Azərbaycana qarşı növbəti separatizm ittifaqı

  • 29 mart 2016, 09:24
Azərbaycanda 2016-cı il multikulturalizm ili elan edilib. Burada yaşayan ən müxtəlif xalqlar, hətta fərqli dini baxışa, inanca malik olan xalqlara münasibətdə heç bir fərq qoyulmasa da, bəzi xarici qüvvələr yenə də Azərbaycanda separatizm toxumu səpərək, aranı qarışdırmağa çalışırlar. Bir müddətdir internet mediasında və sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri də "Talışıstan" adlı televiziyanın fəaliyyəti ilə bağlıdır. Ermənistandan yayımlandığı bildirilən bu televiziyada Azərbaycan əleyhinə materiallar yayımlanır, azsaylı xalqları qızışdırmağa yönələn fikirlər səsləndirilir. Regiondakı mürəkkəb geopolitik vəziyyətin fonunda separatizm toxumlarının səpilməsi cəhdinin məqsədli şəkildə həyata keçirildiyi hesab edilir. Bu məqsədlər nədən ibarətdir?


 

""Talışıstan" televiziyası ermənilərin və rusların dəstəyi ilə yaradılıb"

Sabiq MTN zabiti, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bizimyol.info saytına şərhində bildirib ki, Azərbaycanda separatizm yeni məsələ deyil. "Mən hələ Dağlıq Qarabağdakı separatizmdən danışmıram. Bu, artıq tarixdir. Digər bölgələrdə də separatizm həmişə gündəmdə olub, sadəcə bəzən yüksələn, bəzən isə enən xətlə müşahidə olunub. Məsələn, 90-cı illərin ortalarında "Sadval" təşkilatı, talış separatçıları ölkədən kənarda fəaliyyətə başlamışdılar. Sonradan Rusiya və İranla  aparılan danışıqlar nəticəsində bu təşkilatlar zəiflədilər. Amma biryolluq sıradan çıxmadılar. 2010-cu ildə isə inkişaf etməyə başladılar. Xüsusilə də Rusiya və İranın təzyiq vasitəsi kimi  istifadə etdiyi talış separatçılığına start verilib. Konkret olaraq, Rusiyada yaşayan, bəziləri Rusiya, bəziləri isə Azərbaycan vətəndaşları olan talışları cəlb etməyə başladılar. 2011-ci ildən başlayaraq, "talış.info", "anti-turan" adlı saytlar açdılar. Dəstəkçilərinin bir hissəsi də təbii ki, ermənilərdir. Rusiya xüsusi xidmət orqanları da onlara kifayət qədər şərait yaratdılar. Bundan başqa, Əlikram Hümbətov İrəvana gedib-gəlməyə başladı. İranın Rəşt şəhərindən hər gün bir saat Azərbaycan əleyhinə, Azərbaycanda talış separatizmini  inkişaf etdirmək üçün radio yayıma start verildi. İki il əvvəldən başlayaraq İrəvandan talış dilində radio verilişləri açıldı, şərqşünaslıq fakültəsində talış dili bölməsi yaratdılar. Əsasən də talışların kompakt yaşadığı cənub bölgəsində talış dövləti yaratmaq ideyalarını səsləndirməyə başladılar.  2015-ci ildən isə "Talışıstan" adlı televiziya deyilənə görə, İrəvandan yayımlanır. Rəhbəri Zabil Məhərrəmov adlı şəxs olan televiziya Rusiyanın və Ermənistanın xüsusi dəstəyi ilə həm talış, həm rus, həm də Azərbaycan dilində yayımlanır. Onların təbliğat materialları isə tamamilə qərəzli formada, Azərbaycan dövlətinin əleyhinədir. Hətta bu dövləti "süni bir qurum" adlandırırlar. Aydın məsələdir ki, yerlərdə də onların dəstəkçiləri oldu. Vaxtilə Talış Mədəniyyət Mərkəzi adı altında birləşənlərin sosial şəbəkələrdə yaydığı materiallara baxsaq görərik ki, bu təşkilat hansısa mədəniyyətlə bağlı deyil, əsasən Azərbaycan dövlətinin əleyhinə fikirlər yer alır. Azərbaycan qanunları imkan verir ki, hər bir xalq öz dilini, mədəniyyətini inkişaf etdirsin. Burada maneçilik yatarmaq lazım deyil və süni yaradanlar da düz etmirlər. Təəssüf ki, bu istiqamətdə dövlət proqramları işlək şəkildə deyil" - deyə İ.İsmayıl vurğuladı.

