, bu gün də azsaylı xalqların dil, təhsil və mədəni haqları ilə bağlı heç bir problem yoxdur. Biz hər hansı azsaylı xalqın öz dilində təhsil almasının əleyhinə deyilik. Lakin bu təhsil proqramı Azərbaycanın müvafiq icra strukturları tərəfindən təsdiq olunmalıdır. Milli dillə yanaşı, dövlət dili olan Azərbaycan türk dili, Azərbaycan ədəbiyyatı və tarixi vahid proqram şəklində tədris olunmalıdır. Lakin bu KİV-lərdə separtatçılığa çağırış, öz mili dəyərlərini digərlərinə qarşı qoymaq və ondan üstün tutmaq elementləri, dövlətin ümumi mənafeyinə xələl gətirə bilən kurs işıq üzü görməməlidir. Çox zaman azsaylı xalqlara məxsus KİV-lərdə başqa ölkələrdə olan separatçılıq dəstəklənir və ya terrora haqq qazandırılır. PKK lideri olan Abdullah Öcalan Azərbaycanda kürd dilində nəşr olunan qəzetdə az qala qəhrəman kimi təqdim olunur. Abdullah Öcalan 30 min insanın qətlində iştirak edən bir terrorçu olaraq dəstəklənə bilməz. Həmçinin onu da nəzərə almaq lazımdır ki, 30 min insan türk soyuna – Azərbaycan dövlətinə sahiblik hüququna məxsus böyük bir kəsimlə eyni soya aiddir. Bu tipli məlumatlar təbii ki, qarşıdurma meylləri yaradır. Belə hadisələrin qarşısını almaq üçün ilk növbədə dövlət sistemli bir strategiya sərgiləməlidir. PKK-ya dövlət münasibəti açıq ifadə olunsa yəqin ki, açıq şəkildə Abdullah Öcalanı dəstəkləyənlər, qanunun onlara qarşı tutacağı mövqeyi düzgün qiymətləndirər və belə sərsəm bəyanatlar verməyə cəsarət  etməzlər. Və yaxud bu gün hüquq müdafiəçiləri arasında Talış-Muğan Respublikasını yaratmağa cəhd edən Əlikram Hümbətovu da müdafiə edənlər olmaz. Bir qrup hüquq müdafiəçilərini milli mövqeyə xəyanətdə ittiham edir, onların müdafiəsi düşmən dəyirmanına su tökmək kimi qiymətləndirilir. Bu cür müxtəlif yanaşmaların, qiymətləndirmələrin yalnız bir səbəbi var:

Azərbaycanda ədalətli məhkəmə, demokratik sistem mövcud deyil. Ona görə də kimin haqlı, kimin haqsız olduğu bilinmir. 

Azərbaycanda ədalətli məhkəmə sistemi fəaliyyət göstərsə, siyasi məhbus məsələsi həll olunsa, insanlar baxışlarına görə deyil, cinayətlərinə görə ittiham olunsa, bu kimi probelemlər dərhal aradan qalxar. Məhkəmə sistemi o qədər sifarişlə qərarlar qəbul edir ki, hətta onun  haqlı hökmü də şübhə doğurur. Ona görə də cəmiyyət demokratikləşməli, hakimiyyət bölgüsü dəqiq həyata keçirilməli, azad cəmiyyət qurulmalıdır. Məhkəmənin azad olduğu və qərəzsiz hökm çıxardığı ölkədə kimsə separatçılığı dəstəkləməz. Dövlət Milli Təhlükəsizlik Doktrinası qəbul etməli, bu sənəddə dövlətin müdafiəsi üçün bütün incəliklər nəzərə alınmalıdır. Bu gün Azərbaycanda milli etnik münaqişələr yoxdur, lakin cəmiyyətin qeyri-demokratikliyi, azad, demokratik seçkilərin keçirilməməsi, insan haqlarının pozulması, sosial ədalət prinsipinin gözlənilməməsi, yeni milli-etnik münaqişələrə rəvac vermək istəyənlərə, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanlarının əlinə münbit imkanlar vermiş olur. Bir daha təkrarlayırıq ki, ayrı-ayrı dövlətlərin xüsusi xidmət orqanları bu məsələdə çox maraqlıdır. Bütün bunları nəzərə alaraq, demokratik cəmiyyət quruculuğunda köklü və əsaslı addımlar atılmalı – dilindən, dinindən, irqindən asılı olmayaraq, vətənə sədaqət kimi Anayasa maddəsinə əməl etməyi hamıdan tələb etməliyik. Qeyri-demokratik, ədalət prinsipinin olmadığı cəmiyyətdə cinayətkar belə haqlı görünür. Bütün bunlara hamının haqqını tanımaqla və hamıdan Azərbaycan dövlətinin vahidlik prinsipinə əməl etməyi tələb etməklə son qoymaq olar. 

İqbal Ağazadə, 
Ümid Partiyasının sədri,
Bayıl türməsi, 20 fevral-3 mart, 2004-cü il
Oxşar xəbərlər