İlham İsmayıl:  "Talış separatizmi"ndən istifadə etmək Rusiyanın Azərbaycana təzyiq vasitəsidir
Ekspertin sözlərinə görə, xaricdən körüklənən separatizm təbliği Azərbaycanın daxilinə də keçib. "Bu sosial şəbəkələrdəki paylaşmalarda da açıq hiss olunur. Kim öz dilində nə istəsə yaza bilər. Amma o fikirlər Azərbaycan dövlətinin əleyhinə yönəlibsə, bu artıq separatizmdir. Son vaxtlar ən çox üzdə olan da talış separatizmidir. "Xüsusilə, indiyədək heç vaxt "talışıstan" sözü eşitməmişdik. Yəni "talış bölgəsi", "cənub bölgəsi" deyirdilər. Talış xalqı ilə illərdir bir yerdə yaşayırıq və əminəm ki, Azərbaycanda yaşayan talışların 90 faizinin bu işlərdən xəbəri yoxdur. Ancaq separatçılığln təbliğatının qarşısı alınmazsa, çox pis nəticələr verə bilər. Hüquqi, diplomatik və xüsusi xidmət orqanlarının əli ilə profilaktik tədbirlər görülməsə, bu meyl artan xətt üzrə davam edəcək. Bu da təbii ki, Azərbaycana yaxşı heç nə vəd etmir".

İlham İsmayıl bildirir ki, dünyada və regionda baş verən gərgin siyasi situasiya fonunda belə meyllərin artması Rusiyanın təzyiqi ilə bağlıdır. "Bu, daha çox kənardakı qüvvələrin təsiri ilə bağlıdır. Separatçılar daha çox orada aktivdirlər. Tutaq ki, martın 18-də Krımın birləşdirilməsinin iki illiyi ilə bağlı keçirilən marşda bir qrup şəxs tanınmayan bir bayraq qaldırır və adını da "Talışıstan" qoyurlar. Hətta diasporanın sədri olan İsmayıl Şabanov da başının dəstəsi ilə marşda iştirak etməklə yanaşı  "Krım-Rusiya-Talışıstan" şüarları səsləndirirlər. Bütün bunların hamısı Rusiyanın bizə təzyiq üçün yaratdığı məsələdir. Təzyiqlərin arxasında duran Azərbaycanın Türkiyə ilə, Qərblə yaxınlaşmasının qarşısını almaq, daim öz nəzarətində saxlamaq istəyi Rusiya xəttidir. Burada görünməyən bir tərəf də var ki, o da İran xəttidir. İran daha çox dini nöqteyi nəzərdən Cənub bölgəsində separatçılığı gücləndirir. Bu gizli və təhlükəli forma isə birdən-birə ortaya çıxa bilər. Ona görə də dövlət ayıq-sayıq olmalıdır. İndiki dönəmdə separatizm fikirlərinin yayılması xarici dövlətlərin, konkret olaraq Rusiyanın təzyiqidir" - deyə ekspert bildirir. 

Fazil Mustafa: "Ermənistandan Azərbaycana qarşı anti-təbliğat aparmaqdan böyük nə şərəfsizlik ola bilər?"

Deputat Fazil Mustafa da hesab edir ki, sosial şəbəkədə separatçı fikirlərin yayılması təsadüfi deyil. O, Bizimyol.info saytına açıqlamasında deyib ki, bu, əslində, başlı-başınalıq olduğuna görədir. Sərbəst meydandır və hər kəs istədiyini edə bilir. Hərdən hətta təəccüblənirəm, sosial şəbəkədə elə adlar var ki, Azərbaycanda yaşayır, məktəbdə müəllimdir, ancaq separatçılıq edən şəxslərin əməlli-başlı müdafiəsi üçün təbliğat aparırlar. Hüquq-mühafizə orqanları bunu ciddi diqqətə almalıdır, əks halda çox ciddi problemlər yarana bilər. Təbii ki, ermənilərlə birlikdə işləyən müəyyən qruplar Azərbaycana qarşı təxribat fəaliyyətini davam etdirir.  Bunlar təkcə Azərbaycanın yox, bütövlükdə talış xalqının düşmənidirlər. Çünki Azərbaycanın vətəndaşı olan, bizimlə çiyin-çiyinə dayanan insanlara xəyanət edərək, bizim düşmənimiz olan Ermənistandan Azərbaycana qarşı anti-təbliğat aparmaqdan böyük nə şərəfsizlik ola bilər? Öz torpağına, vətəninə qarşı belə namərdlik etmək olarmı?  Ona görə də hüquq mühafizə orqanları tək onları deyil, onların verilişlərini sosial şəbəkələrdə yayanları da ciddi nəzarətə götürməlidir.  Həmin şəxslər əl-qolunu sallayaraq sərbəst şəkildə bu fəaliyyəti göstərirlər. Həmçinin sosial şəbəkələrdə terror təşkilatı olan PKK-nın da təbliğatı gedir. Onlara qarşı da tədbirlər görülməlidir. Eləsi var ki, guya Milli Ordunun zabitidir, amma Andronikə haqq qazandırır ki, "yaxşı edib bu milləti qırıbdır".  Hətta rahatlıqla təhqirə yol verir. Buna da hamı göz yumur. Yaxud da Azərbaycan Təhsil Nazirliyinin tabeliyində olan məktəbdə dərs deyən bir kənd müəllimi istədiyi şəkildə separatçılığın təbliğatını aparır.  Ölkənin bütövlüyü ilə bağlı hər hansı fikir söyləyəndə isə bizə qarşı çox təhqiramiz mövqe sərgiləyirlər. Rabil Abdinov adlı bir Azərbaycana, türklərə nifrət edən bir profil sahibi var. Özünü talış xalqının hüquqlarının müdafiəçisi kimi göstərir, ancaq imkanı olsa, Əlikram Hümbətovun qoltuğu altında İrəvana gedib Azərbaycanın düşmənləri ilə birlikdə dövlətimizə qarşı hər addımı atar. Bunu statuslarından açıq-aşkar sezə bilirsən. Mənim işlətdiyim "bu torpağın sahibi Azərbaycan türkləri" ifadəsi adamın xoşuna gəlməyib. Halbuki, biz bunu öz millətimiz adına işlətmişik və mən sevinirəm ki, bir talış qardaşımız da, bir ləzgi qardaşımız da, bir kürd qardaşımız da özünü bu torpağın sahibi kimi təqdim etsin və biz türklərlə birlikdə bu ölkənin vətəndaşı olmaqdan qürur duysun! Biz bu məmləkətə canıyla, ruhuyla bağlı olan hər bir vətəndaşımızı millətindən, irqindən, dinindən asılı olmayaraq sevirik və sayğı duyuruq. Niyə biz 2014-cü ildə keçirilən tədbirlə bağlı PKK mövzusunu bir daha gündəmə gətiririk? Son vaxtlar Türkiyədə keçirilən seçkilərdə Bakıda PKK-nın siyasi qanadı olan HDP-nin ikinci partiya olaraq səs qazanması, Qaraçuxur məscidini partlatmağa cəhd edən PKK simpatizanının müəmmalı şəkildə həbsdən azad edilməsi, bir PKK-lı qadının sosial şəbəkədə açıq şəkildə özünü Bakıda partlatmaq istədiyini yazması bu mövzuda daha həssas davranmalı olmamızı bizə diqtə edir. Qeyd edim ki, Türkiyə nümayəndə heyətinin tərkibindəki HDP-çilər eynilə Rabil Abdinovun ideya rəhbəri Əlikram Hümbətov kimi Avropa Şurası Parlament Assambleyasında ermənilərin bütün anti-Azərbaycan, anti-Türkiyə və anti-İslam müraciət və qətnamə layihələrinin altına ilk imzanı atırlar. İndi bu erməniləri dəstəkləyən siyasi partiya Azərbaycanda ikinci ən çox səs alan partiya kimi bir gücə sahibdirsə, düşündürücü deyilmi? Ona görə də bizim qaldırdığımız məsələlər qətiyyən hansısa xalqa qarşı yönləndirilməməlidir, birbaşa terrorizmə və separatçılığa qarşı prinsipial mövqe kimi anlaşılmalıdır" - deyə Fazil Mustafa qeyd edir.

Rəşad VAQİFOĞLU
Oxşar xəbərlər